Home Qarabağ Polkovnik döyüşə girdi: birinci eşelon alındı

Polkovnik döyüşə girdi: birinci eşelon alındı

282
0

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Sosialxəbər.az bildirir ki, Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

…Hücum əmrindən dərhal sonra zirehli texnika hərəkətə başladı. İstiqamət Füzuli rayonundan keçməklə düşmənin işğal altında saxladığı Cəbrayıl rayonu idi. Kəşfiyyat qrupu isə artıq xeyli irəliləmişdi. Düşmənin istehkamlar və ciddi maneələr qurduğu birinci eşelonun qarşısındakı ön xətt son bir həftə ərzində polkovnik-leytenant Saqi Babayevin rəhbərlik etdiyi kəşfiyyat qrupu tərəfindən açılmış, əks həmlə üçün əlverişli şərait yaradılmışdı. Zirehli texnikanın və canlı qüvvənin hərəkəti üçün birinci eşelona qədər sahədə ciddi bir maneə qalmamışdı.

Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçmək üçün tam heyətdə hazır idi. Amma düşmən də torpaqların işğaldan azad olunması üçün əmr gözləyən Azərbaycan Ordusunun bütün hərəkətlərini ciddi şəkildə nəzarətdə saxlayır, azadlıq əsgərlərinin bütün addımlarını təmas xəttinə yığdıqları saysız-hesabsız ağır arilleriya qurğuları, tank və minaatanların nişangahından izləyir, göz qırpmadan qarşı tərəfi müşahidə altında tuturdu. Düşmən işğalı davam etdirmək, azadlıq ordusunun əks-hücumunun qarşısını almaq üçün illərlə ciddi tədbirlər görmüşdü və qurduğu istehkamların keçilməz olduğuna inanırdı. Azadlıq ordusunun keçəcəyi sahəyə saysız-hesabsız piyada əleyhinə minalar, ardınca isə tank əleyhinə minalar yerləşdirilmış, bir neçə cərgə dəmiryol dirəkləri basdırılmış, onların da arası və üzəri tikanlı lentvari məftillərlə hörülmüş, araları və diblərinə isə qarışıq şəkildə yenə də tank və piyada əleyhinə minalar düzülmüşdü. Bütün bu kimi ciddi maneələrdən sonra düşmən yenə də rahat ola bilməmiş, bir piyada əleyhinə mina sahəsi, döyüş texnikası əleyhinə mina sahəsi, məftil maneələri, daha sonra isə tank əleyhinə qazılmış xəndəklərlə mövqelərini möhkəmləndirmiş, keçilməz bir sədd yaratmışdı…

Tanklar, təkərli zirehli texnika və piyadaların döyüş maşınları toz qopararaq irəli şütüdü. Təxminən beş yüz metrlik məsafəni maneəsiz keçdi. Azərbaycan ordusunun əks-hücumunu mövqelərindən müşahidə edən düşmən artilleriyası atəşə başladı. Görünür, qurduqları istehkam və maneələrə arxayın olan düşmən əks-həmlə qüvvələrinin bu qədər məsafəni maneəsiz keçə biləcəklərinə inanmır, nəhayət, qurduqları maneələrin hücumun qarşısını saxlayacağını, basdırdıqları minaların öz işini görəcəyini gözləyirdi…

Bir anın içərisində döyüş meydanı tufanlı bir dənizə çevrildi. Ön cərgədə hərəkət edən tank, piyadaların döyüş maşınları və digər döyüş texnikasının bir hissəsini alov bürüdü və bir qədər də irəli sürünərək hərəkətdən qaldı. Meydan toz-dumanla qarışıq vurulmuş texnikadan ərşə qalxan alov dilləri və burum-burum səmaya yüksələn qap-qara tüstü məngənəsində əsir oldu. Düşmən isə dayanmadan tank, minamyot və digər artilleriya mərmilərini Azərbaycan ordusunun üzərinə yağdırır, texnikanın hərəkətini dayandırmaq üçün bütün vasitələrdən istifadə edirdi. Qarşıda hərəkət edən döyüş maşınlarının bir hissəsi vurulub hərəkətdən qaldığı üçün arxalarınca gələn texnika və ordunun digər hissələrinin irəliləməsinə maneəçilik törədir, əks həmlə əməliyyatını ləngidirdi…

Briqada düşmən üzərinə üç istiqamətdən hücuma başlamışdı. Sağ, sol və mərkəz cinahlar üzrə hərəkət edən ordunun iki cinahında kəşfiyyat qrupları fəaliyyət gostərir, yalnız mərkəzi cinah komanda idarəetmə məntəqəsinin təlimatları əsasında irəliləyirdi. Kəşfiyyat rəisi polkovnik-leytenant Saqi Babayev döyüşü idarəetmə məntəqəsindən müşahidə edən hərbi hissənin komandiri polkovnik Nizami Mövlanova yaxınlaşdı:

– Cənab polkovnik, icazə verin, mərkəz cinahı üzrə fəaliyyətə başlayım! – deyə döyüşə və kəşfiyyat qruplarının fəaliyyətinə birbaşa döyüş meydanında, əsgərlərlə çiyin-çiyinə olmaqla rəhbərlik etmək üçün icazə istədi.

Briqada komandiri əvvəlcə yüksək rütbəli zabitin birbaşa döyüş meydanında fəaliyyət göstərməsinin təhlükəli olduğunu və peşəkar kəşfiyyat komandirini itirmə ehtimalının döyüşün taleyinə mənfi təsir edəcəyini düşünüb, razılaşmadı. Amma polkovnik-leytenantın təkidli xahişi və özünün də adətən əsgərlərin arasında irəlidə olmasının döyüşə müsbət təsirini xatırlayıb:

– Düşmən çox hiyləgərdir, Saqi, – deyə polkovnik-leytenanta adı ilə müraciət etdi: – Döyüşün ilk günündə istəmirəm səni itirim. Hər bir əsgərin, xüsusilə də yüksək hazırlıqlı, yüksək rütbəli zabitin, peşəkər kəşfiyyatçının itirilməsinin ordumuz üçün, döyüşün taleyi üçün nə demək olduğunu yaxşı bilirsən. Son dərəcə ehtiyatlı olmaq şərtilə icazə verirəm, son dərəcə! – böyümüş bəbəklərini ona zilləyib barmağını kəşfiyyat rəisinin burnunun ucunda silkələdi: – Anladınmı?!

– Anladım, cənab polkovnik! – Polkovnik-leytenant gözlərini belə qırpmadan briqada komandirinin sərt və xəbərdarlıqedici baxışlarının qarşısında farağat durdu.

– Get, amma sağ-salamat qayıt! – briqada komandiri razılıq verdi.

– Oldu! – deyə polkovnik-leytenant hərbi təzim edib idarəetmə məntəqəsindən çıxmaq istərkən, polkovnik Mövlanov bir daha onu öz adı ilə çağırmaqla ayaq saxlamağa məcbur etdi:

– Saqi, Mehdi ilə danışmısanmı?

– Bəli, cənab polkovnik, – kəşfiyyat rəisi rəsmiyyətdən çıxmadan qısa cavab verdi.

– Aysu ilə Ayan necədirlər? – Briqada komandiri zabitinə “azad”lıq verməyə tələsmədi.

– Yaxşıdırlar, komandir!

– Allah amanında, komandir, diqqətli ol və ağılla hərəkət et! – deyə azyaşlı qızlarını və oğlunu xatırlatmaqla kəşfiyyat rəisinə bir daha ehtiyatlı olmağın vacibliyinə işarə etdi.

Kəşfiyyat rəisi baxışları ilə hərbi hissə komandirinin müavinləri və döyüşü idarəetmə qrupunun digər üzvləri ilə vidalaşıb komanda məntəqəsindən çıxdı. Bir an gözlərində canlanan və əllərini ona tərəf uzadaraq məsum təbəssümlə gülümsəyən oğlu Mehdi, körpə qızları Aysu və Ayan komanda məntəqəsindən çıxınca qeybə çəkildi. Yenidən önündə alov yağan, göydən od ələnən, atəş səsləri qulaq batıran, ölüm saçan döyüş meydanı canlandı.

Polkovnik-leytenant hər anı ölüm gətirən bu məşum meydandan keçərək qarşıda mənfur düşmənlə üz-üzə olan əsgərlərinin yanına gedəcəkdi. Bu tapşırığı yerinə yetirməzdən oncə isə o, azyaşlı oğlundan, körpə qızlarından və briqada komandirindən ölməmək kimi daha vacib bir tapşırıq almışdı…

Alovlanan bütün təkərli zirehli texnika, tank və piyadaların döyüş maşınlarının arxa qapıları açıldı və desant üçün nəzərdə tutulmuş kabinada əyləşən canlı qüvvə meydana atıldı. Canlı qüvvənin hərəkətə keçdiyini müşahidə edən düşmən dərhal kiçik çaplı silahlarla döyüşə qoşuldu. İndi artıq meydanda hərəkət edən təkcə zirehli texnika deyil, canlı qüvvə də hədəfə çevrilmişdi: düşmən dayanmadan müxtəlif silahlardan atəş açır, snayper, avtomat və pulemyot güllələri havada uçuşur, dolu kimi torpağa ələnirdi. Piyada qoşunları dərhal özlərinə mövqe seçib yerə sərildilər. Və nişan almadan ardıcıl olaraq qarşı tərəfi atəşə tutdular. Qısa bir müddətdə özünü ön xəttə yetirən Saqi Babayev vurulduqdan sonra hərəkətdən qalmış və yenicə alovlanmağa başlayan tankın üstünə sıçradı. Tankın üst qapısını açıb bayıra çıxmaq istəyən atıcı operatora geri qayıdıb yerində oturmasını əmr etdi. Cəld icəri atılıb tankın lülləsini düşmən səngərinə tərəf çevirdi. Hədəfi nişan alıb atəş əmri verdi. Dayanmadan həmlə briqadasının üzərinə güllə və mərmi yağdıran düşmənin bir neçə atəş nöqtəsi havaya sıçradı. Səngər boyu düzülən düşmən əsgərləri və səngərin arxa tərəfində sıralanan minaatan qurğuları üzərinə daha iki tank mərmisi endirildi. Alov getdikcə tankın qülləsini bütövlüklə cənginə aldı. Polkovnik-leytenant Babayev və tankın atıcı operatoru cəld özlərini açıq qapıdan bayıra atıb yerə uzandılar. Bir an keçmədi ki, düşmənin tank mərmiləri ilə susdurulmuş bir neçə nöqtəsi yenidən və daha qəzəblə gurlamağa başladı.

Kəşfiyyat rəisi sürünərək özünü ön sırada mövqelənmış həmlə qrupuna çatdırdı. Komandirlərini yanlarında görüncə, bayaqdan qarşılaşdıqları ciddi müqavimətdən, dayanmadan üstlərinə yağan güllələrdən ruhdan düşmüş, daha bir addım da irəli gedə bilməyəcəklərini düşünən şəxsi heyət, sanki, məğlubedilməz bir ordunun, yenilməz bir qüvvənin onlara köməyə gəldiyini zənn etdi. “Komandir burdadır” – deyə ətrafa çevrilərək sevincqarışıq bağırtı ilə bir-birlərinə xəbər verdilər. Mərkəzi cinahdan təxminən beş yüz metr məsafədə yerləşən sağ və sol cinahlar da tez bir zamanda rəhbərliyin onlarla bərabər ön sırada olduğunu öyrəndi.

Kəşfiyyat rəisi irəli sürünüb vurularaq hərəkətdən qalmış daha bir zirehli texnikanın arxa tərəfdən üstünə sıçradı və bir göz qırpımında özünü kabinəyə saldı. Düşmənin sıradan çıxmış hesab etdiyi və sol tırtılı tərəfdən tədricən alovlanmağa başlayan, tüstüsü göyə qalxmış bir tank gözlənilmədən yenidən lüləsini irəli fırlatdı. Və burum-burum havaya qalxan qap-qara tüstü dumanının içərisindən qarşı tərəfə alov püskürdü. Snayper və digər kiçik çaplı silahlarla hücumun qarşısını almağa çalışan düşmən səngərindən torpaqqarışıq havaya qalxan bir neçə düşmən əsgəri yarpaq kimi dalğalanaraq yerə çırpıldı. “Allahu Əkbər” nidası hər üç cinahda əks-səda doğurdu. Əks-həmlə qrupu sanki bu nidanın şövqündən coşaraq bir göz qırpımında ayağa sıçradı və ayaqlarının altına belə baxmadan düşmən üstünə şığıdı. Qəzəblə yerə çırpılan əsgər çəkmələrinin tappıltısı düşmən səngərində yerindən qopacaq ürək kimi çırpınmağa, altından sıçrayan toz-torpaq isə alov kimi yanmağa başladı. Əsgərlər yaydan çıxmış ox kimi özlərini düşmən səngərinə atdılar. Səngərdən çıxmağa fürsət tapan düşmən əsgərləri atəş aça-aça tələsik geri çəkilirdilər. Amma artıq bir qisminin şəhadəti bahasına əldə etdikləri səngərdə mövqelənən həmlə qrupu düşmənin uzaqlaşmasına macal vermədi. Mövqe ələ keçirilənə qədər qaçıb aradan çıxa bilməyən düşmən yaraqlıları ardıcıl atəşlə susduruldu. Növbəti eşelona özlərini çatdıra bilən digərləri isə mövqelənib yenidən həmlə qrupunu müxtəlif çaplı silahlardan atəşə tutmaqda davam etdi.

Babayev həmlə qrupunun bir qisminə düşmənin atəş nöqtələrini susdurmağı, digərlərinə isə yaralılara ilkin tibbi yardım göstərməyi, şəhidləri təhlükəsiz yerə daşımağı və tutduqlar səngərdə ölüb qalmış düşmən cəsədlərini kənarlaşdırmağı əmr etdi. Özü isə düşməndən təmizlədikləri mövqeləri tədqiq etməyə başladı. Düşmən 28 il işğalda saxlağı ərazilərdə ciddi gücləndirilmiş müdafiə mövqeləri qura bilmişdi. Üstü beton dayaqlarla örtülü müşahidə məntəqələri, səngərdən görüntü vermədən, iki üç metr dərinlikdən günəş panelləri vasitəsilə idarə olunan tanka məxsus PKT pulemyotlarının yerləşdirilməsi, əsgər istirahət otaqları, silah-sursat və ərzaq anbarı və sair digər texniki vasitələrlə təmin olunmuş qazmalar düşməndə özlərinə keçilməz sədd düzəltdikləri təsəvvürü yaratmışdı. Düşmən eyni zamanda arxadakı səngərlərə görünmədən sərbəst gedib-gəlmək və təminat daşımaq üçün yollar qurmuşdu…

Baxış bitər-bitməz polkovnik-leytenant briqada komandiri Nizami Mövlanovla əlaqə yaradıb artıq birinci eşelonu düşməndən təmizlədikləri haqqında məruzə etdi. Kombriq ilk növbədə şəhid və yaralılarla maraqlandı.

– Təəssüf ki, şəhidlərimiz də, yaralılarımız da var, cənab polkovnik! – deyə Babayev yaralıları səngərə çəkib ilkin yardım göstərən döyüş yoldaşlarına boylandı.

– Dərhal yaralılara ilkin tibbi yardım göstərin! Təxliyə qrupunu yanınıza göndərirəm. Mövqelərinizi möhkəmləndirin. Bütün ehtiyat tədbirlərini görün. Düşmənin hiyləsindən özünüzü qoruyun. Səngəri və ətrafı ciddi şəkildə yoxlayın. Bütün sürprizlərə hazırlıqlı olun! – kombriq ilk tapşırıqlarını verdi: – Qısa müddətdə motoatıcı qoşun hissələrinin tutduğunuz səngərdə yerləşdirilməsi üçün lazım olan bütün tədbirləri görün. Tez-tez mənə məlumat ver! – əlavə etdi:

– Oldu, cənab polkovnik!

Yenidən aramsız və amansız həmləyə başlayan düşmən artilleriyasının gurultusu polkovnik leytenantın son sözlərini ağzındanca qapıb havaya uçurdu…

Ardı var

Previous articleSN-in baş mütəxəssis vəzifəsi ləğv edildi
Next articleÜST rəhbəri hiddətləndi: Boş vədlər verməyin!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here