Home Sağlamlıq Əhməd Babayev-70

Əhməd Babayev-70

3968
0

Sosialxəbər.az xəbər verir ki, Bu il sentyabr ayının 28-də Tibb elmləri doktoru, Avropa Kardioloqlar Cəmiyyətinin üzvü Əhməd Babayevin 70 yaşı tamam olur.
Əhməd Məmməd oğlu Babayev 1952-ci ildə anadan olub. 1968-ci ildə Bakı şəhərindəki 36 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Sumqayıt Şəhər Təcili-Tibbi Yardım Xəstəxanasında həkim-ordinator kimi başlayıb. 1976-1979-cu illərdə Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutunda kiçik elmi işçi olub. 1979-1982-ci illərdə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Aspiranturasının əyani şöbəsində təhsil alıb. Bir müddət C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnsitutunda kiçik elmi-işçi, sonra isə baş elmi işçi vəzifələrində çalışıb. 1988-1995-ci illərdə Respublika Diaqnostika Mərkəzində şöbə müdiri işləyib. 1995-1997-ci illərdə 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb. 1997-ci ildən təqaüdə çıxanadək – 2018-ci ilədək, açılışında Ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Baş həkimi vəzifəsində çalışıb.
70 illik ömrünün 45 ilini həkimlik fəaliyyətinə həsr edən, Avropa Kardioloqlar Cəmiyyətinin üzvü olan Əhməd Babayev həm də Azərbaycan Tibb Universitetinin Klinik Farmakologiya Kafedrasının asissenti olub. 1984-cü ildən tibb elmləri namizədi, 2009-cu ildən isə tibb elmləri doktorudur. O, 100-ə yaxın elmi əsərin, 1 monoqrafiya və metodik göstərişin müəllifidir.
Çöhrəsi nurlu, etiqadlı, imanlı bir insan olan Əhməd Babayev həm də 2003-cü ildən “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyəti, 2008-ci ildən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin (BƏC İB) həm İdarə Heyəti üzvü, həm də Tibb xidməti şöbəsinin rəhbəri, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvüdür.
“Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri, eləcə də “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev bildirir ki, Əhməd Babayev həmişə təşkilatlarımızın işlərində fəal iştirak etmişdir, hazırda Türkiyə Cümhuriyyətində yaşasa da bizim əzizimiz və doğmamız olaraq qalır. Həmişə Əhməd həkimin tövsiyyələrinə, məsləhətlərinə ehtiyacımız var. Hətta İdarə Heyətinin qəbul edəcəyi qərarlardan öncə də onunla məsələ barədə söhbət edir, məsləhətləşirik.
Kollektivimiz adından Əhməd Babayevi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona çansağlığı, 100 illik yubileyini qeyd etməyi arzulayırıq.

Məlahət Abdullayeva
“Əlillər Dünyası” qəzetindən
26.09.2022

Previous articleTürkiyə Vladimir Putin və Volodimir Zelenski ilə görüş keçirəcək
Next articleSəfərbərliyə etiraz edən sakinlərə polis atəş açdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here