Home Cəmiyyət Şuşa və Moskva bəyannamələri: Əsas müttəfiqimiz kimdir?

Şuşa və Moskva bəyannamələri: Əsas müttəfiqimiz kimdir?

131
0

Şuşa Bəyannaməsi ilə Moskva Bəyannaməsi arasında fərq var: birinci özündə dərin inteqrasiyanı əks etdirir, ikinci qarşılıqlı öhdəlikləri.

Hər iki bəyannamədə “qarşılıqlı hərbi yardım” məsələsindəki fərq də çox şeydən xəbər verir.

– Rusiya ilə müqavilədə qeyd olunur ki, zərurət olarsa, “tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər”;

– Türkiyə ilə müqavilədə deyilir ki, zərurət yaranacaqsa, tərəflər bir-birinə hərbi yardım göstərəcək, hətta iki ölkənin ordusunun birgə fəaliyyəti təşkil olunacaq.

Təkcə bu məqam belə Azərbaycanın əsas müttəfiqinin Türkiyə olduğuna bir daha dəlalət edir. Rusiya da bunu anlayır, lakin Azərbaycandan istəkləri var və bunu bəyannamə ilə rəsmiləşdirir:

– Geosiyasi qarşıdurmada antirusiya cəbhəsində yer almasın;

– Qafqaz və Xəzərə regional ölkələrdən kənar qüvvələr daxil olmasın;

– Enerji əməkdaşlığı Rusiya ilə də dərinləşdirilsin;

– İkitərəfli iqtisadiyyatda milli valyutadan istifadə edilsin, rus silahının müştərisi olmağa davam etsin və s.

Bu məsələlərdə indiyə kimi o qədər də fərqli mövqe yox idi. İndi ABŞ-Rusiya qarşıdurmasında Moskvaya yazılı zəmanət lazımdır.

Səbəblərdən biri Şuşa Bəyannaməsidir: Ankara və Moskva Cənubi Qafqazda təsir dairəsini qarşılıqlı paylaşsa da, ruslar üçün Türkiyənin bölgəyə gəlişi dolayısı ilə NATO-nun da gəlişidir və Rusiya Şimal Alyansının bölgədə mümkün genişlənməsini önləmək istəyir.

Digər səbəb Qərb-Rusiya qarşıdurmasının ikinci cəbhəsinin Cənubi Qafqaz olması gözləntisidir: bölgədə tarazlıq ikinin birə olmaqla Rusiya üçün risklər vəd edir; Ermənistan rus ittifaqlarında yer alır, Gürcüstan Qərb blokuna yaxındır, Azərbaycan Türkiyədən yana seçim edib; ruslar belə bir bəyannamə ilə siyasi tarazlığı balanslaşdırır.

Bəyannamədə qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi tərəflərin müstəqil xarici siyasət yürütmə haqqı, eləcə də rəsmi Bakının xarici siyasi kursu fonunda çətinləşə bilər. Hərçənd, Rusiya da anlayır ki, Azərbaycanın xüsusilə Türkiyə ilə birgə xarici siyasətinə böyük ölçüdə təsir etmək çətindir. Moskvaya lazım olan daha çox bölgədəki siyasi tarazlığı düzəltmək, Bakı və Ankaranın birgə siyasətində rusların da maraqlarının nəzərə alınması, yaxud ən azı onların maraqlarına toxunulmaması və bu bölgədə antirusiya cəbhəsinin formalaşması riskinə qarşı zəmanət əldə etməkdir.

Bakı bu zəmanəti vermək qarşılığında üç istiqamətdə nəticə əldə etmək istəyir:

Birincisi, geosiyasi təlatümlərdən kənarda qalmaq və mümkün qədər zərər görməmək;

İkincisi, Rusiyadan mümkün təzyiqləri neytrallaşdırmaq;

Üçüncüsü, Bakının postmünaqişə dövrü üçün irəli sürdüyü gündəliyin həyata keçirilməsi təminatını gücləndirmək: bura sərhədin delimitasiyasından tutmuş yekun sülh müqaviləsinin imzalanmasına qədər əsas məsələlər daxildir.

Bəyannamədə 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarının icrasının qeyd olunması bu məsələdə Bakı və Moskvanın bölgənin gələcəyinə dair eyni mövqedən çıxış etdiyini göstərir.

– Erməni qoşunlarının Qarabağdan çıxarılması, separatçıların ləğvi, kommunikasiyanın açılması, sərhədlərin müəyyən edilməsi və Ermənistan-Azərbaycan yekun sülh sazişinin imzalanması.

Sənədin bəndləri, xüsusilə 1-ci, 9-cu, 10-cu, 11-ci və 18-ci, Bakının bu tələblərinin icrasında əlini gücləndirir.

Əliyevlə Putinin qapalı görüşündə bu məsələlərin müzakirə edildiyi və müəyyən razılaşmaların olduğu da istisna deyil. Görüşdən sonra mətbuat konfransında səslənən fikirlər də bu kontekstdə diqqət çəkdi, xüsusilə Putinin Paşinyanla danışığı, Əliyevin erməni qoşunların çıxarılması və Zəngəzur dəhlizi haqda dedikləri.

Əliyevin diqqətçəkən fikirlərdən biri isə 1-ci bəndi xüsusi vurğulaması, “bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar” sözləri idi. Bu, Bakının Qarabağdakı separatizmin ləğvi məsələsini də Moskva masasına daşıdığı fikrini önə çıxarır.

Previous articleMirkişilinin İrəvandan bu fotosu erməniləri “qəzəbləndirdi”
Next articleUkraynanın paytaxtı Kiyevdə həyəcan siqnalı səsləndirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here