Home Milli Məclis Şərait yaranıb, İrəvana təzyiqləri artırmalıyıq – Millət vəkili

Şərait yaranıb, İrəvana təzyiqləri artırmalıyıq – Millət vəkili

263
0

Sosialxəbər.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

– Qüdrət bəy, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin toplantısında Avropada müsəlmanlara qarşı düşmənçiliyin gücləndiyini bəyan edib və müsəlman ölkələrini bir-birinin yanında olmağa çağırıb. Çavuşoğlunun fikirlərinə münasibət bildirmənizi istrərdik.

– Mövblud Çavuşoğlu Azərbaycanı Türkiyə qədər sevən, Azərbaycan üçün hər cür fədəkarlığa hazır olan şəxsdir. Xalqımız onun 44 günlük savaşda etdiklərini heç zaman yaddan çıxarmayacaq. Fransa Senatının “Dağlıq Qarabağ”ın tanınması zərurəti haqqında qərarı”, Avropa Parlamentinin “Dağlıq Qarabağ”da erməni irsinin məhv edilməsi” barədə Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə onun dediklərinin sübutudur. Müsəlman ölkələri Çavuşoğlunun dediklərinin həqiqət olduğunu bilirlər və bir-birini qorumaq üçün qəti addımlar atmalı, eyni zamanda bu ölkələrdə islahatlar genişləndirilməli, qanunun aliliyi təmin edilməli, demokratiya inkişaf etdirilməli, elm və təhsilə xüsusi diqqət yetirilməlidir. O cümlədən, müsəlman ölkələrinin və xalqların təhlükəsizliyini təmin etmək, onları kənar hücumlardan, repressiya və assimilyasiyadan qorumaq məqsədilə İslamabad islam dünyasının iki böyük demokratik ölkəsinin – Türkiyə və İndoneziyanın da nüvə silahına sahib olmaları üçün onlara texnoloji baxımdan yardım etməlidir. Həmin dövlətlər buna nail olana qədər Pakistan malik olduğu 150-yə qədər nüvə başlığından həmin ölkələrin hər birində ən azı 30-35-ni yerləşdirə bilər. İslam ölkələri iqtisadi, siyasi və hərbi baxımdan daha sıx əməkdaşlıq etməli, İƏT daha ciddi inteqrasiya olunmuş ölkələrin təşkilatına çevrilməlidir.

– Dünən Baş Qərargah rəisi Kərim Vəliyevlə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini Aleksey Kimin görüşündə Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılması məsələsinin müzakirə olunduğu mətbuata açıqlandı. Müsbət bir nəticə gözləyirsinizmi?

– 10 noyabr 2020-ci il sazişindən 1 il 4 ay vaxt keçir, amma erməni silahlı qüvvələri razılaşmanın 4-cü bəndini yerinə yetirmir, Zəngəzur dəhlizi məsələsi açıq qalır. Üçtərəfli sazişin iştirakçısı, bölgəyə sülhməramlılarını yeritmiş və bizə müttəfiq olan Rusiya bu istiqamətdə Ermənistana təzyiq etməlidir, Qarabağ üzərində suveren hüquqlarımızın bərpa olunmasına mane olmamalı, bu prosesi ləngitməməlidır. Rusiyaya deyilməlidir ki, siz bu prosesi uzatdıqca Azərbaycan xalqı sizə həmişə şübhə ilə yanaşacaq, ölkələrimiz arasında hansı sənədin imzalanmasından asılı olmayaraq, xalqlarımız arasında səmimi münasibətlər olmayacaq. Rusiya gördü ki, 44 günlük savaş zamanı saxladığı neytrallığa görə xalqımızın onlara münasibəti yaxşı mənada necə dəyişmişdi. Rusiya bu gün də görür ki, türk-müsəlman ölkələri onun Ukraynaya təcavüzünü dəstəkləməsə də ona qarşı sanksiyalara da qoşulmurlar. Rusiya bunu qiymətləndirməlidir. Axı biz başqa bir şey istəmirik, öz torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpa olunmasını istəyirik. Hazırda əlverişli bir şərait yaranıb. Bir də belə bir vəziyyət nə vaxt yaranacaq, bunu Allah bilir. Bu istiqamətdə Türkiyə də, Pakistan da Rusiya ilə açıq danışmalıdırlar. Hər iki qardaş ölkədən bunu etmələrini xahiş etməliyik, onlar da bütün kənar təzyiqlərə baxmayaraq Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıblar. Biz eyni zamanda Ermənistana təzyiqləri artırmalıyıq. Ermənistan Qarabağdakı indiki status-kvonu qoruyub saxlamaq istəyir, ona bu imkanı verməməliyik. Qarabağ üzərində suveren hüquqlarımız tam bərpa olunmalıdır. İndi problemi həll edə bilməsək və gələcəkdə Qərbin regiona təsir imkanları artsa, ya bizi Qarabağda referendium keçirməyə məcbur edəcəklər, ya da münaqişəni dondurub mövcud status-kvonu qoruyub saxlayacaqlar. Bir daha söyləyirəm, Qərb tərəfindən yönləndirilən bəzi siyasi dələduzlar Qərbin Qarabağ məsələsində beynəlxalq hüququ, Azərbaycanı müdafiə etməməsini bizdə demokratiyanın olmaması ilə əlaqəndirməyə çalışırlar. Amma heç birimizin yadından çıxmayıb ki, 1992-ci ildə, həmin şəxslərin demokratik saydığı Elçibəyin prezidentliyi zamanı, ABŞ Qarabağdakı erməni seperatizmini dəstəkləmək üçün bizə dövlət yardımını qadağan edən sanksiya tətbiq edib. Qərb ölkələri Ukraynadakı, Gürcüstandakı və Moldovadakı separatçılara və həmin dövlətlərdə bundan qaynaqlanan münaqişələrə Azərbaycandakı münaqişədən fərqli yanaşıb. Həmin ölkələrdə münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini müdafiə etsələr də, bizə deyiblər ki, işğalçı dövlətlə anlaşın, Qarabağda referendum keçirin və onun nəticələrin tanıyın. Digər separatçı rejimlərdən fərqli olaraq, Qarabağdakı rejimə maliyyə dəstəyi veriblər, onunla əməkdaşlıq ediblər, rejim başçılarının öz ölkələrinə səfərlərinə mane olmayıblar. Qərbdəki islamafobiya, erməni diasporu və onların ələ aldığı satqın siyasətçilər Azərbaycanın ərazi bütövlüyü üçün ən böyük təhlükədir. Azərbaycan daha qətiyyətli hərəkət etməlidir. Səylərimizi artırsaq, uğurlu nəticələrə inanıram.

Previous articleCəlilabadda narkokuryerlər 19 kilo narkotiklə saxlanıldı
Next articleNeftçalada intihar hadisəsi baş verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here