Home Milli Məclis Sahibə Qafarova Estoniya prezidenti ilə görüşdü

Sahibə Qafarova Estoniya prezidenti ilə görüşdü

97
0

Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Prezidenti Alar Karis ilə görüşüb.

Sosialxəbər.az bildirir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Estoniya Prezidenti Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına müsbət təsir edəcəyinə inandığını söyləyib. O, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin tarixi barədə danışıb.

Prezident Alar Karis ölkələrimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin yaradıldığını xatırladaraq, münasibətlərin daha da inkişafı üçün yaxşı potensial olduğunu bildirib. O, həmçinin, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan münasibətləri dəstəklədiyini vurğulayıb. Alar Karis ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini də ifadə edib.

Səmimi görüş və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Estoniya Respublikasının Prezidentinə çatdırıb.

Spiker Sahibə Qafarova Milli Məclisin sədri kimi Estoniyaya ilk dəfə rəsmi səfər etdiyini diqqətə çatdırıb, bu səfər zamanı keçirdiyi görüşlər barədə məlumat verərək, iki ölkənin parlamentləri arasında əlaqələrin hazırkı səviyyəsindən razılığını bildirib. Milli Məclisin sədri münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib və bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına müsbət təsir edəcəyinə inandığını deyib. O, qeyd edib ki, mövcud qanunvericilik bazası ikitərəfli gündəliyin müxtəlif sahələrini əhatə edəcək yeni sənədlərlə daha da zənginləşdirilə bilər. COVID-19-un mənfi təsirlərinə baxmayaraq, iqtisadi, ticarət, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün əlverişli şərait var.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr haqqında da məlumat verən spiker Sahibə Qafarova ölkəmizlə bu qurum arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələdə olduğunu, Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını diqqətə çatdırıb. Milli Məclisin sədri, həmçinin Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin 2021-ci ilin iyulunda Azərbaycana səfərini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakını xatırladaraq, bu səfərlərin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin xarakterini nümayiş etdirdiyini vurğulayıb.

Milli Məclisin sədri 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında da danışaraq, qeyd edib ki, Azərbaycan öz ərazilərini Ermənistanın 30 il davam edən işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycan öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edib. Spiker diqqətə çatdırıb ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Qısa müddət ərzində çox böyük həcmli işlər görülüb, yeni nəqliyyat infrastrukturu yaradılıb, Füzulidə beynəlxalq hava limanı fəaliyyətə başlayıb. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması regionun nəqliyyat potensialını xeyli artıracaq. Spiker Sahibə Qafarova vurğulayıb ki, Ermənistan regionda yeni yaranmış reallıqları düzgün dəyərləndirməli, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Estoniya Prezidenti Alar Karis onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib və ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Previous articleEldəniz Səlimovun məhkəməsi başladı
Next articleXocavənddə qəza törədən avtobus sürücüsü saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here