Home QHT Azərbaycan Texniki Universitetində “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirildi

Azərbaycan Texniki Universitetində “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirildi

99
0

26 aprel 2022-ci il tarixdə Azərbaycan Texniki Universitetinin iclas zalında “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)” layihəsinin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihədə məqsəd ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarını və bunların nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır. Bununla əlaqədar layihə çərçivəsində hazırlanmış “Vandalizm” adlı sənədli film rus və ingilis dillərinə də tərcümə edilib. Bu versiyalar Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara, həmçinin ölkəmizdə işləyən yaxud Azərbaycana turist kimi səfər edən əcnəbilərə paylanacaq. Bundan əlavə, “Vandalizm” filminin əcnəbi dillərə tərcümə edilmiş versiyaları xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının köməyi ilə həmin ölkələrin cəmiyyətlərində yayılacaq. Vurğulamaq lazımdır ki, “Vandalizm” sənədli filmi sosial şəbəkələrdə də geniş təbliğ olunur.

Azərbaycanın dövlət himninin səsləndirilməsi, daha sonra isə şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimində tələbələr iştirak edib. Tələbə və müəllim kollektivinə təqdim olunan sənədli filmdə ermənilərin vandalizm siyasətinin mahiyyəti ifşa edilir. Qeyd olunur ki, bu siyasət dərin köklərə malikdir və tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı soyqırımlar törətməkdə, azərbaycanlılara məxsus tarixi abidələri dağıtmaqda, dini mənsubiyyətindən asılı olmayaraq məscid, məbəd və s. qədim müqəddəs məkanları tanınmaz hala salmaqda, bunları yerlə-yeksan etməkdə özünü büruzə verib. Dünya erməni vandalizminin nəticəsini görməli, bunu bilməlidir. Bizim məqsədimiz məhz budur. Beynəlxalq aləm cinayətkar barəsində mütləq ölçü götürməlidir.

Sənədli filmə baxışdan sonra onun ətrafında geniş müzakirələr aparıldı. Layihənin rəhbəri Büllur Məmmədova, AzTU-nun Media, İş və Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov və İctimai birliyin sədr müavini Fəridə Şahbazova erməni vandalizminin tarixi kökləri, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında tarixi-dini abidələrimizə qarşı törədilmiş vəhşi əməllərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi və bu əməllərin bütün hüquqi və mənəvi normalara tam zidd olması barədə danışıblar, həmçinin erməni cinayətlərini beynəlxalq aləmə çatdırmaq məqsədi ilə bundan sonra da layihələrin işlənməsinin zəruriliyi barədə fikir və təkliflərini səsləndiriblər.

Qeyd etmək lazımdır ki, “Vandalizm” sənədli filmi “Aktual Media Group” mərkəzində hazırlanmışdır.

Previous articleDB: Ərzaq və enerji qiymətləri artacaq
Next articleGənc müəllim qəflətən vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here