Home Milli Məclis Yaxın gələcəkdə sahibkarların Qarabağa sərmayə qoyuluşu qaçılmazdır

Yaxın gələcəkdə sahibkarların Qarabağa sərmayə qoyuluşu qaçılmazdır

317
0

Pərviz Heydərov yazır…

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna – Ağcabədi ilə Ağdama növbəti səfəri zamanı sahibkarlara çağırış etdi ki, Ağdama gəlsinlər, azad edilmiş bütün digər ərazilərə sərmayə – vəsait qoysunlar.

“Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, həm də güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”, – deyə, Dövlət başçımız bildirdi.

Bu, növbəti çağırış və növbəti dəfə yerli sahibkarlara – investorlara müraciət, dəvət idi. İqtisadiyyatımızın böyük bir hissəsi məhz özəl sektora məxsus olduğundan, çoxlu sayda özəl şirkətlərimiz, holdinqlərimiz, sahibkarlarımız var və onlar çox böyük yerli investisiya imkanlarına malikdir. Bütün bunlar faktdır.

44 günlük müharibə bitən gündən hökumət işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlayıb. Və bu işlərin məğzini nəqliyyat və kommunikasiya əlaqələri və vasitələrinin bərpası, bunların ən müasir tələblər əsasında qurulması və təmin edilməsi, o cümlədən yaşayış yerlərinin salınması və sair təşkil edir. 

Ona görə də Prezident əlavə edib ki, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. 

Niyə və nəyə görə? Ona görə ki, sözügedən bölgənin potensialından istifadə etmək mümkün olsun, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının malik olduğu bütün imkanlar ölkənin ümumi iqtisadi potensialı çərçivəsinə daxil edilsin. 
Ümumən, ölkə iqtisadiyyatı bundan töhfə əldə etsin.

Odur ki, bölgənin inkişafında yerli investorların iştirakı vacibdir. Sahibkarlar və iş adamları burada biznes qurmalı, dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə etməli, sözügedən bölgənin inkişafına öz töhfələrini verməlidirlər.

Bəs, qeyd olunan subyektlər və dairələr bunda maraqlıdırlarmı? Onlar nəyə görə gözləmə mövqeyində dayanıblar və kütləvi şəkildə real hərəkətə keçməməyin səbəbi nədir?

Ağcabədiyə səfəri zamanı ölkə başçısı “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış oldu. Adıçəkilən park müasir əkinçilik və bağçılıq təsərrüfatına aid layihədir – ümumi sahəsi 3 min hektardır və ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir.

Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilir. Ötən il aqroparkda 3094 hektar sahədən 2240 ton buğda, 1932 ton arpa, 7685 ton dən üçün qarğıdalı, 416 ton birillik ot, 87 ton pambıq, 14 ton soya, 1705 ton qarışıq senaj və 6642 ton digər məhsullar olmaqla 20 721 ton məhsul götürülüb.

Ümumi dəyəri 35 milyon manat olan “Ağcabədi taxıl Aqropark”ın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib ki, nəticədə 41-i daimi olmaqla 150 iş yeri yaranıb.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında bu rəqəmlərin və belə bir aqroparkın rolu məgər azdırmı? Xeyr.

Və yaxud götürək, 190 hektar ərazidə yerləşən Ağdam Sənaye Parkını. Burada tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili əsas istiqamətlər olaraq seçilib.

Parkın artıq, 5 sahibkarlıq subyektindən ibarət rezidenti var. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən 10-dan çox layihəyə baxılır ki, Prezident qeyd etmişkən, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaq. Burada təkcə iki rezident tərəfindən inşa ediləcək müəssisələrdə 140 sayda yeni iş yeri açılacaq.

Yəni, bütün bunlar nəyi göstərir? Əslində, sahibkarların bölgəyə marağı və investisiya istəyi az deyil. Buna real şərait, zəmin və müvafiq çağırış da var. Sadəcə, müəyyən tərəddüdlər mövcuddur ki, bu da təbiidir.

Birincisi, sahibkarlarımızın çoxunda qısamüddətli qazanc istəyi güclüdür, ikincisi, sözügedən bölgənin və ya iqtisadi rayonların potensialına dair ətraflı və çevik bilgi səviyyəsi qənaətbəxş həddə deyil, üçüncüsü, gizlində təhlükəsizliyə zəmanət istəyi mövcuddur, dördüncüsü isə qeyd olunan bölgədə biznes və sahibkarlıq fəaliyyəti üçün ola bilsin əlavə güzəştlər gözlənilir.
Sadalananların sayını artıra da bilərəm. Ancaq əbəsdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı müəyyən amillər baxımından digər rayonlarda yoxdur. Həm təbii resurslar baxımından, həm müharibə bitdikdən bəri Prezident İ. Əliyevin rəhbərliyi altında dövlətin və hökumətin bu ərazidə gördüyü işlər nəticəsində yaranan və hələ yaradılacaq şərait, həm bölgənin ölkəmizin coğrafi nöqteyi-nəzərindən çox mühüm yerində yerləşməsi və kənar ölkələrin bazarlarına çıxmaq şanslarının geniş olması sarıdan və sair…

Təhlükəsizliyə zəmanətə gəldikdə, bir fakta diqqət çəkmək kifayətdir. Dövlət başçısı hər dəfə bölgənin bu və ya digər rayonlarına səfəri zamanı müxtəlif infrastruktur layihələrin açılışına və yaxud da tikintisinə start verilməsi ilə bağlı tədbirlərdə iştirak etməklə yanaşı, Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərinə dair ən müasir təchizata malik hərbi hissələrin də fəaliyyətə başlamasına dair mərasimlərə qatılır, bununla da nəzərdə tutulan bütün iqtisadi perspektivləri heç bir hərbi-siyasi təhlükə gözləmədiyini nümayiş etdirir.

Sahibkarlar üçün işğaldan azad olunmuş ərazilərdə tikinti, turizm, istehsal, kənd təsərrüfatı məhsulları tədarükü, eyni zamanda emalı, həmçinin ticarət və müxtəlif növ xidmət sahələrində biznes qurmaq və fəaliyyət göstərmək imkanları var.

Bundan əlavə, sadalanan sahələrdə hələ ki, rəqabət yoxdur, ona görə də, sərmayə qoyuluşunda birincilik daha çox qazanc gətirə bilər və gətirəcək.

Qeyd olunan bölgədə biznes və sahibkarlıq fəaliyyəti üçün əlavə güzəştlər gözləntisinə gəldikdə isə, Dövlət başçısının 10 dekabr 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamı var.

Sərəncamda hökumətə tapşırılıb ki, 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarını səmərəli idarə etmək, onları emal sənayesi və xidmət infrastrukturunu yaratmağa yönəltmək məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi barədə təklifləri ölkə başçısına təqdim etsin.

O cümlədən, özəl təşəbbüsləri stimullaşdırmaq, investisiyaların təşviq mexanizmlərini təkmilləşdirmək, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük-vergi güzəştlərini, həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştləri müəyyən etmək və sair haqda təkliflər də bura daxildir.

Yaxın gələcəkdə sahibkarların Qarabağ və onun ətraf zonasına sərmayə qoyuluşları qaçılmaz olacaq.

Previous articleKərimovanın 131 milyon dolları Özbəkistana qaytarıldı
Next articleSürücülərə şad xəbər: bu cərimələri ləğv etdirə bilərsiniz – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here