Home Hadisə Tosunun ölümü savaşın mənə tərs şilləsi oldu

Tosunun ölümü savaşın mənə tərs şilləsi oldu

476
0

Bu adı çox eşitmişdim. 20 gün öncə maraq boğdu və Tosunu bir faciə fenomi kimi tanıdım, internet fenomeni kimi yox. Fiziki qüsurlu bir adamı ortaya salıb oynadırdılar. Oynadanların yaşıdları şəhid olmuşdu (Hamıdan böyük ləyaqət, əxlaq axtarmaq fikrindən çox uzağam.) Amma bu yaşıdlıq məsələsini bu gün mənə dəyən şillədən sonra yazmalı oldum. Bu gün Tosunun ölümü barədə fikirləşmək qərarına gəlmədim, məcbur oldum. Tosu 30 illik müharibənin tərs şilləsini vurdu mənə.

Mən kənddə böyümüşəm. Bildiyim qədər, hər kənddə standartdan kənar azı bir adam olur. Hamı onunla zarafat edir, taxınır. Bəzən cırnadıb yüngül söyüşlərə qonaq olmaq istəyənlər də olur. Amma lağ obyektinə çevirmək, məzələnmək qəti şəkildə qadağandır. O incə cizgini keçəni görməmişəm bu yaşa qədər. O adamın yaşının neçə olması o qədər də əhəmiyyətli deyil. O adam hamının dəcəl, ərköyün uşağıdır. Onun üstünə qışqırırlar da, onun üstünə isti yorğan da çəkirlər. O adam 50 yaşında da hamının körpəsi münasibətini görür. Kənddə hamı şüuraltı ona sahiblik borcu olduğu məsuliyyətini düşünmədən hiss edir. Bəlkə də Tanrının bir imtahanıdır.

İstər xeyir, istər şər mərasimlərində o adamın öz yeri olur. Əl-ayağa dolaşanda üstünə qışqırsalar da, yeməyin xasını ona çəkirlər. O adam çox ərköyün olur adətən. Hamı da hər addımbaşı qınayır, danlayır. Bu danlağın içində həmişə sevgi olur, mərhəmət olur. Həm də hamı bilir ki, o adam bundan heç vaxt nəticə çıxarmayacaq. Bütün məclislərdə hamı üçün sərt qaydalar olsa da, o adam üçün dağ da düzdür, dərə də. Sanki kəndin azadlıq simvoludur.

Bəzən məclisin ayağında otuzdururlar ki, özünü yaxşı aparmırsan, qonaqlardan ayıbdır. Amma o hörmətli qonağın biri hansısa vəziyyətdə, şəraitdə o adama qarşı incə cizgini keçərsə, hər gün ondan “söyüş istəyən”, taxınan cavanlar sözün əsl mənasında onu linc edərlər – nə qonaq olduğunu nəzərə alarlar, nə sosial statusunu.

O adam o kənd üçün dəyərdir – yaralı, ağrılı, sızıltılı.

O adam kəndin humanizmi, insanlığı xatırladan məhək daşıdır.

O adam kəndin yarasının qaysağıdır, toxunmaq olmaz, qopartmaq olmaz.

O adam kəndin ən mübhəm, ən doğma yarasıdır. Heç vaxt sağalmayacaq. Amma onun sağalması üçün heç düşünmürlər də. Tanrının bir imtahanı kimi baxırlar. Axı inancları təftiş eləmək günahdır.

Tosu da öz yurdunda o adam idi – sevimli, ərköyün, dəcəl. Tosu öz obasının “azadlıq simvolu” idi. Təbii ki, savaş olmasaydı. Daha doğrusu, erməni olmasaydı. Müharibə olmasaydı, Tosunu heç kim qabağında oynada bilməzdi. Obanın cavanları o cizgini keçənin tikəsini qulağı boyda eləyərdilər. Tosu da obasının bir dəyəri olacaqdı. Yaralı, amma doğma dəyəri.

Müharibə olmasaydı, məclislərdə Tosunu hamı “danlayacaqdı”, amma yeməyin xasını ona çəkəcəkdilər.

Müharibə olmasaydı, Tosu nifrət, kim dolu dünyada balaca bir obanın nifrətötürəni, kinötürəni olacaqdı.

Müharibə olmasaydı, Tosunun qoltuğunu qarpızladırıb “ayə sən Şvartseneggeri də döyərsən” deyib, azca da olsa, bu dünyada sevindirəcəkdilər (Daha “Hüseyn Əzizoğlu ilə döyüş” deyib, aşağılamayacaqdılar).

Müharibə olmasaydı, ən azı saflıq simvolu ortada oynadılmayacaqdı.

Müharibə olmasaydı, Tanrının imtahanı belə urvatsız olmayacaqdı.

Müharibə olmasaydı…

Və Tosu ölməklə müharibənin ən tərs şilləsini çəkdi mənə.

İlahi, bu savaş bizdən nələr alıbmış…

Previous article“Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adlı dəyirmi masa keçirilib
Next articleNeft ucuzlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here