Home Dünya Latviya paytaxtında 28 May – Müstəqillik Günü təntənə ilə qeyd edilib

Latviya paytaxtında 28 May – Müstəqillik Günü təntənə ilə qeyd edilib

212
0

Latviyanın paytaxtı Riqa şəhərində 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir və konsert keçirilib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə tarixi-memarlıq abidəsi olan Kiçik Gildiyada baş tutan rəsmi qəbulda bu ölkənin nəqliyyat naziri, Azərbaycan-Latviya hökumətlərarası komissiyasının həmsədri Talis Linkaits, Latviya Prezidentinin xarici məsələlər üzrə müşaviri Solveiqa Silkalna, Latviya Seymi, Xarici İşlər Nazirliyi və digər dövlət strukturlarının rəsmiləri, diplomatik korpusun rəhbərləri və Azərbaycan diaspor təşkilatlarının üzvləri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov və Latviyanın nəqliyyat naziri Talis Linkaits çıxış ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlət müstəqilliyimizin bərpası və qorunmasında müstəsna xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı torpaqlarımızın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildiyi və ərazi bütövlüyümüzün bərpa olunduğu barədə ətraflı məlumat verilib. Zəngin tarixi və mədəni əlaqələrə malik olan Azərbaycanla Latviya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, qarşılıqlı səfərlərin və mühüm tədbirlərin həyata keçirildiyi vurğulanıb. 

Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edən latviyalı nazir ölkələrimizin oxşar azadlıq və inkişaf yolu keçdiyini bildirib. Azərbaycanla Latviyanın vacib tərəfdaş ölkələr olduğu, bu il mayın 20-də hökumətlərarası komissiyanın 8-ci iclasının uğurla keçdiyi, nəqliyyat əlaqələrinin və sərnişindaşımanın inkişafı istiqamətində əməkdaşlıq imkanları, bu münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının vacibliyi nəzərə çatdırılıb. 

Tədbir Latviya Milli Simfonik Orkestrinin musiqiçilərindən ibarət kvartetin ifasında Azərbaycan, Latviya və Avropa bəstəkarlarının əsərlərinin ifa olunması ilə davam edib.

Bu tədbirin ardınca Baltik regionunun ən böyük kilsəsində Müstəqillik Gününə və “Şuşa İli”nə həsr edilmiş konsert keçirilib.

Azərbaycan səfirliyinin və Riqa kafedralının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən konsertdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers, Latviya Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, Latviyada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimaiyyətinin və Azərbaycan icmasının üzvləri daxil olmaqla 600-dək qonaq iştirak edib.

Konsert öncəsi çıxış edən səfir Elnur Sultanov 28 May – Müstəqillik Günü və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan olunması barədə məlumat verib. Qarabağın milli musiqi mədəniyyətimizin beşiyi, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın həmin bölgənin tacı və xalqımız üçün müqəddəs məkan olduğunu xatırladan diplomat Riqa kafedral kilsəsində ilk dəfə  Azərbaycan muğamının səslənməsini tarixi hadisə adlandırıb. 

Konsertdə Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu çıxış edib. Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), muğam müsabiqəsinin qalibi Gülzar Fərəcova və Natəvan Quliyevanın (orqan) ifasında Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları təqdim edilib. Konsert proqramı, xüsusilə Qarabağ və Şuşaya həsr olunmuş mahnılar qonaqların böyük maraq və alqışları ilə qarşılanıb.

Previous article10 ay komada qalan qazimiz dünyasını dəyişdi
Next articleİsrail səfiri Zəngilana getdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here