Home Qarabağ General söz verdi, amma Şuşada onunla görüşə bilmədi

General söz verdi, amma Şuşada onunla görüşə bilmədi

121
0

(Sənədli romandan parça)

Əvvəli BURADA

– Cənab polkovnik, baş leytenant Yaqublu əmrinizlə gəlmişdir.

– Gəl otur, Yaqublu. Yemək ye bizimlə.

– Ac deyiləm, komandir, çox sağ olun.

– Gəl, gəl, naz eləmə, bilirəm, tapşırıqdan gəlmisən, acsan.

– Doğrudur, acmışam, komandir. Amma sizinlə yemək yemək…

– Gəl, gəl otur, baş leytenant, yeyə-yeyə söhbətimizi davam edərik.

– Baş üstə, komandir, – Əliqismət Yaqublu kətili şəkib hərbi hissə komandiri polkovnik Ələkbər Cahangirov və tanımadığı yüksək rütbəli zabitlə üz-üzə oturdu.

Polkovnik Cahangirov öz qarşısındakı qarabaşaq konservini ona tərəf itələdi. Yaqublu çantasından qatlanan çoxfunksiyalı bıçağını çıxardı, qaşıq hissəsini aralayıb hərbi hissə komandiri ilə bərabər konsevdən mal əti ilə qarışıq bişirilmiş qarabaşağı yeməyə başladı.

Polkovnik Ələkbər Cahangirov ağzındakı tikəni udmadan gözlərini qarşısındakı xəritəyə dikib:

– Diqqətlə bax, Yaqublu, bura Xocavənd rayonunun Ağbulaq kəndidir, – avtomat süngüsü ilə xəritə üzərində nişanlanmış yerləri göstərdi: – Kəndin hər iki tərəfində və üzü bizə tərəf hissəsində düşmənin adsız yüksəklikləri mövcuddur və bu yüksəkliklərdə düşmənin kifayət qədər canlı qüvvəsi, sursatı, artilleriya qurğuları toplanıb. – Hövsələ ilə sözünü davam etdi: – Belə demək olar ki, düşmən buradan quş da uçurmur. Amma əminəm ki, – nəzərlərini xəritədən ayırıb kəşfiyyat qrupunun komandirinin gözlərində cəmlədi, – “Bələdçi” buradan çox rahatlıqla keçə biləcək. Necə ki, əks-həmlə qrupumuz artıq buradan xeyli dərinə sızaraq düşmən arxasında fəaliyyət göstərir.

– Əlbəttə, komandir, təki siz əmr edin, – Əliqismət yeməkdən ayrıldı. Bıçağını böyründəki böyürtikən kolundan qopardığı yarpaqla silib çantasına qoydu: – Tapşırığımız nə olacaq, cənab polkovnik?

– Tapşırığınız çox sadədir, Yaqublu, – polkovnik gülüb, kəşfiyyat qrupunun komandirinin sifətinə diqqət yetirdi: – Siz düşmən arxasında fəaliyyət göstərən qrupa təminat çatdırmalısız, – nəzərlərini “Bələdçi”nin sual dolu baxışlarında cəmləyib bir anlıq susdu: – İki yolunuz var, baş leytenant, ya bu aradan ehtiyatla sızaraq, – bıçağı xəritədə nişanlanmış düşmən mövqelərinin arasında gəzdirdi, – maşın kolonu ilə özünüzü qrupa çatdırmalısız, ya da, – bıçağı xəritədən qaldırdı: – öz bildiyiniz dağ yolları ilə arxa tərəfdən dolanıb qrupa yetişməlisiz. Amma bütün təminat belinizdə. – Baxışlarını istiqaməti göstərirmiş kimi dağlarda dolandırıb müsahibinin sifətində topladı.

– Doğrudan da çox sadədir, çənab polkovnik, – baş leytenant da komandirinin təbəssümünə təbəssümlə cavab vedi: – Biz o yerləri artıq poçt yoluna çevirmişik, komandir.

– Bununla bitmir, Yaqublu, daha vacib, daha məsuliyyətli bir tapşırıq da var.

– Buyurun, komandir!

– Bu tapşırığın çox vacib cəhətlərindən biri isə kolonla bərabər yüksək rütbəli bir Azərbaycan zabitini də təyin olunmuş yerə müşayiət etməyinizdən ibarətdir. Onun həyatını göz bəbəyiniz kimi qorumalısız. Qarşıdakı əməliyyatlarımızın uğuru həmin zabitin təyin olunmuş yerə vaxtında, sağ-salamat və təhlükəsiz çatdırılmasından çox asılıdır.

– Nə qədər vaxr tələb olunur, cənab polkovnik?

– Vaxt çox azdır, Yaqublu, – hərbi hissə komandiri mundirinin qolunu arxaya itələyib saatına baxdı: – Ən geci səkkiz saatdan sonra haqqında danışdığım zabit təyin olunmuş yerdə olmalıdır.

Yaqublu nəzərlərini məchul bir nöqtədə cəmləyib nəyi isə qəlbində götür-qoy edirmiş kimi bir xeyli susdu. Sonra hərbi hissə komandirinin gözlərinin içinə baxıb:

– Biz kolonla, – baş barmağını xəritədə düşmən mövqelərininin üzərində gəzdirdi, – baxın, buradan keçəcəyik, – qətiyyətlə bildirdi: – Belə daha tez çatarıq, komandir, inşallah.

– Əminsən, baş leytenant?

– Əminəm, komandir! – Ayağa qalxıb farağat vəziyyətində dayandı.

Polkovnik Cahangirov bir daha saatına baxdı:

– Hazırlaşın, komandir, hava qaralan kimi yola düşürsüz!

…Qatı duman qaranlığı bozartmış, qaranlıq dumanın zərrələrinə hopmuşdu. Palçıqlı dağ yolunda ehtiyatla irəliləyən təminat kolonunun nəriltisi görünməzliyi yararaq dağları əsirinə çevirmişdi. “Ural” markalı yük maşınlarının faralarının qatı dumandakı közərtisi yolu göstərməkdən çox, yerini göstərirdi. Yerdəyışmə zamanı, düşmən duyuq düşməsin deyə, adətən işıqlarını söndürüb hərəkət edən kolon bu dəfə elə bil düşmənə istiqamətini bildirmək üçün, heç bir maskalanma tədbirləri görmədən, açıq-aşkar irəliləyirdi.

Öndə hərəkət edən“Ural”ın burnu cücə yumurtadan çıxan kimi dumanın köksünü yarıb, düşmənin qarşısında peyda oldu. Mövqeyi qoruyan düşmənin iki əsgəri əllərini gözlərinin üstünə qoyub irəli yeridi. Faraların közərtisi maşını seçməkdə, nömrəsini görməkdə əsgərlərə çətinlik yaradırdı. Qrup komandiri baş leytenant Yaqublu gözlərini düşmən əsgərlərindən ayırmadan sifətini sürücüyə tərəf çevirdi:

– Maşını sağ tərəfə verib saxlayın, – dərhal da ratsiyanı dodaqlarına yaxınlaşdırdı: – Siz hərəkəti davam etdirin. Sonuncu maşın birinci, – mənim oturduğum maşının bərabərinə çatan kimi sürəti tam azaldın, amma dayanmayıb daha bir neçə metr qabağa sürüb sonra dayanın və əmrimi gözləyin, – kolonun arxasındakı maşınlarda oturmuş komandirlərinə tapşırıq verdi.

– Fikrin nədir, komandir? – Təyin olunmuş yerə çatdırılması üçün xüsusi tapşırıq alan Yaqublu ilə sürücü arasında oturan, paqonunu açdığından rütbəsi məlum olmayan xüsusi təyinatlıların zabiti baş leytenantdan soruşdu.

– Mövqeni götürmək, komandir, – tövrünü pozmadan qrup komandiri cavab verdi. Dərhal da düyməsini basıb ratsiyanı dodaqlarına yaxınlaşdırdı: – Diqqətli və hazırlıqlı olun! İlk atəşdən dərhal sonra yerə atılıb döyüşə qoşulun.

İrəlidə hərəkət edən “Ural” maşını düşmən əsgərlərinə çatan kimi sağa burulub dayandı. Qrup komandiri kabinənin pəncərəsini endirmədən özünü məşğul göstərməyə çalışdı. Digər maşınlar asta sürətlə yanından ötüb irəli keçdilər. Arxasınca hərəkət edən “Ural” otuz metr, ikinci on beş, üçüncüsünun isə arxası qrup komandirinin oturduğu maşının kabinəsi ilə üzbəüz olduğu halda dayandı. Maşının nömrəsinə diqqət yetirən düşmən əsgəri palçığa bulandığından heç nə görə bilmədiyi üçün əli ilə şüşəni endirməyi işarə etdi. Kolon komandirinin məşğul olduğunu görüb səbirlə gözləməyə başladı. Qrup rəhbəri kabinənin pəncərəsini azacıq aşağı endirdi, düşmən əsgərinə işarə ilə maşının səsindən heç nə anlamadığını bildirməyə çalışdı. Bu arada isə ətrafı diqqətlə müşahidə edib mövqedəki vəziyyətə uyğun olaraq çıxış yolu aradı. Düşmən əsgərinin daha ucadan danışaraq nə isə soruşduğunu görüncə itələyib maşının qapısını açdı. Atılıb kabinədən yerə düşdü. Hələ də nə isə soruşmağa cəhd edən əsgərə məhəl qoymadan yanından ötüb irəli, qarşıda bir neçə əsgərlə yanaşı dürüb müşahidə aparan düşmən zabitinə tərəf addımladı. Təyin olunmuş yerə müşayiət edilən xüsusi təyinatlı zabit kabinədən düşüb nəzərlərini həm “Ural”ın ətrafında dolanan, həm də qrup komandirinin yaxınlaşdığı düşmən zabitinin ətrafında olan əsgərlərdən ayırmadan maşının qarşısında dayandı. Erməni əsgər “Ural”ın arxasından dolanıb xüsusi təyinatlı zabitin bərabərinə gəldi, ermənicə nəsə soruşdu. Özünü maşının nəriltisindən eşitməzliyə vuran xüsusi təyinatlı zabit üzünü çevirib ətrafa diqqət yetirdi. Bu zaman kabinəyə yaxınlaşan erməni əsgər sürücünün qolundakı Azərbaycan bayrağını görüb, “Turk”, “Yaşma” deyə bağıraraq avtomatını atəşə hazır vəziyyətə gətirdi. Amma atəş aşmağa fürsət tapmadan gözlərinin önündən ildırım sürətilə ötən xüsusi təyinatlı zabitin əlindəki süngü boynuna sancıldı. Xüsusi təyinatlı zabit yaraladığı düşmən əsgərini arxa tərəfindən sinəsinə sıxıb avtomatını əlindən aldı.

İkinci düşmən əsgərinin xüsusi təyinatlı zabitə açdığı atəş öz yoldaşının sinəsini dəldi. Arxasında mövqeləndiyi düşmən əsgərinin dartıb boynundan çıxardığı süngünü üzbəüz durub onu atəşə tutan erməni yaraqlısına tolazladı. Düşmən əsgərinin gözləri alnının ortasına saplanan bıçaq istiqamətində çevrildi, heykəl kimi arxası üstə torpağa düşdü.

Baş Leytenant Əliqismət Yaqublu düşmən əsgərlərinin toplaşdığı istiqamətdə eyni anda iki əl qumbarası atıb yerə sərildi. Xüsusi təyinatlı zabit dizi üstə yerə çöküb öldürdüyü əsgərdən qamarladığı avtomatla düşmən mövqeyini atəşə tutdu. Təminatçı xüsusi təyinatlılar maşınların işıqlarını söndürüb cəld yerə atıldılar. Mövqelənib düşmən əsgərlərinin təxmin edildiyi yeri eyni anda sürəkli atəşə tutdular. İşıqsaçan güllələr qarşı tərəfdəki yüksəklikdən, düşmən səngərindən yağdırıldı. Bir-birlərindən on-onbeş metr məsafəli dayanan maşınlardan düşüb otuz-otuz beş metr məsafədə kənarlara çəkilərək qaranlıqda say çoxluğu təəssüratı yaradan doqquz nəfərdən ibarət qrup zəncirvarı və növbəli şəkildə manevrlə düşmən səngərinə doğru irəlilədi. Qumbaraların partlayışından dərhal sonra yerindən sıçrayan baş leytenant Yaqublu sağ cinahdan yetirib özünü səngərə atdı. Qarşısında qəfil peyda olan Azərbaycan zabiti ilə göz-gözə qalan düşmən əsgəri yaxın məsafədən silahından istifadə etməyə fürsət tapmadan avtomat süngüsü sinəsinə saplandı. Baş leytenantın cəld belindən çəkib qarşı tərəfə çevirdiyi avtomatı od püskürdü. Üzərlərinə hərəkət edən təminatçı xüsusi təyinatlıları nişan alan düşmən əsgərlərinin cəsədləri səngərin içərisinə düşdü…

Azad edilmiş adsız yüksəklikdə dərhal arama-tarama işləri aparıldı. Düşmən bayrağı endirilib yerində Azərbaycan bayrağı ucaldıldı. Qrup rəhbəri baş leytenant Yaqublu hərbi hissə komandiri polkovnik Ələkbər Cahangirovla ratsiya əlaqəsi yaratdı. Səbrsizliklə məlumat gözləyən polkovnik kəşfiyyat qrupunun komandirinin səsini ratsiyada eşidən kimi səbirsizləndi:

– Haradasız, baş leytenant? – deyə məruzəsini gözləmədən özü xəbər aldı.

– Cənab polkovnik, hazırda biz Ağbulaq kəndinin yaxınlığındakı adsız yüksəklikdəyik! – Baş leytenant açıqca hiss olunan sevinclə məruzə etdi.

– Siz orada nə gəzirsiz, baş leytenant, ora düşmən mövqeyidir!

– Artıq deyil, cənab polkovnik, biz yüksəkliyi götürdük!

– Şəhid, yaralı varmı? “Əmanət”in vəziyyəti necədir? – Polkovnik Cahangirov ard-arda suallar verdi.

– Şükür, cənab polkovnik, “Əmanət” yanımdadır, sağ-salamatdır. Şəhid və yaralımız da yoxdur.

– Şükür, şükür, – hərbi hissə komandiri arxayınlaşıb dərindən nəfəs aldı: – Ratsiyanı “Əmanət”ə ver, – deyə əmr etdi.

“Əmanət” adlandırdıqları xüsusi təyinatlı zabit ratsiyanı alıb kənara çəkildi. Söhbətləri çox qısa çəkdi. Geri qayıdıb əlaqəni kəsmədən ratsiyanı Yaqubluya uzatdı.

Baş leytenant:

– Cənab polkovnik, iki maşın komandirini saxlayıb, yolumuzu davam etmək istəyirəm. Mövqeni qorumaq üçün. Əmriniz nədir? – deyə soruşdu.

– Məsləhət deyil, baş leytenant. “Əmanət”in həyatı və təyin olunmuş yerə vaxtında çatması daha vacibdir. Siz yolunuza bütün heyətlə davam edin. Bir saat ərzində azad etdiyiniz, Azərbaycan bayrağının dalğalandığı yüksəklikdə yeni qrup mövqe tutacaq, arxayın olun.

– Oldu, cənab polkovnik!

…Təyin olunmuş yerə səhər erkən çatdılar. Dərhal da təminatı xüsusi təyinatlı əks-həmlə qrupuna təhvil verib geri qayıtdılar. Azad olunmuş yüksəkliyin ətəyindən keçəndə yüksəklik artıq üçüncü azadlıq saatını yaşayırdı. Və yüksəklikdə Azərbaycan əsgəri mövqe tutmuşdu…

Əməliyyatın uğurla başa çatması və qrupun sağ-salamat geri qayıtması haqqında hərbi hissə komandirinə baş leytenant Yaqublu saat on bir radələrində məruzə etdi. Uğurlu əməliyyata görə təşəkkürünü bildirən polkovnik Cahangirov:

– Hələ bir saat on dəqiqə vaxtınız var, Yaqublu, istirahət edə bilərsiz, sonra yeni tapşırığa gedəcəksiz, – deyə saatına baxdı. Baş leytenant hərbi təzim edib ayrılarkən: – Yaqublu! – arxasınca səsləndi: – Müşayiət etdiyiniz zabitin kim olduğunu bilmək istəmirsən? – deyə soruşdu.

Kəşfiyyat komandiri yerində arxaya çevrilib polkovniklə üz-üzə dayandı:

– Yəqin, bu vaxta qədər müşayiət etdiklərim kimi, bu da sirrdir, cənab polkovnik, – dedi.

– Əlbəttə sirrdir, baş leytenant, amma həmin zabitin kimliyini öyrənmək haqqını qazandın. Hətta cənab polkovnik Zaur Məmmədov sizə salamını və şəxsən özünün təşəkkürünü çatdırmağımı xahiş etdi.

– Polkovnik Zaur Məmmədov? – Baş leytenant təəccüblə hərbi hissə komandirinin üzünə baxdı: – Çox təəssüf, cənab polkovnik!

– Təəssüf?! Nə üçün?! – polkovnik Cahangirov sual dolu baxışlarını baş leytenantın bəbəklərinə zillədi.

– Çünki cənab polkovnik ayrılana qədər mənə üzünü göstərmədi. Maskalanmışdı.

– Hımm… – polkovnik Ələkbər Cahangirov gülümsəyib başını yellədi. Bununla da baş leytenanta gedə biləcəyini işarə etdi.

Baş leytenantsa yerindən tərpənmədi:

– Amma… – ürəyində deyib-deməməsini götür-qoy edirmiş kimi sözünü yarımçıq kəsdi.

– Amma nə? – polkovnik Cahangirov Yaqubluya uzun düşünmək fürsəti vermədi.

– Amma ayrılanda söz verdi ki, Şuşada mənimlə görüşəcək! – uşaq təbəssümü sifətində parladı.

– Şanslısanmış, Əliqismət, – baş leytenantı adı ilə çağırmaqla sevincinə şərik olduğunu nümayiş etdirən polkovnik Cahangirov: – Get, qardaş, get istirahət elə! – məmnun halda gülümsədi: – İnşallah, qismət olar, Şuşada görüşərsiz!

– İnşallah, cənab polkovnik! – hərbi təzim edib döyüşü idarəetmə məntəqəsindən ayrıldı…

***

– “Bələdçi”ni yanıma çağırın, polkovnik, – Şuşa şəhərinin ilk komendantı təyin edilmiş general-mayor Zaur Cavanşir (Məmmədov): – baş leytenant Əliqismət Yaqublunu, – deyə polkovnik Ələkbər Cahangirovdan xahiş etdi.

Polkovnik Cahangirov göz qapaqlarını bir anlıq aşağı endirdi:

– Əliqismət Yaqublu şəhid oldu, komandir! – “Bələdçi”ni xəyalında canlandırırmış kimi astadan söylədi: – Sonuncu tapşırığı yerinə yetirib geri qayıdarkən Daşaltıda qumbaraatan mərmisi ilə vurulub şəhadətə qovuşdu!

General-mayor Məmmədov bir anlıq susdu:

– Mən onunla Şuşada görüşəcəyimə söz vermişdim! – öz-özüylə danışırmış kimi astadan pıçıldadı.

Hərbi hissə komandirindən ayrılıb Daşaltı qayalarına tərəf addımladı. Siqaretini yandırıb tüstüsünü acgözlüklə ciyərlərinə çəkdi. Burum-burum qalxan siqaret tustüsünün arxasından Daşaltı qayalarına boylandı. Al qırmızı şəhid qanına boyanmış qayalar cana gəldi elə bil. Əvvəli-sonu bilinməyən dəvə karvanına çevrildi, uzaqda parlayıb nur saçan, ziyası bütün Qarabağı işığa boyayan Günəşin şəfəqlərinin açdığı cığıra düşüb sonsuz ənginliklərə doğru irəlilədi. Karvanın önündə Əliqismət Yaqublu gəlirdi, dəvələrə süvar olmuş simaları nur saçan, təbəssümləri par-par parlayan əsgərlər əllərini havada yelləyərək karvanın istiqamət aldığı sonsuz ənginliklərdəki nura qovuşub gözdən itdilər…

Previous articleRusiya MN Azərbaycanla bağlı səhvini aradan qaldırdı
Next articleŞamaxı-Bakı yolunda qəzaya düşən məktəblilərin valideynləri danışdılar – VİDEO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here