Home Sosial Pensiya sisteminin əhalinin sosial təminatında rolunun artırılması

Pensiya sisteminin əhalinin sosial təminatında rolunun artırılması

1293
0


Rəsmi məlumatlara görə 2022-ci ilin əvvəlində Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 200,5 min pensiyaçı qeydiyyatda olub. Başqa sözlə hazırda ölkə əhalinin hər 8 nəfərindən 1 nəfəri pensiyaçıdır. Bundan başqa pensiya sistemi 5 milyon nəfərlik əmək qabiliyyətli yaxud məşğul əhalini də gələcək təminatı baxımından mühüm məsələlərdəndir. 600 min nəfərə yaxın əlilliyi olan şəxsləri, ailə başçısını itirən vətəndaşları da nəzərə almış olsaq iddia edə bilərik ki, pensiya sistemi ölkə əhalinin ön böyük hissəsini maraqlandıran və həmin insanların rifahının səviyyəsinə birbaşa və dolayı təsiri olan mexanizmlərdən biridir.
Müsbət məqam ondan ibarətdir ki, son illər pensiya sisteminin təkmilləşdirilməsi istiqamətindən pozitiv meyilli yanaşmaların olması müşahidə edilir. Nümunə olaraq bu günlərdə Milli Məclisdə birinci oxunuşdan keçən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklər adlı qanun layihəsini qeyd etmək olar. Bu layihə miqyas baxımından böyük əhatə dairəsinə malik olmasa belə, ankoloji xəstələrə pensiya hüququnun tanınması, himayəyə uşaq götürən çoxuşaqlı ailələrin (beş və daha çox uşağın olması) güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi imkanın yaradılması, qadınlarla yanaşı kişilərin də çoxuşaqlı (ana həyatını itirdikdə və yaxud rəsmi qərarla itkin düşmüş hesab edildikdə) ata kimi güzəştli pensiya hüququ əldə etməsi, işləyən pensiyaçıların hər altı ildən bir təkrar hesablanması prosesinin avtomatlaşdırılması kimi məqamları müsbət qiymətləndirmək olar. Bundan başqa 2018-ci ildə qanuna edilən dəyişiklərlə ciddi hüquq pozuntusu yaradan 25 il sığorta stajının kompensasiyası yanaşması ortaya qoyuldu.
Təbii ki, əlillərə münasibətdə bu fikri ifadə etmək doğru olmazdı. Çünki, 2020-ci ildə əlilliyin müəyyən edilməsi ilə bağlı yeni metodologiyanın tətbiqi və korrupsiya ilə mübarizə tədbirləri altında aparılan fəaliyyətlər ciddi narazılığa səbəb olur.
Azərbaycan Respublikasını Prezidentinin sərəncamları ilə minimum pensiya məbləği 20% artaraq 240 manata çatdırılıb. Minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edib ki, onlardan 44 min şəxsin pensiyası artması ilə nəticələnib.
2020-ci ilin əvvəlindən başlayaraq COVID-19 pandemiyası qlobal iqtisadiyyatın dəyər zəncirlərində, o cümlədən istehsal, tədarük, təchizat və transportda fasilələrin yaranmasına, dolayısı ilə mal və xidmətlər üzrə təklif qıtlığı və sürətli qiymət bahalaşmasına səbəb olmuşdur. Bu isə pandemiyanın təsirləri ilə azalan gəlirlər fonunda əhalinin alıcılıq gücünün daha da zəiflətmiş və yoxsulluq təzyiqlərini artırmışdır. Müvafiq təzyiqlər son illər qlobal iqtisadiyyata inteqrasiya etməkdə olan Azərbaycan iqtisadiyyatına, o cümlədən sosial rifaha təsirsiz ötüşməmiş, sosial təminat mexanizmlərinin gücləndirilməsi, dayanıqlığının və davamlılığının artırılması istiqamətində ciddi çağırışlar yaratmışdır. Təsadüfi deyil ki, Azərbaycan Respulbikası Prezidenti 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırığı vermişdir.
Qeyd edək ki, yuxarıda sadalanan problemlərdən ən mühümü pensiya məbləğlərinin artan bazar qiymətlərinə uyğunlaşdırılması mexanizmlərinin yeni konyuktura çevik reaksiyasının təmin edilməsi və aztəminatlı sosial qrupların rifahının qorunmasıdır. Nümunə üçün qeyd edək ki, hazırda pensiya təminatı sistemi əhalinin zəngin sosial qrupları ilə müqayisədə yoxsul sosial qruplarının gəlirlərində daha kiçik paya malikdir. Beləki, 2020-ci ilin məlumatına görə ən az gəlirlirli birinci desil üzrə adambaşına orta aylıq pensiya məbləği 27.4 manat olduğu halda, ən yüksək gəlirli 10-cu desil üzrə müvafiq məbləğ 3.6 dəfə artıq yaxud 97.3 manat olmuşdur.
2017-ci il pensiya islahatları pensiya əlçatanlığının əhəmiyyətli səviyyədə aşağı salaraq pensiyaçıların sayının azalmasına səbəb olub. Belə ki, bu qanunun tətbiq edildiyi 4 ildə cəmi pensiyaçıların sayı 6,6% azalıb. O cümlədən:
 Əmək pensiyaçılarının sayı 8,4% azalıb
 Əlilliyə görə pensiyaçıların sayı 2,5% azalıb
 Ailə başçısını itirməyə görə pensiyaçıların sayı 7,3% azalıb
Ümumiləşdirmə aparsaq pensiya sisteminə edilən 2017-ci il dəyişiklərini və onun səbəb olduğu nəticələri aşağıdakı kimi qruplaşdırmaq olar:
Əsas yeniliklər
• Pensiya hüququnun əldə edilməsi şərtləri sərtləşdirilib,
• Yeni alətlər yaradılıb,
• Gender fərqlilik aradan qaldırılıb,
• İndeksasiya qaydası dəyişidirilib,
• Əlilliyin təyin edilməsi qaydası dəyişdirilib.

Dəyişiklərdən qaynaqlanan nəticələr
• Pensiya əlçatanlığı zəifləyib,
• Pensiyaçıların sayı kəskin azalıb,
• Pensiya planlama imkanı aradan qalxıb,
• Əhalinin əhəmiyyətli hissəsi pensiyaçı statusu ala bilmir,
• İndeksasiya ilə infyasiya arasında əlaqə pozulub,
• Pensiya sisteminin cəlbediciliyi daha da azalıb,
• Dövlət büdcəsindən dəstək azalıb

Pensiyaların indeksləşdirilməsinin orta illik inflyasiya ilə deyil, orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməsi əhalinin 12 faizini (1 milyon 200 min pensiyaçı), xüsusi ilə də staqflasiya dövrlərində kəskin yoxsullaşma riski ilə üz-üzə qoyur. Müvafiq mexanizm 2022-ci ildə hökuməti çətin vəziyyətdə qoyub. Belə ki, inflyasiya səviyyəsi 6.7 faiz olduğu halda orta aylıq əmək haqqında 3.4 faiz artım baş verib. Qanunvericiliyə uyğun olaraq aparılan indeksləşdirmə artan qiymətləri kompensasiya edə bilmədiyi üçün əhalinin narazılığı yaranıb və hökumət pensiyaçılara ilk dəfə olaraq maddi yardım adı altında əlavə ödəniş həyata keçirmək qərarı qəbul edib.
Minimum pensiya kapitalının hesablanma mexanizmi özünü doğrultmur. Belə ki, bu göstərici minimum pensiya məbləği ilə əlaqələndirilir ki, minimum pensiyanın artırılması qərarı tələb olunan minimum pensiya kapitalının artmasına səbəb olur. Nəticədə bir sıra pensiyaçıların aylıq pensiya məbləği artdığı halda əhəmiyyətli sayda potensial pensiyaçılar da pensiya hüququndan məhrum olur.
Pensiya yaşı orta ömür müddəti ilə adekvatlıq təşkil etmir. Mövcud yaş həddi nəticəsində gözlənilən pensiya dövrü kəskin azalıb. Nəticədə Azərbaycan vətəndaşları əksər ölkələrlə müqayisədə daha az müddətdə pensiya alırlar.
Dünya ölkələri üzrə statistik göstəriciləri müqayisəsi zamanı aydın olur ki, günümüzdə yaşa görə əmək pensiyası üçün 65 yaş həddi bir sıra ölkələrdə, o cümlədən Yaponiya, Avstriya, Belçika, Kanada, Honq-Konq, Yeni Zellandiya, Luksemburq, İsveçrə, Polşa, Ruminya, Serbiya, Xorvatiya, Brazilya, Gürcüstan, Çili və Meksikada tətbiq edilir.
Beynəlxalq təcrübədə pensiya yaş həddi müəyyənləşdirilərkən nəzərə alınan əsas indikator orta yaş həddidir. Çünki, orta yaş həddi ilə əhalinin sağlamlığı, əmək qabiliyyəti arasında müsbət korelyasiya vardır. Yəni əgər bir ölkənin əhalisinin orta ömrü artırsa bu salamatlıq səviyyəsinin yüksəlməsindən qaynaqlanır və həmçinin vətəndaşın əmək qabiliyyətli yaş dövrünün artmasına dəlalət edir və əlbətdə ki, əksinə olduqda da vəziyyətin pisləşməsindən xəbər verir. Bütün bunları nəzərə alaraq Azərbaycanda pensiya yaş həddinin mövcud təcrübələrə uyğunluğun müəyyən etmək üçün 65 yaş həddini tətbiq edən ölkələr arasında orta ömür göstəricisinin müqayisəsinin aparılması ən optimal üsul hesab edilə bilər.
Müqayisədən göründüyü kimi, hazırda əmək pensiyası üçün 65 yaş tətbiq edən ölkələrdən Yaponya və Honq-Konqda gözlənilər orta pensiya dövrü 20 ildir. Hansı ki, bu göstərici Azərbaycanla müqayisədə 2.5 dəfə çoxdur. Ölkələr arasında ən aşağı göstərici isə Azərbaycana məxsusdur. Başqa sözlə bir yapon pensiya çıxdıqdan sonra 20 il yaşayır və bu müddət ərzində yaşayışı pensiya mexanizmi vasitəsi ilə müdafiə olunur, bir azərbaycanlı isə pensiya çıxdıqdan sonra cəmi 8 il yaşaya bilir. Həmçinin statistik təsbirdən aydın olur ki, 65 yaş tətbiq edən ölkələr üzrə median gözlənilən orta pensiya dövrü 16 ildir. Bu isə Azərbaycanla müqayisədə iki dəfə yüksək göstəricidir.
Təbii ki, diqqətli oxucular düşünə bilər ki, Gürcüstanda da vəziyyət təximənən Azərbaycan oxşardır. Lakin, bir məqamı nəzərə almaqda fayda olduğunu düşünürəm. Beləki, Gürcüstan məhdud resurslar daxilində öz vətəndaşına ən az 9 il pensiya alma imkanı yaratdığı halda fiskal siyasətini və iqtisadiyyatını karbohidrogen sərvətləri üzrəində quran Azərbaycanda bu göstəricinin 8 olması əlbətdə ki, təəccübləndirici/düşündürücü məqamdır.
Pensiya yaş həddi qonşu Türkiyədə 60, Özbəkistanda 60, Ukraynada 60, Rusiyada 61.5, Ermənistanda 63, Qazağıstanda 63, Latviya, Litviya və Estoniyada 64, Türkəminstanda isə 62 il olaraq müəyyən edilib.
Dünya Bankının açıqladığı orta ömür indikatorlarını nəzərə almış olsaq pensiyaçı Türkiyədə 18 il, Özbəkistanda 12 il, Ukraynada 11 il, Rusiyada 9.5 il, Ermənistanda 12 il, Qazağıstanda 8 il, Latviyada 11 il, Litvada 11 il, Estoniyada 14 il, Türkmənistanda isə 6 il pensiya alaraq yaşayır.
Müqayisədən aydın olur ki, Azərbaycanda gözlənilən pensiya dövrü bu ölkələr arasında yalnız Türkmənistandan öndədir. Göründüyü kimi iqtisadiyyatının qeyri-resurslar üzərində quran Türkiyədə vətəndaş azərbaycanlılarla müqayisədə 10 il daha çox pensiya alır.

Əmək pensiyaları sistemində varislik hüququ çox məhdud şəkildə təsbit edilib. Əksər hallarda pesiya yaşına çatmayanları illər ərzində ödədikləri məcburi dövlət sığorta haqqı itirilir. Bu isə sistemin təşviqediciliyini aşağı salır və insanların illeqal əmək bazarının iştirakçısı olmağa təşviq edir.
Yuxarıda sadalanan problemləri nəzərə alaraq pensiya sisteminin sisteminin təkmilləşdirilməsi, təşviqediciliyinin və əhalinin rifahına təsirinin artırılması, həmçinin sistemin gəlirlərin yenidən və daha effektiv bölüşdürülməsində səmərəli alətə çevrilməsi məqsədi ilə aşağıdakı təkliflər irəli sürülür:

  1. Pensiya yaşının müəyyən edilməsində aşağıdakı formula istifadə edilir və pensiya yaşı həddi ilə orta ömür arasında müsbət korelyasiya müəyyən edilir. Belə ki, pensiya yaşı gözlənilən orta ömürdən gözlənilən pensiya ödənişi müddəti çıxılmaqla müəyyən edilir. Sistemin mənfi tərəfin pensiya yaşının tez-tez dəyişikliyə uğraması şəklində ortaya çıxa bilər. Bu çətinliyin aradan qaldırılması məqsədi ilə 5 illik orta göstərici yanaşması tətbiq edilə bilər. Bu zaman yaş həddinin tez-tez dəyişməsindən qaynaqlanan texniki çətinlik və əhali arasında çaşqınlıq səviyyəsi minimuma salına bilər.
    Bu formulun tətbiqi edilməsi ölkədə pensiya yaş həddinin 4 il azaldılaraq 61 yaş olmasını şərtləndirir ki, hazırda tövsiyə edilən əsas həll budur. Lakin, hökumət buna getmədiyi halda ən azından insanların kapitalının onlara geri dönüşünün ədalətliliyini təmin etməlidir. Bunun üçün isə, gözlənilən pensiya ödənişi indikatoru dəyişdirilməlidir.
  2. Hazırda Azərbaycanda müvafiq göstərici 8 il yaxud 96 aydır. 144 ay indikatorundan imtna edilməsi və 96 ay göstəricisinin tətbiqi müvafiq indikatorun real vəziyyətlə paraleliyinin qorunması ilə yanaşı pensiyaçıların aylıq pensiya məbləği 50% artmasına səbəb olacaqdır. Bu da insanların ahıllıq dövründə daha rahat və qayğısız yaşamasını şərtləndirəcəkdir.
  3. 2022-ci ildən etibarən müəyyən edilmiş minimum pensiya kapitalının səviyyəsi inflyasiya göstəricisinə uyğun indeksləşdirilməklə aparılması məqsədəuyğun hesab edilir. Müvafiq tövsiyə qəbul edildiyi halda minimum pensiya kapitalı proqnozlaşdırılan göstərici olacaq, kəskin və gözlənilməz artım olmayacaq, birinin sevinci digərlərinin kədəri ilə nəticələnməyəcəkdir.
  4. Pensiyaların indekləşdirilməsi ildə 4 dəfə (hər rübdə bir dəfə) olmaq şərti ilə istehlak qiymətləri indeksi səviyyəsində artırılsın tövsiyə edilir. Nəticədə qiymətlərlə pensiyaçıların gəlirləri arasında müsbət korelyasiya yaranacaq, yoxsullaşma riski azalacaq. Müvafiq mexanizm iqtisadi böhranlar və hətta staqnasiya dövrlərində də əhalinin alıcılıq gücünün qorunmasına töhvə verəcəkdir.
  5. Tam varislik hüququnun təsbit edilməsi təklif edilir. Bunun üçün vətəndaşın hesabında toplanan kapitalın onun varislərinə ötürülməsi mexanizminin yaradılması əmək fəaliyyətinin leqallaşdırılması və MDSSH ödənilməsini təşviq edəcəkdir. Bu isə əmək bazarının leqallaşdırılması, insanların prosesdə daha aktiv iştirakı, həmçinin sistemin ədalətliliyinin təmin edilməsi baxımında mühüm əhəmiyyət daşıyır.
Previous articleİsrail səfiri Zəngilana getdi
Next articleNikol Bakıya gələ bilər, Robert və Serj isə… – Deputat

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here