Home Dünya Tehran, Tiflis, Ankara məsuliyyətsizdir, ağıllı elə bizik?

Tehran, Tiflis, Ankara məsuliyyətsizdir, ağıllı elə bizik?

177
0

Yay gəlib, turizm mövsümü başlayıb, ölkələr qapılarını taybatay açıblar. Xüsusilə Rusiyaya tətbiq edilən böyük sanksiyalar fonunda Avropanın rus turistlərdən imtinası bəlli ölkələri hərəkətə keçirib: turistlər uğrunda “mübarizə” gedir… Hətta Rusiya ilə münasibətlərdə ciddi çatları olan Gürcüstan belə rus turistlərdən xeyir götürmək istəyir.

Azərbaycan isə hələ də quru sərhədlərini açmayıb.

Azərbaycanın qonşularına baxırıq: Rusiya qismən, İran, Türkiyə, Gürcüstan, Ermənistan isə tam olaraq quru sərhədlərini açıblar, artıq bütün dünya pandemiyadan xilas olur, kovidin vurduğu iqtisadi yaraları sağaltmaq üçün bir an tez hərəkətə keçirlər.

Azərbaycanın Operativ Qərargahı isə sərhədləri açmır.

Azərbaycanda kovid rəqəmləri artıq gülməli hal alıb: gündə 3-4 yoluxma… Bəzi günlər isə ümumiyyətlə yoluxma olmur.

Qonşu ölkələrdə də yoluxma yüksək deyil və ümumiyyətlə, yay aylarının kovid üçün daha az təhlükəli olduğunu və hazırkı statistikanı nəzərə alsaq, təhlükə ehtimalı üfiqdə belə görünmür.

Operativ Qərargah isə hələ də quru sərhədlərimizi açmır.

Bu gün Azərbaycanın millət vəkilləri adlanacaq bəziləri girişiblər Operativ Qərargahın bu addımını müdafiə etməyə. Deyirlər ki, quru sərhədlərini açmaq “məsuliyyət yaradır”: “Birdən sərhədləri açsaq və kovid artsa, bunun məsuliyyətini kim daşıyacaq?” – ritorik-hürküdücü sualını da ünvanlanmağı özlərinə sığışdırırlar.

Əvvəla, onsuz da dünyadan təcrid olunmuş vəziyyətdə yaşayan Şimali Koreya pandemiyaya görə sərhədini az qala “qaynaqlamışdı” – ancaq bu ölkəyə də kovid çatdı və yoluxma indi milyonlarla ölçülür. Yəni bu o deməkdir ki, qapını bağlasan da, bağlamasan da, kovid dalğası hər bir ölkədən keçməlidir, kütləvi ümmunitet üçün.

Şükür Allaha, kütləvi yoluxmanı da keçirmişik, ümmunitet də formalaşıb, üstəlik, bizdə vurulan peyvəndlər qonşularımızdan çoxdur ki, az deyil.

İkincisi, “məsuliyyətdir” deyən deputatlar, məgər qardaş Türkiyə, strateji portnyorumuz Gürcüstan məsuliyyətsiz ölkələrdir? Türkiyənin tibbi tibbimizdən zəifdir, yoxsa alimləri? Yaxud Türkiyəyə gələn turistlər bizdən azdır?

Yalnız İstanbula bir həftəyə gələn turist Azərbaycana heç il ərzində gəlmir. İndi İstanbul bu məsuliyyəti düşünəsi olmayıb, bizim bəzi deputatlar məsuliyyətin altında qalmaqdan qorxurlar?

AZAL təyyarə biletlərini ceyranın belinə qaldırıb, alternativ hava yolları da hava məkanımıza buraxılmır: nəticə etibarilə Azərbaycana gəlmək istəyənlərin sayı kəskin azalır. Bəlkə quru sərhədləri acılarda, heç olmasa, İrandan qardaşlarımız səyahətlərini şimala edərdilər…

Xarici turistlərin ölkəyə gəlişini əngəlləmək, ölkəyə neft-qazdan da başqa valyuta daxilolmasına mane olmağın “məsuliyyəti” nədir bəs?

Quru sərhədlərinin bağlı, təyyarə biletlərinin baha olması səbəbindən aylardır doğma yurduna gəlib, doğmalarını görə bilməyən azərbaycanlıların üzləşdiyi vəziyyətin məsuliyyətini kim daşımalıdır?

Previous articleBakı quru sərhədlərini açmır: bəs, qonşularımız?
Next articleYunan mediasının Azərbaycan Ordusu haqda yalanı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here