Home QHT Qalib Ordunun yaranma günü

Qalib Ordunun yaranma günü

362
0

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycanda Xalq Cümhuriyyətinin dövründə əsası qoyulmuş Azərbaycan Ordusunun yaranmasından 104 il keçir. 1918-ci ildə Ordumuzun başlıca vəzifəsi ölkəmizin ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı erməni işğalçılarından təmizləmək idi.  1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi, Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı.

Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi.  1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.  Elə həmin il bolişeviklər Azərbaycanı işğal edəndən sonra milli zabitlərimizi də repressiyaya məruz qoydu, fiziki cəhətdən onları aradan götürdü. Uzun illər Kreml Azərbaycanda ordu quruculuğuna önəm vermədi.

1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradıldı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına mane olan SSRİ rəhbərliyi türk ölkəsində belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma Azərbaycan rəhbərliyinin-Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu.

1991-ci ilin sonularında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculugunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi.

1993-cü ildən sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə sturuktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlanıldı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbacan hərbi münaqişəsində atəşkəs haqda müqailə imzalandı.

Bundan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi.  Hədəf yenə də eyni idi. Erməni işğalçılarını Azərbaycan torpaqlarından çıxarmaq, sərhədlərimizin təhlükəsizliyini təmin etmək. Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə zamanı işğalçılara elə bir zərbə vurdu ki, onların bir daha bizə qarşı ərazi iddialarının baş qaldıra biləcəkləri inandırıcı görünmür.

10 noyabr 2020-ci ildə Azərbaycan Ordusu yarandığı gündən bəri ilk dəfə olaraq parlaq qələbə qazandı. Son 104 il ərzində itirdiyimiz torpaqların vacib bir hissəsini işğaldan azad etdik və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik.

Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir. İndi Quru Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən ibarət döyüş qabiliyyətli Milli Ordumuz var. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Ordusunun dünya üzrə reytinqi xeyli yüksələrək ön sıralarda yer aldı. Eyni zamanda Vətən Müharibəsi Xalq-Ordu birliyinin necə olduğununu bütün dünyaya nümayiş etdirdi. Xalq öz övladlarını müharibəyə böyük həvəslə yola salır, ön cəbhəyə hər cür yardım göstərirdi. Ölkə rəhbərliyinin siyasi iradəsi, uzaqgörənliyi, peşəkar ordu quruculuğu və xalqın vahid yumruq kimi birləşməsi tarixi Zəfər gününü reallaşdırdı.  Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, ən müasir silahlarla təchiz edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə yeni salınan hərbi hissələr, formalaşdırılan komando birliklər, xüsusi təyinatlı dəstələr hər zaman baş qaldıra biləcək təhdidlərə, təhlükələrə qarşı tam hazır vəziyyətdədirlər.

Mətanət Səfərli
YAP Nəsimi Rayon təşkilatının Əməkdaşı

Previous articleRusiyadan ölkəmizə qanunsuz spirtli içkilər gətirmək istədilər
Next article“Jurnalist dürüst, obyektiv olmalıdır” – Xaliq Məmmədov ittihamlara cavab verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here