Home QHT Azərbaycanın logistika imkanlarına diqqət sürətlə artır

Azərbaycanın logistika imkanlarına diqqət sürətlə artır

305
0

Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklərın tranzitində Azərbaycanın əhəmiyyəti sürətlə artır. “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin keçdiyi məkan kimi indi həm Qərbin, həm də Asiyanın ölkəmizə diqqət və marağı daha da artmaqdadır. Hər halda, son proseslər də bunu təsdiq edir. Xüsusən də Rusiya-Ukrayna qarşıdurması nəticəsində Azərbaycanın tranzit imkanlarına tələb dünya miqyasında sürətlə artır.
Mövcud vəziyyət Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycanın Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi məqsədilə son 20 ilə yaxın müddətdə həyata keçirilən fəaliyyətin nə dərəcədə böyük önəm kəsb etdiyini aydın nümayiş etdirir. Azərbaycan qitələri birləşdirən nəqliyyat və logistika layihələrini vaxtında icra etməklə bu gün tranzit imkanları baxımından Avrasiyada ən həlledici söz sahibi olan ölkələrdən biri kimi çıxış etməyə başlayıb.
Təsadüfi deyil ki, Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycan ön sıralarda yer alır. Çindən Avropaya uzanan yeni marşrut hər iki istiqamətdə yüksək intensivliyə malik olacaq. Buna əsas səbəb Qərb ölkələrinin, o cümlədən Avropanın Rusiyaya qarşı sayı artan sanksiyaları, tərəflərin iqtisadi-ticarət münasibətlərinin həcminin sürətlə azalmasıdır. Bu vəziyyətdə yükdaşımalar üçün alternativ marşrutlara ehtiyac artır və həmin alternativ marşrutların keçdiyi əsas ölkələrdən biri də məhz Azərbaycandır.
Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün vacib hissəsidir.
Çin, Qərb ölkələri ilə yanaşı, Azərbaycanın tranzit imkanları sərt sanksiyalar altında olan Rusiya, İran kimi qonşularımız, eləcə də Hindistan, Cənub-Şərqi Asiya və Fars körfəzi dövlətləri üçün də həyati əhəmiyyət kəsb edir. Bu ölkələr Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam gücü ilə düşməsi fonunda Azərbaycan üzərindən daha çox yük daşınmasında maraqlı tərəflərdir.
Hadisələrin inkişaf axarı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Cənubi Qafqazın ən böyük və perspektivli dövləti, Şərqlə-Qərbin qovşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ümumi daxili məhsulda birbaşa artıma imkan verir.
Müəyyən edilmiş prioritetlərdə dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarının zəruriliyi qeyd edilib və bu prioritetlərin təsirləri üzrə ilkin hesablamalar aparılıb. Buna baxmayaraq, hər bir tədbirin icrasından əvvəl hərtərəfli texniki-iqtisadi əsaslandırmalar aparılmalıdır. Eyni zamanda, prioritetlər üzrə tədbirlərdə icraçı qismində müəyyən edilmiş aidiyyəti qurumların fəaliyyəti əlaqələndirilməli və müvafiq zaman çərçivəsində davam etməlidir.

Previous articleMüəllim olmaq istəyənlərin nəzərinə!
Next articleŞəmkirdə polis yol qəzasında həlak oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here