Home Cəmiyyət Bakı və İrəvan ilkə imza atdı: yeni formatlar ola bilər

Bakı və İrəvan ilkə imza atdı: yeni formatlar ola bilər

54
0

Fikrimcə, xarici işlər nazirləri arasında müzakirələr əvvəl də olub, lakin siyasi konyektura əl vermədiyi üçün ictimaiyyətə açıqlanmayıb. 11 apreldə baş tutan telefon danışığı isə rəsmi şəkildə ictimaiyyətə açıqlanan ilk görüş olduğu üçün xüsusi əhəmiyyət daşıyır. Sözügedən görüşün bir neçə əsas məqamı mövcuddur.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 11 apreldə ilk dəfə baş tutan telefon danışığını Axar.az-a şərh edən QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

Alim telefon danışığının bir neçə məqam baxımından önəm daşıdığını bildirib:

“Birincisi, telefon danışığı 6 apreldə Brüsseldə gerçəkləşən görüşdən sonra baş tutub. Brüssel görüşü zamanı konkret nəticələr əldə edildi. Bunlar sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı komissiyanın qurulması, xarici işlər nazirlərinin sülh sazişi ilə bağlı fəaliyyətə başlaması və s. idi. Digər tərəfdən İlham Əliyev Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 təklifi qəbul etdiyini açıqladı. İkincisi, Brüsseldən sonra İlham Əliyev və Paşinyan Vladimir Putinlə mövcud vəziyyəti müzakirə etdi, eyni zamanda Lavrovla həmkarları arasında müzakirələr aparıldı. İndiki mərhələdə isə tərəflər arasında qarşılıqlı telefon danışıqlarının baş tutması və müzakirə olunan məsələlərin ictimaiyyətə açıqlanması sülhə doğru ilkin addım olma baxımından mühüm irəliləyişdir”.

Nazim Cəfərsoy nazirlərin telefon danışığının Qərblə Rusiya arasında olan rəqabət mühiti çərçivəsində dəyərləndirməyin bölgəyə heç bir faydasının olmayacağını vurğulayıb və yaxın gələcəkdə də yeni müzakirə formatlarının qurulmasının mümkünlüyündən danışıb:

“Regionda sülhün təmin edilməsi ilə bağlı tərəflərin hər birinin özünün maraqları var. Ona görə, düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan bölgədəki geosiyasi reallıqları nəzərə alaraq hər iki istiqamətdə iş aparır. Hətta biz yaxın gələcəkdə müxtəlif istiqamətlərdə və fərqli formatlarda danışıqların aparılacağını görəcəyik. Hazırda Rusiya və Avropa ilə üçlü format, altılı format, Türkiyə, Rusiya və Azərbaycan arasında formatlar mövcuddur. Qarşıda buna Türkiyə, Azərbaycan və Ermənistan üçlü formatı da əlavə edilə bilər. Belə formatlar həm ölkələrin maraqlarının təmin olunmasını təmin edir, həm də prosesə mümkün neqativ müdaxilələri əngəlləyir. 1997, 1999-cu ildə və sonrasında yaşanan təcrübələr də onu göstərir ki, kənarda qalan ölkələr prosesi sabotaj etməyə cəhdlər edir. Düşünürəm ki, Azərbaycan və Ermənistan problemi regionda marağı və təsir gücü olan tərəflərin rəqabəti mühitində deyil, ortaq əməkdaşlığı çərçivəsində həll etmək istəyir. Doğrudur, indi Ukrayna məsələsinə görə Qərblə Rusiya arasında ciddi gərginlik yaşanır. Ona görə, sözügedən gərginliyin prosesə mənfi təsirinin qarşısını almaq üçün tərəflər mümkün qədər tarazlığı qorumağa çalışır. Rusiyanın və Türkiyənin, o cümlədən digər tərəflərin maraqları mütləq nəzərə alınmalıdır. Biz müharibə dövründə Rusiya və Türkiyə faktorunun gücünü daha aydın şəkildə gördük. AB-nin isə bölgəyə sərmayə qoyuluşu, eyni zamanda birgəyaşayışla bağlı geniş imkanları var. Bir daha qeyd etmək istəyirəm ki, sadalanan formatların rəqabət deyil, əməkdaşlıq platformasına çevrilməsi üçün çox diqqətli olmalıyıq. Yalnız bu yolla bölgədə sülhü və sabitliyi, rifahı təmin edə, problemin tam həllinə nail olmaq mümkündür”.

Previous articleQHT Agentliyinin maliyyə dəstəyi ilə layihələr uğurla həyata keçirilir
Next articlePutin bu səbəbdən hücum qərarı verdi – Makron

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here