Home Mədəniyyət “Teatr baharı” – müstəqil teatrların festivalı

“Teatr baharı” – müstəqil teatrların festivalı

1209
0

Təbiət donunu təzələyir, qış yavaş-yavaş yerini bahara verir. Düzdü, bu günlər dünyanın savaşlı, qan-qadalı, qlobal qorxulu böyük bir coğrafiyasında bu elə də hiss edilmir. Üstəlik, get-gedə qloballaşan hərb havası mədəniyyət, sənət üzərində hakim olmaqdadır. Amma tarixin bütün zamanlarında, dünyanın ən ağır savaş sınaqlarında, seçim qarşısında məşhur “Olum, ya ölüm?” zühur edib və çətinliklə də olsa, “olum” qalib gəlib. Sənət, mədəniyyət və onun ən diri, ən emosional təsirli və təbii forması olan teatr da…

Bizim teatr səhnəmizdə ikiillik pandemiyadan sonra  sənət özünün vacib olduğunu uzaq-yaxın ətrafına isbata can atır. “Teatr baharı” sloqanı ilə başlayan festival da fəsli-baharı səhnədən duymaq istəyənlər üçün fürsətdir.

Martın 2-də Mədəniyyət Nazirliyinin dəstəyi və nazirlik yanında İctimai Şuranın təşkilatçılığı ilə I Müstəqil Teatrlar Festivalının açılışı oldu.

Festivalın məqsədi ölkədəki teatr mühitinin yeni adlar və formalarla zənginləşməsinə, səhnə sənətinin gənclər arasında populyarlaşması və təşviqinə töhfə verməkdir.

R.Behbudov adına Dövlət Mahnı Teatrının zalını dolduran tamaşaçılar qarşısına ilk olaraq layihənin təşkilatçılarından biri, Xalq artisti, Dövlət Yuğ Teatrının aktyoru və müstəqil “M.Teatr”ın yaradıcısı Vidadi Həsənov çıxdı.

Sözünə dost Ukraynada davam edən qanlı hadisələrlə başlayan aktyor tamaşaçılardan münaqişə zamanı dünyasını dəyişənlərin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sənətkar bəşəriyyətin xilasına ümid etdiyini bildirdi, mədəniyyətin, sənətin barışdırıcı, birləşdirici missiyasından danışdı.

2-7 mart tarixini əhatə edən festivalın proqramı barədə danışan Vidadi Həsənov  bildirdi ki, proqrama müxtəlif janr və üslubda 11 tamaşa daxil edilib. Vurğuladı ki, festival çərçivəsində müzakirə panelləri də təşkil olunacaq. Aktyor gələcəkdə festivalın coğrafiyasının genişlənməsində, bölgələrdə də təşkilində maraqlı olduqlarını dedi.

Sonra söz Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalovaya verildi. O, nazirliyin ötən müddət ərzində teatr sahəsi, xüsusən müstəqil teatrların inkişafına yönələn təşəbbüslərini qeyd etdi. Festivalın təşkilinin təqdirəlayiq olduğunu deyən şöbə müdiri bundan sonra da nazirliyin teatrla bağlı layihələrində özəl teatrlara da geniş yer veriləcəyini vurğuladı.

Nazirliyin dəstək verdiyi festivallar, laboratoriya və ustad dərsləri, müstəqil mübadilə proqramları barədə söz açan F.Acalova təşkilatçılara təşəkkürünü bildirdi, iştirakçılara uğurlar arzuladı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları – pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, rejissor Fikrət Sultanov və Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, teatrşünas İlham Rəhimli festivalın müstəqil teatrların inkişafına müsbət təsir göstərəcəyini, bu işə maraq göstərən gənclərə stimul olacağını dedilər. Milli teatrımızın keçdiyi inkişaf yolu və onun ayrı-ayrı mərhələlərində yaranan və özünün yüksək inkişaf dövrünü yaşayan müstəqil teatrlara, həvəskar truppaların da fəaliyyətinə nəzər salındı. Bildirildi ki, məhz onların sayəsində ölkəmizdə teatrın janr və formaca müxtəlifliyinə nail olunub və hazırda istedadlı gənclər bu işi layiqincə davam etdirirlər.

Çıxışlarda dövlətlə yanaşı, sahibkarların, iri şirkətlərin də mədəniyyət, xüsusilə də teatr sahəsinə dəstək olmasının vacibliyinə diqqət çəkildi. Bu hamiliyin teatr dəyərlərinin yaşamasına stimul olacağı vurğulandı.

Millət vəkilləri Razi Nurullayev, Müşfiq Məmmədli, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov da çıxışlarında teatrlara dəstək göstərilməsinin vacibliyini qeyd etdilər, bu istiqamətdə təşəbbüs və təkliflərini dilə gətirdilər.

Gecəyə rəng qatan vokalçılar – Fərid Əliyev və Vüqar Hacıyevin ifalarında milli və dünya klassik musiqisindən nümunələr alqışlarla qarşılandı.

Sonra növbə gecənin əsas səbəbkarlarına verildi.

İlk olaraq “Məsəl ya…” adlı səhnə işi təqdim olundu. “M.Teatr”ın (“Mənim teatrım”) təqdim etdiyi akt Xalq artisti Vidadi Həsənovun rejissor yozumudur. Üzeyir Hacıbəylinin musiqiləri fonunda onun felyetonlarından və Mirzə Ələkbər Sabirin daim müasir şeirlərindən istifadə edilməklə hazırlanan tamaşa mükalimə janrındadır. Bizə özümüzü öldürücü gülüş və onun ardındakı düşündürücü dirilişi göstərən tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılandı.

Festivalın ilk günü eyni zamanda müstəqil “Laçın” teatr-studiyasının “Arzular bağı” tragikomediyası da nümayiş olundu. Tamaşa nümayişi və müxtəlif panellərdə müzakirələr festivalın ikinci günü də davam etdi. Teatrsevərlər “ŞahMat” teatrının təqdimatında “Üstdəki dərinliklər” (M.Vişnek) və “Səhnə” teatrının M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırladığı “Bir dəfə Qarabağda” tamaşalarını izlədilər.

Sənət, səhnə zövqünə müstəqil teatrların eksperimentləri ilə rəng qatmaq istəyənlər martın 7-dək festival proqramında yer alan tamaşaları izləyə və açıq müzakirələrdə iştirak edə bilərlər.

Previous articleİsmayıllı rayonunda əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi
Next articleAlmaniya rus qazıdan imtina edəcəkmi?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here