Home Qarabağ Mən bu rəzalətə görə üzr istəyirəm…

Mən bu rəzalətə görə üzr istəyirəm…

389
0

Sizin əzablarınız haqqında yazmaq, hər halda, qaz kamerasında qətlə yetirilməkdən ağır deyildi, doktor, amma səmimiyyətimə inanın; bu yazımı qələmə alarkən ürəyimdə yalnız bir istək vardı. Qanadınızın altına alıb həyatınızı qurban verdiyiniz yüzlərlə yetim uşağın yanında olmaq! Sizin yanınızda olmaq, doktor Yanuş Korçak, Sizin! Heç olmasa hər barmağımdan bir körpə tutardı!..

Gənc dostlarım! Sizə ünvanladığım növbəti məktubum – onlayn dərsimdə daim narahat ruhunuzu kiridəcək, saçlarınıza sığal çəkəcək, başınızın altına yastıq qoyacaq nəsə axtarmağa çalışmayın. Və heç bir halda reallıq hissini itirməyin. Dünya sizin kövrək xəyallarınızı doğruldacaq qədər mərhəmətli deyil! Onun qara mərmərlərə şəkil kimi cızdığı və yan-yana düzdüyü zəngin qaleriyası – sərt və amansız qanunları var. O qanunların hətta gözünüzə çox kiçik görünə biləcək adi bir durğu işarəsi də, əslində, “ehtiyatlı, tədbirli və ayıq olmaq” kimi söz və söz birləşmələrinin semantikasını kökündən dəyişir və daha alt qatlara daşıyır. Kitablardan öyrəndiyiniz etimologiya elmini tamamilə yad və mürəkkəb məzmunda, əcnəbi bir dildə tanıdır. Bu elmin və dilin əlifbası haqqındakı təsəvvürləriniz ilk dəfə ağlaya-ağlaya məktəbə gəlmək istəməyən, ancaq fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran bir uşağın öz doğma dili haqqındakı təsəvvürlərindən də bəsitdir. Bu elmin və dilin ibtidai siniflərində kimsə gözə dəymir! Müəllim və şagird qıtlığı var! Bizim məktəb həyatımız bizim həyat məktəbimizə uduzur!..

Burada gözünüzə adi və təbii görünən çox şey, məsələn, göy üzündəki qara buludlar və o buludların qəzəbli savaşından doğan ildırımlar, düşən dolular, yağan yağışlar orada öz materiyasını – məzmun və mahiyyətini ustalıqla dəyişir və əsla təbiət hadisəsi kimi qarşılanmır. Bu hadisələrin konfiqurasiyası sizin hiss və həyəcanınızın palitrasını aldadıcı rənglərlə boyadıqca dimensiyaya – yaddaşın və düşünmə qabiliyyətinin zəfləməsi kimi ağır və təhlükəli fəsadlara yol açır. Sizin ilk baxışdan qayğısız və xoşbəxt görünən həyatınızı gələcək zamanın qeyri-müəyyən formasında risk zonasına sürükləyir. Dünyagörüşünüzü, təsəvvürlərinizi ağlagəlməz təhlükəli elementlərlə üz-üzə qoyur. Nəhayət, aradan keçən bu illər ərzində nəyinsə dəyişdiyini düşünmək istəyiniz, gələcəkdə həsrətlə yolunuzu gözləyən böyük uğurları indidən altşüurda bloklamaqla bitir.

Bu imtinadır! Bu özünəqəsddir! Diqqətli olun! Yaşadığımız planetdə ayağımızın altındakı torpağa 120 milyon mina basdırılıb. Bir payı da Vətənimizin yaralı bağrında. Hər gün mina partlayışından dünyada 70-dək insan həyatını və sağlamlığını itirir. Onların hər üçündən biri sizin yaşıdlarınız – uşaqlardır!..

Siz insanların düşüncəsinə var gücü ilə mane olan, empatiya anlayışını sıradan çıxarmağa çalışan saxta bir dünyada yaşayırsınız! Öz fikirlərini sərbəst şəkildə ifadə etməyi bacarmayan adamlarla dolu bir dünyada! O hər gün azadlıq duyğumuzu, maraq dairəmizi boğmaqla, həyatımızı sintetik davranış və ünsiyyət alətinə çevirir; bizi daha çox özünün itaətkar qulu, özünü isə daha çox müharibə cinayətlərinin beşiyi kimi görür. Yoxsa hələ ikinci cahan savaşında alman əsgərlərinə “mən nə edirəm!?”, yaxud “mən necə ağır cinayət törədirəm!!?” kimi sualları vermək, görəsən, niyə yasaq olunmuşdu!?. Niyə bu tip suallar qanunla məsuliyyət yaradırdı!?. Mən bu “niyə”lərin koordinatlarını müəyyənləşdirməyi, sirrini açmağı hələlik sizin öz öhdənizə buraxıram və bu xüsusda son fikirimi yalnız yardımçı vasitə – ipucu kimi diqqətinizə çatdırıram: Çağdaş dünyamızda petrol qoxusuna hörüklənmiş hegemon siyasi güclərin metropoliyası da o qanunların təməl prinsipləri üzərində qurulub! Amma daha məxfi! Daha amansız! Ətrafınıza diqqətlə baxın! Gözünüzün önündə çatılan münaqişə ocaqları – total və lokal müharibələr dünyadakı ölüm risqini 55 faiz artırıb!..

Yəqin sizin rahat və təhlükəsiz sinif otağınızda – auditoriyanızda bu riskin səhnə arxasında gizlənmiş əsl mahiyyətini üzə çıxarmaq və həqiqi simasına ayna tutmaq asan başa gəlməyəcək! Çünki bizim təsəvvürlərimizdəki reallıqlarla planetimizin altşüurunda formalaşmış və bərkimiş dayanıqlı reallıqlar arasında diametral fərqliliklər var! Mən indi o fərqliliklərin cəmi iki notluq tragik simfoniyasını, o simfoniyanın bütün əzablarını ən xırda vurğusunadək qarşınızda yaşaya-yaşaya səsləndirəcəm. O sizi çox uzaqlara – əsl münaqişə ocağına, Şərq ölkələrindən birinə aparacaq və indiyədək ünsiyyət elmi haqqında öyrəndiklərinizi özünün daha praktik, daha inandırıcı, daha işlək bilgilərilə kölgədə qoyacaq! Bu yeni reallıqların diqtəsilə yeni baxış bucaqları altında yazılmış yeni lüğətdir! Demişdim axı, müharibə sözlərin mənasını dəyişir!..

Beləliklə:

Şərq ölkələrinin birində əcnəbi reportyor kürəyində özündən böyük oğlan uşağını daşıyan azyaşlı qıza yaxınlaşıb gülə-gülə soruşur:

– Deyəsən, yükün ağırdır?

Göz yaşlarında boğulan zavallı qızçığaz reportyorun hələ də gülən gözlərinə baxıb hıçqıra-hıçqıra içini çəkir:

– Ser! Bu yük deyil! O mənim yaralı qardaşımdır!..

Bu kədərli simfoniyadır, amma onun alt notlatında öz şəhid atasının baş daşı ilə qartopu oynayan uşaqların sonsuz sevinci – gülüş səsləri də var! Eşidirsiz!?.

O səslərin nəhəng okean dalğaları kimi şahə qalxan və bir-birini qovan amansız tezlikləri arasında zaman və məkan fərqi itir.

Qarşımızda tarixi reallıqların kameral təsviri: işıq surətinə tən dinamika və konfidensiallıq!

Hansı əsrdə və harada olduğumuzu müəyyənləşdirmək şansımız sıfrın alt qatında! Sözün saplağından üzüldüyü yerdə! Ehtiyac duyulan tək şey – fövqəladə diqqət və intiusiya! Çünki burada söz yoxdur daha! Yalnız səs var! Bir də qəfil yol ayrıcı! Amma heç bir halda bu geri dönüş deyil. Dağınıq diqqət və dünşüncələriniz bizi bir-birimizdən ildırım surətilə ayırsa da!..

Siz indi rahat və təhlükəsiz sinif otağınızda, mən 1918-ci ildə! Türkiyədə! Katranlı kəndindəyəm! Erməni daşnaklarının 1400 uşağı üst-üstə qalaqlayıb çatdığı ocağın içində! Bu ocağın işığında gördüklərimin hətta digital təsvirindən gözlərim tutulur! Üzüm ovcumun içində! Amma yenə də Zəngəzurda 2196, Şamaxıda 1277 azərbaycanlı körpənin qətli ilə bitən işgəncələri öz canımda yaşayıram! Və bu sətirləri şam işığında, göz yaşlarımla yazıram! Sözdən uzaqda!..

Əsl gerçəyim – yanımda olmadığınıza görə ilk dəfə dərindən nəfəs almağım! Amma təsəllisiz! Çünki bu da sizin xilasınız deyil! Çünki qulaqlarıma çırpılan səsi duyunca, bu dəfə torpaq ayağımın altından qaçır! Torpaqla, Sözlə birgə sağ qalmaq şansımı itirirəm! Gözümə torpağın üstündəkilərdən çox, torpağın altındakılar görünür!..

Səs! Ürəyimdə ildırım kimi çaxan səs! Kim(lər)sə o səsi ətəyində dayandığım qayanın zurvəsindən üstümə diyirləyir! Gözümün önündə – anbaan kiçilən uzaqlıq və əriyən ögeylik! Qan yaddaşı! Qan hərarəti! Qar uçqunu! Və bu uçqunun altında qalan mən! O səsi tikə-tikə çapılmış bədənimin əzaları kimi bir yerə yığıram! Hər parçası ürəyimin bir bağını qırır! İlahi! Bu ki günahsız körpə ruhlarının qiyamıdır! Günahkar böyüklərə qarşı! Mələk pıçıltısı ilə çəkilmiş tabloda gerçək qiyamətin rəsmi! Uşaqların son ahı: “Hər şeyi Allaha danışacağıq, hər şeyi!!!”

İndi də gördüklərimi son ümidin xəyanəti kimi anladığıma görə əzab çəkirəm! Gözlərim yenə də Onu – Allahı axtarır! Amma bu dəfə torpağın altında!..

Budur O! Tanrının, Taleyin və Tarixin ironiyası! Torpağın altını üstünə çevirən! Bermud üçbucağı! Amma bu dəfə çarpaz xətlərin mühasirəsində hər şey ilahi ədalətin təntənəsi kimi yaşanır! Böyüklərin kiçiklərə etdiyi zülmə kiçiklərin böyüyü dözmür! Səbri və səbr edənləri sevən Allah. On minlərlə qatilin cəzasını bir hökmlə verir! Hamamlı (Spitak) zəlzələsilə! Və indiyədək görmədiklərimizin dəhşətli sirrini indinin özündə də görmək istəməyənlərin əlilə açır! Fransalıların!..

İki iri diametrli dəmir boru – hər tərəfindən ağzı qaynaqlanmış! Birində 17, o birisində 70-ə yaxın körpə cəsədi! Azərbaycanlı körpələrin! Və onları diri-diri bu borulara dolduran ermənilərin yerə-göyə sığmayan qəzəbi! Yaranana qarşı! Yaradana qarşı! Elə böyük qəzəb ki, o uşaqları borulara dolduranda da soyumaq bilmir! O boruları uca bir qayanın zirvəsindən üzü aşağı diyirləyəndə də!..

Vaxtdır! Sizin kədər dolu baxışlarınızı bu qaranlıq fonun üzərindən bir qədər pozitiv və işıqlı koordinatlara fokuslamağın vaxtı! Vaxtla birgə səs tezliyimizi də daha bir aktava dəyişirik. Başımızı yuxarı qaldırırıq! Göy üzünə baxırıq! Günəşə! Milyon illərin tənhalığından usanmış! Bilməli olduğunuz ən böyük həqiqəti sizə məndən qabaq O anladacaq. Bizim Günəşlə öz aramızdakı yüz əlli milyon kilometrlik yolu qət edəcək güclü xarakterlərə ehtiyacımız var!..

Bu həqiqət qarşınızdakı zəngin ideyalar birjasının qulaq asdığınız, amma eşitmədiyiniz, baxdığınız, amma görmədiyiniz gerçəklikləri ilə böyükdür. Gözünüzün ömümdə sayı-hesabı bilinməyən yanlışların, vaxt və şans itkisinin bitib-tükənməyən sırasını hər gün yüz minlərlə yeni insan seli tamamlayır. Birdəfəlik başa düşün: Özünüzə güzəştə getmək, xəyallarla dolu utopik bir daldalanacaqda girlənmək şansınızı hələ bu dünyaya gəlməmişdən əvvəl itirmisiz. Hər addımınız təhlükəli, hər gününüz risk dolu!

Çünki: Siz elə bir ölkədə doğulmusuz ki, burada 21 il ali və orta təhsil sisteminə rəhbərlik edən şəxs “restoranlar kralı” kimi tanınır! Siz elə bir paytaxtda yaşayırsız ki, burada uzun müddət orta təhsil sisteminə rəhbərlik edən şəxs öz keçmiş həyat yoldaşı ilə indi mal-mülk davasına qalxıb! Ölkənin ən qocaman, ən mötəbər ali təhsil məbədi çaxır qoxusu verir! Mən bu rəzalətə görə üzr istəyirəm! Və öz məktublarımla sizə əsl Qələbəni hansı məkanda qazanmalı olduğunuzu anlatmağa çalışıram! Bu məqsədlə müharibə anlayışını ən kiçik detallarınadək indi sizin dayandığınız yerlərə kimi geri çəkirəm! Bu sizin acı barıt qoxusu ilə ilk tanışlığınızdır! Geçikmiş tanışlığınız! Qoy bu tanışlıq sizin yaddaşınızda Çin strategiyasının ən mükəmməl alleqorik tezisi ilə yadda qalsın: düşmənə döyüşdən qabaq qalib gəlmək lazımdır! Bu həm də hər gün üç yüz altmış dərəcə bucaq altında qarşınıza çıxan sonsuz sayda yolların içində seçməli və getməli olduğunuz yeganə yoldur. Yalnız bu yolda: Hər məktəb – döyüş meydanınız! Hər sinif – döyüş mövqeyiniz! Hər parta – döyüş səngəriniz olacaq!..

Gerçəyinizi dəyişin!

Gerçəyinizi dəyişin ki, gerçəyimiz dəyişsin!..

P.P. Poçt qutunuzu nəzarətsiz buraxmayın…

Dərin hörmətlə,

Sizin döyüş dostunuz…

Previous articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq
Next articleTaksi sürücülərinin nəzərinə: yeniliklər olacaq – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here