Home Dünya Rusiya tələyə düşdü: Kreml artıq dalandadır

Rusiya tələyə düşdü: Kreml artıq dalandadır

203
0

Biz Rusiya-Ukrayna müharibəsinə xüsusi yanaşırıq. Slavyan xalqlarının bir-birilə apardığı müharibə harasıylasa vətəndaş müharibəsidir. Bir ölkənin yox, bir qanın, bir dilin, bir mədəniyyətin vətəndaşlarının müharibəsi: Taras Şevçenko və Lermontovun ruhlarının, Çexovla İvan Frankonun döyüşü…

Bu gün Rusiya hərbi-siyasi rəhbərliyi nə qədər iddia etsə də, inandırmağa çalışsa da, bombalanan bütöv şəhərlərdir, yaşayış massivləridir. Burda nöqtəvilik sərrastlığı yoxdur. Rusiya Federasiyası bu müharibədə Peqov kimi, Marqarita Simonyan kimi yalan maşınlarına etibar etdiyinə görə tamaşaçı, dinləyici də ona inanmır. Kadrlar ən böyük təkzibdir. Təbliğat maşını bir yolla şütüyür, onun sərnişini isə başqa dayanacaqdadır…

Rusiya rəsmi dairələrinin beynəlxalq auditoriyaya təqdim etdiyi ilkin mənbənin özü artıq etibarsızdır, onu dırnaqarası adlandırırlar. Təsəvvür edin. Məsələn, Real TV hadisələr barədə xəbər verir. Ukrayna ilə asandır. Xəbər mənbəyi Ukraynadır. Qarşı tərəf bəs? Rusiyanın “lxr” və “dxr” adlandırdığı ərazi parçalarına biz axı qondarma deyirik. Və qondarma adlandırdığımıza etibar etmək olarmı? Düzdür Ukrayna tərəfi informasiya verilməsində daha çevik, təbliğat müharibəsində daha fəaldır. Amma mən şəxsən 10 gün ərzində Rusiya tərəfinin cəmi 500 nəfərə qədər itki verdiyi barədə Moskvanın məlumatına şübhə etdiyim kimi, Kiyevin də rus ordusunun artıq 10 min döyüşçü itirdiyi barədə verdiyi xəbərə inanmıram. Eləcə də “həftənin axırı Rusiyanın döyüşməyə texnikası qurtaracaq” iddialarına inanmadığım kimi, Ukraynada “nasionalistlər”in dinc insanları hansısa metro stansiyasına, yaxud keçidə yığıb girov kimi istifadə etdiyinə inana bilmirəm.

Müəyyən mənada Rusiya tərəfini anlamaq olar. Onlar az qala bütün dünyanın təcrid etdiyi şəraitdə işləyirlər. Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin Rusiyaya bəlli bir münasibəti formalaşıb. Açıq desək – antirusiya yanaşması var. Ukrayna haqqında məlumatları isə dünyanın bütün nəhəng kütləvi informasiya vasitələri, özü də rəğbət kontekstində təqdim edir. Belə olan halda gərək Kiyev obyektiv xəbər yaymaqda maraqlı olsun. Onsuz da ona inanırlar.

Bu gün biz nə qədər paradoksal olsa da, Ukraynanın bədbəxt kadrlarına keçmişimiz timsalında sanki bir qibtəylə baxırıq. Baxmayaraq ki, görüntülər dəhşətlidir. Amma biz axı aydın görürük ki, demək olar ki, bütün dünya, yaxud Yer kürəsində mütləq əksəriyyət, Qərb başda olmaqla, Ukraynaya dəstək verir.

Azərbaycan da işğala məruz qalmışdı. Düz otuz il… Qərb başda olmaqla, bütün dünya və ya Yer kürəsində mütləq əksəriyyət Azərbaycan dəstək vermirdi… Vermədi də. Bizim bir zamanlar düşdüyümüz və ya bizim kimi dövlətlərin bu zamanla düşdüyü vəziyyət belə deməyə əsas verir ki, ölkənin gerçək, nüfuzlu, ağıllı liderinin, ölkənin öz dəyanətinin olmaması onu başqa dövlətlərin döyüş meydanına çevirir. Diplomatların diliylə desək, masanın arxasında olmayanda masanın üstündə olursan! Bu gün Ukraynada ölkə masanın üstündədir və hər bir qüvvə ondan öz məqsədi üçün istifadə edir. İtirən isə Ukrayna xalqıdır. Təbii ki, Rusiya da itirir. Dünya boyda iqtisadi sanksiyalar, Kremlin dirəndiyi dalan, düşdüyü strateji tələ yəqin ki, əsl fəsadlarını hələ irəlidə verəcək. Obrazlı desək, dünya dövlətləri Rusiyanı bir ölkə olaraq azadlıqdan məhrum edib.

Bir tərəfdən belə görünür ki, Rusiyanın çıxış yolu yoxdur. Digər tərəfdən də Qərb həll üçün Rusiyaya fürsət buraxmır. Onun daha da zəifləməsinə bel bağlayır. Göstərir ki, münaqişənin uzanmasında maraqlıdır.

Rusiyanın strateji planlamasında mühüm bir proqnoz özünü doğrultmadı. Yəni hərbi yöndə ilk sadəlövh proqnoz belə idi ki, Ukraynayla məsələ təxminən Krımda olduğu kimi olacaq. Donetsk və Luqansk camaatının vəziyyətinin rəsmi statusa mindirilməsinə həsr edilmiş Təhlükəsizlik Şurasının iclasında Dmitri Medvedyev Gürcüstana hərbi müdaxiləyə rəhbərlik təcrübəsindən danışanda ümumi ab-hava gümrah idi: “Nəticə ilə hamı razılaşacaq, Rusiya dünyaya lazımdı, məcbur olacaqlar” və sair. Bu sözlər Medvedyevə məxsusdur. Yəni Rusiya isteblişmenti, ola bilər ki, dili dolaşan Narışkin istisna olmaqla, hamılıqla ona stavka edirdi ki, Donetskdə, Luqanskda əl çalacaqlar, gül çiçək pişvazları olacaq. Amma Moskvaya ictimai dəstək Krımdakı kimi olmadı…

Ukraynanın Luqansk və Donetsk hissələri ilə vəziyyət tam fərqli alındı. Burda Rusiyanın strateji qələbəsini yox, onun salındığı strateji tələni görürük. Hələ ki! Hətta vəziyyət şəxsən mənə o qədər çıxılmaz görünür ki… Məsələn, tutaq ki, Kreml öz məqsədinə çatdı. Lap Xarkov kimi bir şəhəri tutdu, axı bunun sonrası var. Kim bərpa edəcək, kim dirçəldəcək, kim hər şeyi sıfırdan başlayacaq? Asayişi kim qoruyacaq? Ordu? Yox əlbəttə. Ukrayna sakini səhər vətəndaş, axşamsa partizan olacaq. Birləşmiş Ştatlar da Bağdadı ələ keçirmişdi. Nə baş verdi? Yadımızdadır.

Aydındır ki, bu artıq uzunmüddətli müharibə olacaq!

Nəzəri cəhətdən müharibə başa çatsa da, bunun sonrası var axı. Sonra nə baş verəcək? Belə nəhəng embarqolardan, sanksiyalardan, planet boyda məhdudiyyətlərdən, dünyadan tam təcrid olunmağın yaratdığı və hələ yaradacağı katastrofik sıxıntılardan sonra o öz çiyninə aldığı olduqca böyük yükü daşıya biləcəkmi? Kreml bu yükü haraya qədər daşıyacaq?

Və ya: ortada Əfqanıstan təcrübəsi var. Mən təkcə Sovet qoşunlarının Əfqanıstandan çıxmasını nəzərdə tutmuram. Elə Amerika Birləşmiş Ştatlarının da Əfqan gedişi ortadadır. Deməli, bu proses Rusiya üçün sonu bəlli olmayan bir tələdi.

İndi gözümüzün qabağında, Avropanın düz ortasında Suriya kimi qeyri-sabitlik ocağı yaranmaqdadır. Bu gün Ukrayna ətrafında gedən proseslərin, Ukrayna bayrağına bürünən, kimlərdəsə bir şou effekti yaradan Avropa ölkələrinin, kənardan bir idman yarışı kimi izlədikləri müharibənin arxa tərəfi gerçək qandır, gerçək ölümdür, evləri başına uçan zavallı insanların dərdidir, göz yaşlarında boğulan körpələrdir. Qərb “Stinger”lər verir, raketlər verir. Rusiya tanklarla girir. Ara yerdə əfqanlar, suriyalılar kimi Ukrayna xalqı qırılır.

Hərbi həll yoxdu. Rusiya ordusunun müharibə üsulu Ukraynanın tətbiq etdiyi mobil müdafiə sisteminə hələ ki uduzur. Ukrayna kiçik qruplarla qorunur. Amma məsələnin həll yolu hərb yolu deyil axı. Bir hədəf var: Taqətdən düşənədək vuruşsunlar! Kim tez düşəcək? Hər şey buna hesablanıb. Kimin resursları yetəcək, kim iqtisadi baxımdan tab gətirə biləcək?

Qərb Rusiyanı taqətdən salmaq siyasəti yürüdəcək. Rusiya özü də vəziyyətdən sifətini qoruyaraq çıxa bilmir. Onun bu saat dayanması da, irəliləməsi də faciəvi aqibətlər vəd edir. Baxmayaraq ki, ötən ilin sonuna qədər Rusiya üçün əlverişli təhlükəsizlik vəziyyəti yaranmışdı. Hətta elə görünürdü ki, dünya Rusiyanın Ukrayna əraziləri ilə bağlı yaratdığı vəziyyətlə artıq barışıb. Amerika Birləşmiş Ştatlarının prioriteti isə Çinlə rəqabətdə qalib gəlmək olacaqdı. Hər şey buna gedirdi. Bəs indi hansı mənzərə ilə üz-üzəyik? Belə çıxır ki, Ukrayna şəhərləri dağılsın, təki Qərbin və Şərqin maraqları təmin olunsun! Çünki NATO müharibədə tərəf kimi iştirak etməyəcəyini dəfələrlə bəyan edib. Ancaq silah-sursat verəcək. Ona görə Ukrayna Prezidenti Zelenski inciyir, küsür…

Ən yaxın zamanlarda Avropanın ən böyük ölkəsi tək Avropa ailəsinin üzvü olmaq iddiasındaydı Ukrayna. Amma indi xarabalıqlar ölkəsinə çevrildi… Udan isə Amerikadı. Birinci və İkinci Dünya müharibələrində olduğu kimi yenə də döyüşlərdə tərəf kimi açıq savaşmadan, döyüşmədən – müharibəni əla biznes-proyektə çevirməyi bacararaq.

Rusiya-Ukrayna müharibəsi ətrafında bir Stalin təfəkkürünə malik siyasətin yürüdüldüyünü düşünürəm. Həm Qərb, həm Şərq tərəfindən. Stalin deyirdi: Mənimlə olmayan mənə qarşıdır. Eyni məntiq bütün tərəflərə xasdır. Əslində səninlə deyiləmsə, bu, sənə qarşı olmağım da deyil. Üçüncü yol həmişə var. Bax Qoşulmama Hərəkatı həmin yoludur…

Previous articleAzərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir 
Next articleTalış kəndində silah-sursat aşkarlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here