Home Mədəniyyət Əsərləri dünya şəhərlərini bəzəyən azərbaycanlı heykəltaraş

Əsərləri dünya şəhərlərini bəzəyən azərbaycanlı heykəltaraş

5531
0

Bu günlərdə Azərbaycan Respublikasının Xalq rəssamı, şöhrət ordenli, görkəmli tişə ustası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Natiq Əliyev Ümumdünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib.

Bir ölkə üçün milli-mütərəqqi, ümumbəşəri mənəvi dəyərləri qoruyub saxlayan, onları hifz edən başlıca amillərdən biri, bəlkə də birincisi onun mədəniyyəti və incəsənəti ilə bağlı inkişafıdır.

Natiq Əliyev ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan plastika sənətinin adını yüksək tutan sənətkarlardandır. Onun Sankt-Peterburqda Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidəsi (1985), 2004-cü ildə Kiyevdə, 2007-ci ildə Tiflisdə, 2010-cu ildə Həştərxanda, 2011-ci ildə Belqradda Ümummilli lider Heydər Əliyevin abidələri, Xocalı soyqırımına həsr olunmuş Sarayevo (2012), Mexiko (2012) və Ankarada (2013) monumentləri, Üzeyir Hacıbəylinin Serbiyanın Novisad şəhərində (2011) qoyulmuş heykəli və digər bir sıra tanınmış şəxslərin xatirəsinə həsr olunmuş monumentləri bu gün Azərbaycan müasir plastika sənətinin dünya miqyasında tanınmasına və sevilməsinə yol açan körpüdür. Ömrünü plastika sənətinə həsr edən istedadlı sənətkar yaratdığı əsərlərdə özünəməxsus dəst-xətti ilə daima seçilənlər sırasında bərqərar olub.

Natiq Əliyevin yaradıcılığının başlıca xüsusiyyəti ondan ibarətdir ki, onun yaradacağı heykəl harada qoyulacağından asılı olmayaraq – istər ucqar kənd və yaxud şəhər mərkəzi olsun, hər birinə sənətkarın münasibəti eynidir, heykəllərin hər biri yüksək sənət nümunəsidir. Bu mənada, sənətkarın Qazax şəhərində qoyulmuş Aşıq Ədalətin qəbirüstü abidəsində, Birinci Fəxri xiyabanda Xalq artisti Habil Əliyevin, Akademik Rəfiqə Əliyevanın, Xalq şairi Zəlimxan Yaqub, dramaturq İlyas Əfəndiyevin, Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsi və bir sıra digər görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş memorial abidələrdə bu eyni bərabərlikdə olan sevgi dolu münasibət açıq duyulmaqdadır. Monumental heykəltəraşlıqla yanaşı, Natiq Əliyevin yaradıcılığında memarlığın bir hissəsinə çevrilmiş memorial-xatirə lövhələri də geniş yer tutur. Bu səpkili əsərləri arasında Bakıda qoyulmuş Məmməd Səid Ordubadi, Lətif İmanov, Abdulla Şaiq, Xurşud-banu Natəvan, Cəlil Məmmədquluzadə, Şövkət Ələkbərova, İlyas Əfəndiyev və Mirvari Dilbazinin xatirələrinə həsr olunmuş memorial lövhələri estetik görünüşü və bədii konsepsiyası ilə yerləşdiyi memarlıq mühitinin görkəminə uyğun gəlməklə uzun müddətdir şəhər sakinlərinin və qonaqlarının gözünü oxşamaqdadır.

Monumentlərinin və dəzgah heykəltəraşlıq nümunələrinin hər biri yüksək emosionallıq ilə aşılanmış professional sənətkarın yaradıcılığı bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilməkdədir. Bu isə öz növbəsində, yaradıcı şəxs üçün böyük bir motivasiya və uğurdur. İncəsənət nümayəndələrini daima diqqətdə saxlayan ölkə başçımız İlham Əliyev görkəmli heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Xalq rəssamı Natiq Əliyevin Azərbaycan təsviri sənət sahəsində göstərdiyi xidmətlərə görə onun 2018-ci “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır.

Qazandığı növbəti uğur münasibəti ilə görkəmli heykəltəraşımıza yaradıcılığında hər zaman yüksək zirvələri fəth etməyi arzu edirik. Yaradan əllər var olsun!

Nərminə Rzayeva, ADRA-nın “İncəsənət tarixi” kafedrasının müəllimi, sənətşüna

Previous articleXızıda orta əsrlərə aid qala qalıqları tapıldı
Next articleTaleh Kazımov özünə yeni müşavir təyin etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here