Home QHT “Müstəil Azərbaycan AXC-nin varisidir” adlı elmi konfrans keçirilib

“Müstəil Azərbaycan AXC-nin varisidir” adlı elmi konfrans keçirilib

101
0

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 28 May Respublika Günü münasibəti ilə “Müstəil Azərbaycan AXC-nin varisidir” adlı elmi konfrans keçirilib.

Sosialxəbər.az -ın məlumatına görə, konfransda millət vəkilləri İlham Məmmədov, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. Konfransı giriş nitqi ilə açan AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov açaraq 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan AXC-nin yaranma tarixindən danışıb, milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisə kimi qiymətləndirib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Milli Məclisin üzvü İlham Məmmədov AXC-nin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu vurğulayıb. Qeyd edib ki, müstəqil Azərbaycan Respublikası AXC-nin varisi kimi bütün sahələrdə – xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, enerji, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. “Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindəndir”.

Millət vəkili Bəhruz Məhərrəmov da qeyd edib ki, Cümhuriyyət dövründə toplanılan tarixi təcrübə, əsası qoyulan demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında uğurla həyata keçirilir və inkişaf etdirilir. Digər deputat Naqif Həmzəyev çıxışında AXC-nin parlamentarizm ənənələrini formalaşdırmasına, idarəetmənin hüquqi əsaslarını yaratdığına, müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji mədəni və tarixi əsaslarının müəyyənləşdirilməsində böyük rol oynadığına diqqət çəkib.

AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev ulu öndər Heydər Əliyevin “müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” kəlamını xatırladaraq bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman tarixi dəyərlərə, o cümlədən AXC-nin dövlətçilik ənənələrinə hörmətlə yanaşır və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayırdı. Konfransda iştirak edən gənclər də çıxış edərək bugünkü gəncliyin müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi, müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində üzərlərinə düşən məsuliyyəti tam dərk etdiklərini diqqətə çatdırıblar.

Çıxışlardan sonra konfrans öz işini bölmələrdə davam etdirib. Bölmələrdə keçirilən iclasda millət vəkilləri ilə yanaşı, respublika Mediasiya Şurasının sədri Nadir Adilov, Şuranın üzvü, mediator Gültəkin Məmmədova iştirak edib.

Previous article“Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adlı növbəti tədbir keçirilib – FOTOLAR
Next articleGəncədə yaşayış binasında partlayış: Ölən var

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here