Home Dünya Ərdoğdunun Bakıya hücumunun əsl səbəbi

Ərdoğdunun Bakıya hücumunun əsl səbəbi

122
0

Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə qanunverici orqanları tərəfindən ratifikasiya olunduğu, Bakı-Ankara qardaşlıq xəttində siyasi, iqtisadi və hərbi, ümumilikdə bütün sektorlar üzrə əməli fəaliyyətin həyata keçirildiyi vaxt çatlaq səslər yenidən eşidilir. Və bu səslərin qardaş ölkədən gəlməsi xüsusilə diqqət çəkir.

Nə baş verir, hansı qruplar Bakı-Ankara yoluna tramplinlər düzmək istəyirlər və gerçək hədəf nədir?

Bu sual ətrafında daha geniş müzakirələr də açmaq olar, hərçənd, son proseslər fonunda diqqəti konkret məqamlara çəkməklə nə baş verdiyini və gerçək hədəfin nə olduğunu anlamaq mümkündür.

CHP-nin İstanbuldan olan millət vəkili Aykut Ərdoğdu Türkiyədə təbii qaz qiymətinin çox olması iddiası ilə AKP hökumətini tənqid edib. Bunu qardaş Türkiyənin iç məsələsi, ana müxalifət partiyası ilə iqtidar arasındakı siyasi mübarizənin bir hissəsi hesab etmək olardı, amma və lakin…

Ərdoğdunun iki iddiası məsələnin mahiyyətinin təkcə daxili siyasi mübarizə olmadığını, arxasında qaranlıq güclərin dayandığı oyunların dövriyyəyə salındığını deməyə əsas verir:

– CHP-çi millət vəkili iddia edir ki, 2007-ci ildə Türkiyə Azərbaycandan ucuz qiymətə qaz alırdı, lakin AKP bu qiyməti Azərbaycanın istəyi ilə iki qatına çıxardı;

Halbuki, 2011-ci ilin 25 oktyabrında Azərbaycan və Türkiyə arasında “Şahdəniz – 2” layihəsi üzrə imzalanan sazişə əsasən Türkiyə Azərbaycandan təbii qazı bazar qiymətindən 30 faiz ucuz almağa başlayıb. Təkcə BTC ilə daşınan qazın qiymətinin aşağı salınması Ankaraya 3,7 milyard dollar qazanc gətirib. Bu, başlanğıc idi və sonrakı dövrdə Türkiyə enerji ilə bağlı nə vaxt sıxıntı yaşasa, Azərbaycan qardaşının köməyinə çatıb. İki həftə öncə İrandan idxal olunan qazın dayanması zamanı da Azərbaycan dərhal prosesə qoşuldu və qardaş ölkəyə ixrac olunan qazın həcmini artırdı. Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman qardaşının yanındadır və “bir millət iki dövlət”in qardaşlığını siyasi ambisiyalara alət etmək bu millətin yanında yox, qarşısında olmaq deməkdir. Görünür, Ərdoğdu bunu anlamır, yaxud anlamaq istəmir və ittihamlarını davam etdirir.

– İddia edir ki, Azərbaycan Türkiyə üçün həyati əhəmiyyət daşıyan “Nabucco” layihəsinin qarşısını aldı və yerinə Türkiyə üçün heç bir əhəmiyyəti olmayan TANAP layihəsi qoyuldu. Ardınca Türk axını layihəsinə qarşı çıxır, bildirir ki, Rusiya bu layihə ilə Ukrayna tranzitini sıradan çıxararaq, Qara dənizdən keçirəcəyi boru xətti ilə Avropaya qaz satacaqdı…

Və Ərdoğdu, eləcə də onun təmsil olunduğu CHP bu sözlərlə gerçək niyyətlərini də açmış olur.

Qərb tərəfindən irəli sürülən “Nabucco” layihəsi əslində Cənub Qaz Dəhlizi layihəsinin başqa forması idi və nəticə etibarilə Azərbaycan qazı Avropaya çıxacağı üçün Bakı üçün divident də vəd edirdi. Lakin Azərbaycanın bu layihəyə razılaşmamasının ciddi səbəbləri var idi.

Birincisi, layihə kifayət qədər bahalı idi;

İkincisi, bu layihədə iştirak etmək bölgədə Rusiya ilə üz-üzə gəlmək demək idi və Bakı regional prosesləri nəzərə alaraq, ağıllı strategiya tətbiq etdi;

Üçüncüsü və ən mühümü bu layihənin altında yatan anti-Türkiyə hədəfi idi.

“Nabucco” adı buradakı gizli oyunu anlamağa imkan verir: layihə adını İtaliya operası olan “Nabucco”dan götürüb, bu operanın da adı qədim Babil hökmdarı “Nabukadnezar”ın adından ilhamlanır. İlk baxışdan, layihəyə belə adın seçilməsi qlobal siyasətin mədəni üzü kimi qəbul oluna bilər, hərçənd, Babil torpaqlarının “Kürdüstan dövləti” yaratmaq istədikləri əraziləri əhatə etməsi təsadüfi deyildi və hədəf bu coğrafiyada qurmağı planlaşdırdıqları “Kürdüstan”ın iqtisadi müstəqilliyinə zəmin yaratmaq idi. Yaxın Şərqdən təbii qazın gələcəkdə bu layihəyə qoşulmasının və boru xətlərindən birinin də Şimali İraq ərazisindən keçməsinin nəzərdə tutulması da uzaqmənzilli hədəfi aydınlaşdırır.

Azərbaycan lideri bu oyunu pozdu: Rusiya ilə üz-üzə gəlmədən, Qərblə əməkdaşlığı dayandırmadan, Türkiyənin maraqlarına toxunmadan strateji gediş etdi, Cənub Qaz Dəhlizi layihəsini irəli sürdü və “XXI əsrin müqaviləsi”ni həyata keçirdi.

Bu prosesdə Əliyevlə Ərdoğan “bir millət iki dövlət”in gələcəyi naminə böyük strategiya izlədilər. Sonrakı proseslər də “Nabucco” layihəsinin yerinə TANAP-ın icra edilməsinin nə qədər doğru qərar olduğunu təsdiqləyir.

Suriyanın şimalında, Türkiyənin cənubunda “terror dəhlizi”ni həyata keçirmək istədilər: hədəf Şimali İraqdan başlayaraq, Suriyanın şimalı boyunca aralıq dənizinə çıxış əldə etmək və Türkiyənin cənub sərhədlərində “Kürdüstanı” yaratmaq idi; “Nabucco” layihəsi qəbul olunsaydı, bu coğrafiyada qurulacaq “terror dövləti”nin iqtisadi müstəqilliyi də bu layihənin hesabına təmin olunacaqdı və “enerji təhlükəsizliyi” adı altında Türkiyəni də bunu qəbul etməyə məcbur edəcəkdilər;

Türkiyə Suriyadakı əməliyyatları ilə bu planın qarşısını böyük ölçüdə ala bildi, lakin bu gün belə həmin ssenari rəfə qaldırılmayıb, Vaşinqton PKK-nın Suriya qanadı olan PYD/YPG-ni açıq şəkildə silahlandırır, bölgədəki “müttəfiqi” olaraq qəbul edir.

Hadisələr göstərdi ki, Əliyevlə Ərdoğanın TANAP gedişi təkcə enerji siyasəti yox, Türkiyənin dövlət təhlükəsizliyinin bir parçasıdır.

TANAP layihəsi ilə Bakı və Ankara dünyanın enerji xəritəsində müstəqil oyunçu olmaq imkanı da əldə etdilər və bu gün Avropanın enerji təhlükəsizliyində həlledici gücə sahibdirlər.

Şərqi Aralıq dənizinə Türkiyəyə qarşı oynanılan oyunu xatırlayın: Əliyev Bakıda Yunanıstan səfirini qəbul edərkən bəyan etdi ki, “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”; bununla Türkiyəyə qarşı Yunanıstan üzərindən hücum edənlərə mesaj verdi ki, “Türkiyənin bölgədəki təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyinə risklər yaradır” və bu amil prosesdə Ankaranın əlini gücləndirən faktorlardan biri oldu.

TANAP layihəsi qardaş Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında da əhəmiyyətli rol oynayır: Azərbaycan qazını bazar qiymətindən daha ucuz idxal edir və istənilən vaxt qaz tədarükündə problem yaranacağı təqdirdə, qardaşının onun yanında olduğunu bilir; İrandan qaz idxalında texniki problem yarananda bunu gördük;

Və sual yaranır: bütün bunları Aykut Ərdoğdu bilmirmi?

– CHP “Nabucco”nun uzaqmənzilli hədəflərinin nə olduğunu anlamırdımı?

– CHP TANAP-ın Türkiyəyə gətirdiyi iqtisadi və siyasi dividentlərdən xəbərsizdirmi?

– CHP gerçəkdənmi Türkiyənin milli maraqlarını müdafiə edir?

Sonuncu sualın cavabı hər şeyi ortaya çıxarır və Ərdoğdunun niyə indi Bakıya hücum etməsini, niyə indi “Nabucco”nun xiffətini çəkməsini aydınlaşdırır: Qərb kartları yenidən qarışdırır və Türkiyədə “5-ci kalon” kimi istifadə etdiyi CHP üzərindən Bakı-Ankara xəttində çatlar yaratmağa cəhd edir; və proseslər Ərdoğdunun iddialarının daxili siyasi mübarizədən daha çox, böyük oyunun bir hissəsi olduğunu deməyə əsas verir;

Geosiyasi oyun və hədəflər: ABŞ-Rusiyanın qarşıdurması pik həddə çatıb və ötən ilin dekabrından başlanan proseslər Vaşinqtonun istəyinə hələ də nail ola bilmədiyini göstərir. ABŞ-ın əlini zəiflədən, əksinə Rusiyanın əlini gücləndirən Avropadır, daha doğrusu, “Köhnə Qitə”nin rus qazından asılılığı. Bayden Administrasiyası məhz buna görə Avropanı tamamilə anti-Rusiya cəbhəsinə çəkə bilmir, Fransa və Almaniya faktiki Rusiya ilə ayrı danışıqlar aparır və istər Ukrayna, istərsə Şərqi Avropada kartların paylanılmasında Vaşinqtonsuz anlaşmaya gedirlər. Paris və Berlinin əsası var, Rusiya ilə qarşıdurma Avropanın donması deməkdir, bununla yanaşı, almanlar ruslarla birlikdə “Şimal axını” layihəsinin həyata vəsiqə almasına çalışır. Əgər “Nabucco” layihəsi gerçəkləşmiş olsaydı, hazırda Avropa “rus qazı”ndan asılılığı böyük ölçüdə olmayacaqdı və “Köhnə Qitə” ABŞ-ın Şərq ekspedisiyasında yer alacaqdı. Və bütün bunlar Türkiyənin milli təhlükəsizliyi hesabına başa gələcəkdi.

Geosiyasi qarşıdurma fonunda Türkiyədə CHP üzərindən TANAP-ın hədəfə alınması, “Nabucco”nun dirçəldilməsinə yönəlik təbliğatın qurulması sıradan məsələ deyil və böyük oyunun bir hissəsidir: Türkiyə ictimaiyyətində TANAP-a qarşı rəy formalaşdırılır, buna paralel olaraq, “Nabucco” layihəsinə rəğbət yaradılır; Əliyevlə Ərdoğanın iki ölkənin milli təhlükəsizliyi və gələcəyi naminə tətbiq etdikləri strategiyaya türk cəmiyyətində etiraz yaratmağa cəhd olunur; Bakı-Ankara xəttində çatların yaranması iki ölkənin birlikdə və müstəqil həyata keçirdikləri enerji siyasətini riskə ata və “Nabucco”nun dirçəldilməsinin yolu açıla bilər;

Ərdoğdunun məsələni türk insanının məişət problemi üzərindən qabartması və sözü TANAP-a, “Nabucco”ya, “Türk axını”na gətirməsi incə işlənmiş təbliğatdır. Və bunun məhz CHP-li millət vəkilinin etməsi təəccüblü deyil.

– O CHP ki Türkiyənin Suriyada “terror dəhlizi”nə qarşı əməliyyatlarına qarşı çıxır;

– O CHP ki Öcalanı lideri görən HDP ilə ittifaqa gedir;

– O CHP ki Türkiyənin Qarabağ məsələsində belə Azərbaycanın yanında olmasını istəmir;

– O CHP ki Türkiyənin milli və müstəqil siyasətini yox, Qərbin dəsti-xəttini dəstəkləyir;

Və bunu məhz Şuşa Bəyannaməsinin ratifikasiya edildiyi ərəfədə edirlər. Bu, bir daha təsdiq edir ki, hədəf Türkiyə vətəndaşlarının məişət problemi yox, Bakı-Ankara qardaşlığıdır.

Bu gün qardaş Türkiyə CHP-nin timsalında “5-ci kolon” problemi ilə üz-üzədir. Bu problem Azərbaycana yaxşı tanışdır, lakin biz istər Ramiz Mehdiyevin timsalında şimalın, istərsə radikal müxalifətin timsalında qərbin ölkədəki “kolonu”nu neytrallaşdıra bildik. Şuşa Bəyannaməsinə qeyd-şərtsiz dəstək də buradan qaynaqlanır. Türkiyə dövləti və xalqı da “5-ci kolon”dan xilas olmalıdır…

Previous articleİstedadlı Əlillər İctimai Birliyi yeni layihəsinin icrasına başlayır
Next articleGəncədə avtoşluq edən qazi saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here