Home QHT Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə tədbirlər davam etdirilir

Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə tədbirlər davam etdirilir

155
0

Sosialxəbər.az xəbər verir ki, 08 Apreldə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Bakı Gənclər Mərkəzində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində növbəti tədbir baş tutub.

Tədbirdə ilk öncə Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Gənclər Mərkəzinin direktor müavini Günay Talıbova tədbiri açıq elan edərək “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Bakı Gənclər Mərkəzinin heyətinə minnətdarlığını bildirib.

Təşkilatın fəaliyyəti haqqında məlumat verdikdən sonra, layihənin mövzusuyla bağlı çıxışını davam etdirərək Ziba Nəbiyeva qeyd edib ki, bir sıra təhlükəli xəstəliklər var ki, onlar haqqında kifayət qədər məlumatlı olmaq vacibdır: “Məsələn, viral hepatitlər əsasən də Hepatit B, D, C təhlükəli yoluxucu xəstəliklər sayılır. Viral hepatitlərin təhlükə mənbəyi əksər halda xəstəliyin xroniki formasının uzun illər simptomsuz formada və ya zəif simptomlarla keçməsidir. Belə olduğu halda xəstəliyi, həm də yoluxma hallarını nəzarət altında saxlamaq çətinləşir. Zamanında müalicə olunmadıqda isə xroniki viral hepatitlər qaraciyər sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir.

Nəinki viral hepatitlər, vərəm və QİÇS kimi digər təhlükəli yoluxucu xəstəliklərdən qorunmağın əsas yolu önləyici profilaktik tədbirlərin keçirilməsi və müvafiq məlumatlandırmanın aparılmasıdır. Bu baxımdan bugünkü tədbirin əsas məqsədi gənclərimizi sağlam gələcəkləri naminə bilgilərlə silahlandırmaqdır”.

Layihə rəhbəri Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib.


Deyilənlərlə bağlı animasiya çarxları nümayiş olunub.
Vərəm xəstəliyi barədə təqdimatı isə gənclərə həkim, ekspert Samirə Muxtarova çatdırıb. O, hava- damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə ətraflı danışıb.


İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda gənclərə mövzuyla bağlı bukletlər, kovid infeksiyasının profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr paylanıb.


Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlığını təmin etmək məqsədilə Bakı Gənclər Mərkəzinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, həmçinin bukletlər, tibbi və gigiyenik vasitələr də təqdim olunub.


Ümumilikdə, Bakı Gənclər Mərkəzində keçirilən tədbirdən 50 nəfərdən çox gənc bəhrələnib.
Qeyd edək ki, layihə çərçivəsində ilk tədbir Sabunçu Gənclər evində olub. Sonuncu tədbirin isə Suraxanı Gənclər Evində keçirilməyi nəzərdə tutulub.

Previous articleQusarda Qarabağ Müharibəsi əlilləri üçün sosial təminat mexanizmlərinin və imtiyazların əlçatanlığının barədə dəyirmi masa keçirildi
Next articleSumqayıtda “Qarabağ Azərbaycandır”Rəsm və İnşa müsabiqələrinin ilk tədbiri keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here