Home QHT İctimai şuralarla bağlı sorğunun nəticələri açıqlanıb

İctimai şuralarla bağlı sorğunun nəticələri açıqlanıb

287
0

İctimai şuraların fəaliyyəti, şuralara keçirilən seçkilər prosesinin dəyərləndirilməsi və perspektivdə bu istiqamətdə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatları arasında sorğu keçirilib.
Sorğu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ECSOFT layihəsi çərçivəsində həyata keçirilən “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” istiqamətində fəaliyyətlər sırasında ekspert, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva tərəfindən gerçəkləşdirilib.
Elektron sorğuda 84 nəfər, əsasən də ictimai şuralarda iştirakçılığı olan VCT təmsilçiləri iştirak edib. Respondentlərə təqdim olunan cavablardan bir necəsini seçmək, həmçinin hər sual üzrə öz şərhlərini yazmaq imkanı verilib. Bununla yanaşı sorğunun sonunda iştirakçılar mövzuyla bağlı fikir və təkliflərini söyləməkdə tam sərbəst olub.
Öncə qeyd etmək istərdik ki, sorğuda “İctimai Şuralara seçkilərin təşkili və keçirilmə qaydaları Sizi qane edirmi?” sualına 32.1% “bəli”, 52.4% “xeyr”, 4.76% “qismən”, 7.1% isə “məlumatsızam” cavabı verilib. Şərhlər bölməsində isə aşağıdakı fikirlər yer alıb:
 Hazırki sistem təkmilləşməlidir.
 Qurumlardan asılıdır. Bəzi qurumlarda təşkil olunan seçkilər şəffaf və qaneedici idi, bəzilərində isə şəffaflığa yol verilmirdi. Fərqli qurumlar fərqli münasibət nümayiş etdirir.
 Baxır hansı qurumda necə təşkil olunub. Qane edənlər bütün tələbləri yerinə yetiriblər. Amma elə qurum olub ki, namizədləri səsləri sayanda içəri qoymayıblar, şəffaflığı pozublar. Komissiyanın üzvləri olan QHT-lər də həmin pozuntuya dəstək olublar.
Elə qurum da var ki, öncədən tərtib etdiyi siyahını təsdiq edib. Səsvermədə çox az adam iştirak edib.
Beləliklə, sorğuda vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin ictimai şuralarla bağlı səsləndirdiyi fikir və tövsiyələrini ictimaiyyətə təqdim edirik:
 İctimai şuraların aidiyyəti qurumlardan asılılığı olmamalı, tam sərbəst formada fəaliyyət göstərməli, monitorinqlərin nəticələrini ictimaiyyətə çatdırmağı bacarmalı, hesabatlılığın şəffaflığını təmin etmə gücündə olmalıdır. Seçkilər zamanı şəffaflığın qorunması üçün üst monitorinq qrupunun yaradılması lazımdır.
 Əgər bu günkü gündə olduğu kimi qalacaqsa heç kəsə lazım olmayan qurumdur. Hesab edirəm tam müstəqil olmalıdır.
 İctimai şuralara keçirilən seçkilərdə ciddi qaydalar yaradılmalıdır. Xüsusən bir qrup QHT-lərin inhisarçı-lobbiçilik fəaliyyəti və müvafiq qurumun iş üzvlərinin özünə yaxın insanlardan formalaşmasını istəməsi olduqca zərərlidir.
 Qaydalar dəyişdirilməlidir. Sahə üzrə seçici və namizədlər həmin sahəyə aid olan insanlar olmalıdır.
 Seçki komissiyaları müstəqil olaraq püşk atma yolu ilə müəyyənləşdirilsin.
 Əksər rayonlarda ictimai şuraların üzvlərini ağsaqqallar və dövlət qulluğu nümayəndələri təşkil edir. Bu doğru deyil. TANIŞLIQ ÖNƏM DAŞIYIR! İctimai şuraya gənclər cəlb edilməli, səs vermə yolu ilə seçilməlidir.
 İctimai şuralara seçkilər zamanı səsvermədə iştirak edən şəxslərin namizədin dost tanışı və ya qohum əqrəbası deyil, sırf vətəndaş cəmiyyətində təmsil olunan şəxslərin olmasına diqqət verilməlidir.
 Aidiyyəti insanlar seçkiyə müraciət etsinlər. Ən azı həmin sahə üzrə hesabatlılığını, araşdırmasını təqdim etsinlər.
 İctimai şuraların səlahiyyət müddəti daha uzun müddətli olmalıdır.
 İctimai şuraların fəaliyyəti ilə bağlı müvafiq qurumlar qarşılıqlı əməkdaşlığa hazır olmalı və şuraların fəaliyyət imkanlarına loyal yanaşmamalı, əksinə, onlara qanunvericiliyin icazə verdiyi fəaliyyət imkanını yaratmalıdırlar.
 Cəmiyyət ictimai iştirakçılıq prosesləri üçün yetərincə yetişməli və bu proseslərdə səslərinin eşidilməsinə əmin olmalıdırlar.
 İŞ üzvlüyünə seçkilərdə QHT-nin fəaliyyət istiqamətinin qurumun fəaliyyətinə yaxınlığının nəzərə alınmasının labüdlüyü önəmlidir. Əks təqdirdə hərbi yönümlü təşkilat təhsil və ya mədəniyyət sahəsində İŞ iştirakçılığına iddialı ola bilir.
 Bir şəxs yalnız bir şurada təmsil olunsa yaxşı olar.
 Hər kəs öz profili üzrə seçilsin. Mütləq mütəxəssislər namizədlərlə şifahi sorğu keçirməlidir. Və hər QHT ancaq bir şurada təmsil olunsun.
 Seçkilərin mexanizminin inkişaf etdirilməsinə zəruri ehtiyac vardır.
 “İctimai İştirakçılıq haqqında” qanun təkmilləşdirilməlidir.
 İctimai şuralara seçkilər, xüsusilə rayonlarda daha böyük əhəmiyyət kəsb etməlidir. Buna görə də bu sahənin institutlaşmasına ciddi diqqət yetirilməlidir.
 Məncə bu qurumlara ümumiyyətlə ehtiyac yoxdur. Təcrübə onların faydasız olduğunu göstərir.
 İctimai şuraya seçkilərdə könüllü iştirak etmələrinə baxmayaraq üzvlərinin heç də hamısı səlahiyyət müddəti ərzində aktiv fəaliyyət nümayiş etdirmir. Bunun müxtəlif səbəbləri var: İŞ üzvü bu işlər üçün kifayət qədər vaxt tapa bilmir; İŞ üzvləri hüquq və vəzifələrini bilmir; dövlət orqanı onların tövsiyələrini nəzərə almadığı təqdirdə İŞ üzvü işlərinin faydalı olacağına ümidini itirir və s.
Bəzi dövlət qurumları şuraları ofis yeri ilə, avadanlıqla və ya iş üçün digər vasitələrlə təmin etmirlər ki, bu da İŞ üzvlərini aktiv olmaqdan çəkindirir.
Təəssüf ki, bəzi dövlət qurumları İŞ və onun işi barədə məlumatları öz internet səhifəsində yerləşdirmir, İŞ üzvlərinə qarşıdakı tədbirlər və fəaliyyətləri barədə kifayət qədər məlumat vermir və qanun layihələrini əldə etmələrinə ictimai şura üzvlərinə köməklik göstərmirlər.
Eyni zamanda, bir çox İŞ-lər fəaliyyətlərinə dair hesabatı hazırlamır və ictimaiyyətə çatdırmırlar.
Bəzi dövlət orqanları ictimai şuralara müstəqil qurum kimi baxmır, tabeliylərində olan qurum kimi yanaşırlar. Bu səbəbdən onlar İŞ ilə paylaşılan məlumatlara nəzarət edirlər. İctimai şuraların öz fəaliyyətlərini həyata keçirmək üçün müstəqil maliyyə dəstəyi yoxdur.
Bəzi İŞ üzvləri səhvən dövlət orqanının onların fəaliyyətini maliyyələşdirməli olduğunu düşünürlər. Fikrimcə bu kimi sadalanan problemlər aradan qaldırılmalıdır.
 İŞ-lərə seçkilərin təkmilləşdirilməsi məqsədilə qanunvericilik islahatları ən zəruri tədbir olardı. Bu islahatlar seçki komissiyasının formalaşması mexanizmində kənar təsirləri aradan qaldırmağa, seçki komissiyasının müstəqil fəaliyyətinin əsaslarını gücləndirməyə yönəlməlidir. Həmçinin, seçici kimi yalnız QHT üzvü olan şəxslərin seçkili orqanların qərarı ilə müəyyənləşməsi və seçkilərdə iştirakına nail olmaq üçün prosedurlarda zəruri dəyişiklik aparılmalıdır. Seçici siyahılarının dərc olunması ilə bağlı məcburi öhdəlik müəyyən edilməlidir. Namizədlərin şikayətlərinin araşdırılması, apelyasiyaya imkan yaradan prosedurlar təkmilləşdirilməlidir.
 Ciddi təcili bir qanunverici dəyişikliyinə yox, icra mexanizmini bilik və bacarıqların artırılması ilə gücləndirmək və hər tərəfin cavabdehliyi məsələsini daim gündəlikdə saxlamaqla vəziyyəti dəyişmək olar.
 Ictimai şuraların işindən razı deyiləm , bəzi şəxsləri çıxmaq şərtilə, lazım olsa adlarını deyərəm! Bir insan 12-15 ictimai şuranın üzvü olanda onun işi nə ola bilər?
 Olmayan bir şey haqqında fikir söyləmək çətindir.
 Bəzi qurumlar İŞ-ın fəaliyyətinə öz maraqları əsasında imkan vermir . Hər vəchlə ictimai şuranın işinə mane olurlar.
 Fikrimcə, yanaşma/fəlsəfə dəyişməlidir. “İctimai iştirakçılıq haqqında” qanun yetərli deyil. İctimai iştirakçılığın təmin edilməsinə dair dövlət qurumlarının fəaliyyətini tənzimləyən sahəvi qanunvericilik aktlarının təkmilləşdirilməsinə ehtiyac var. İctimai iştirakçılığa dair normalar konkretləşdirilməli və gücləndirilməlidir. İctimai şuralar konsepsiyası dəyişməlidir.
 Şəffaflıq artırılsın və seçkiyə müdaxilə azaldılsın.
 Bir şəxs iki şuradan artıq olmamaq şərtilə təmsil oluna bilsin.
 İctimai şuraların fəaliyyətlərinin həyata keçirilməsinə dövlət büdcəsindən birbaşa vəsaitlərin ayrılması üçün müstəqil fondun təşkili və ya büdcə təsnifatında yeni maddənin müəyyən edilməsi önəmlidir.
 Dövlət qurumlarının İŞ-ın işinə gizli və açıq müdaxiləsi var. İctimai şuralar nə qədər ciddi və qanunauyğun çalışsalar onları müdaxilədən uzaqlaşdıracaqlar. Bəzi şuralarda müvafiq qurum rəhbərliyi müdaxiləsinin ictimailəşdirilməsindən sonra artıq şuralara müdaxilədən çəkinirlər. İŞ üzvləri nə qədər ardıcıl və prinsipial olsalar, müdaxilə cəhdləri ortadan qalxacaq.
 İŞ üzvlərinin hər birinə fəaliyyətlərinə məsuliyyətli yanaşması tövsiyə olunur.
 Düşünürəm ki, bir nəfər ancaq bir ictimai şuraya seçilsin, daha hər yerdə olmasın. Onda işlərini də normal qura bilər.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri, layihə rəhbəri Ziba Nəbiyeva sorğuda iştirak edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinə öz dərin minnətdarlığını bildirir.
Mütəmadi olaraq bu istiqamətdə həyata keçirilən fəaliyyətlər ictimai iştirakçılıq prosesinin canlanmasına, ictimai təsisatlar və dövlət qurumları arasında keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirən yeni münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.

Previous articleBakıda marşrut avtobusu qəzaya uğrayıb
Next articlePaytaxtda tələbə dənizdə boğularaq öldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here