Home Qarabağ Şuşanın bir addımlığında generalların məxfi müşavirəsi

Şuşanın bir addımlığında generalların məxfi müşavirəsi

206
0

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Sosialxəbər.az bildirir ki, Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

– Cənab general-leytenant, döyüş əməliyyatlarının hazırki vəziyyəti haqqında məruzə edin! – Səhra vəziyyətində, aktiv döyüş əməliyyatları gedən ərazidən cəmi beş kilometr məsafədə keçirilən müşavirədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov üzünü müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevə tutdu.

General-leytenant bir addım irəli ataraq məruzəyə başladı:

– Cənab general-polkovnik, hazırda döyüş əməliyyatları müşavirəyə toplaşdığımız bu ərazidən beş kilometr qarşıda, Şuşa şəhəri ətrafında davam etdirilir. Toplaşdığımız bu ərazinin məxfiliyi və təhlükəsizliyi tam təmin edilmiş, ətraf dəqiqliklə öyrənilmiş, etibarlı maskalanma işləri lazımi şəkildə yerinə yetirilmiş, xüsusi təyinatlı qüvvələrin bir tabordan ibarət şəxsi heyəti, aviasiya qüvvələri və quru qoşunlarının müəyyən sayda heyəti tərəfindən etibarlı şəkildə qorunur!

– Çox yaxşı, davam edin.

Həyata keçirilən əməliyyatlar barədə ümumi məlumat verdikdən sonra general-leytenant Kərim Vəliyev üzünü general-polkovnik Zakir Həsənova tutaraq müraciət etdi:

– Cənab general-polkovnik, icazənizlə, xüsusi təyinatlıların iştirakı ilə keçirilən döyüş əməliyyatı haqqında xüsusi təyinatlıların komandanı general-leytenant Hikmət Mirzəyev məruzə etsin!

General-polkovnik Zakir Həsənov nəzərlərini general-leytenant Mirzəyevə yönəldərək:

– Buyurun! – deyə işarəsi ilə irəli çıxmasını istədi.

General-leytenant Mirzəyev döyüş əməliyyatları gedən ərazini əhatə edən və çadırın baş tərəfində asılmış xəritə önünə keçdi. Çıxışa başlamazdan əvvəl müşavirəyə toplaşmış hərbi hissə rəhbərlərinə, birləşmə komandirlərinə, yüksək rütbəli zabitlərə bir-bir diqqət yetirdi:

– Cənab general-polkovnik, cənab general-leytenant, əvvəla xüsusi qeyd etmək istəyirəm ki, cənab müdafiə nazirinin, cənab müdafiə nazirinin müavininin aktiv döyüş əməliyyatları gedən ərazidə əsgər və zabitlərlə bir səngərdə olması bizi ruhlandırır, qələbənin yaxında olmasına inamımızı daha da gücləndirir. – Ucadan və inamla söylədi: – Buna görə də mən bütün zabit və əsgərlər adından Sizə dərin minnətdarlığımı bildirirəm, – deyə üzünü müdafiə nazirinə və müdafiə nazirinin müavininə tutdu.

– Bu bizim həm mənəvi, həm də vəzifə borcumuzdur, general-leytenant, bizim davamız haqq davasıdır və mən də, müavinim də xalqımız üçün taleyüklü məsələlərin həllində heç nədən çəkinmədən öndə olmalıyıq. Bizi bu yoldan ölüm belə çəkindirə bilməz. Davam edin.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev də davam etməsi üçün başının işarəsi ilə razılığını bildirdikdən sonra Xüsusi Təyinatlıların komandanı xəritə çubuğunu əlinə götürüb üzünü xəritəyə tərəf döndərmədən çıxışına davam etdi:

– Cənab general-polkovnik, cənab general-leytenant, cənab ordu komandirləri, hazırda döyüş əməliyyatları Azərbaycan ordusunun tam üstünlüyü və nəzarəti altında davam etdirilir. Xankəndi-Şuşa yolu bağlanmış, Laçın-Şuşa yolu artıq bizim nəzarətimiz altındadır. Aldadıcı manevrlər sayəsində düşmən Daşaltı və Şuşakənd kəndləri istiqamətində döyüşə cəlb olunaraq qüvvələrimiz tərəfindən məhv edilməkdədir. Kəşfiyyatçılarımız tərəfindən şəhər tamamilə öyrənilmiş və sektorlara bölünməklə qruplar üzrə hərəkət edəcək xüsusi təyinatlıların fəaliyyət planına daxil edilmişdir. Bütün çətinliklərə baxmayaraq, döyüşlər bütün istiqamətlərdə düşmənin gözlədiyi istiqamətdəki yollardan keçməklə deyil, keçilməz dağ cığırları ilə irəliləyərək Ordumuz tərəfindən düşmənə sarsıdıcı zərbələr vurmaqla aparılır. Əldə etdiyimiz məlumata görə, düşmən Şuşa şəhərini müdafiə etmək üçün bütün qüvvələrini səfərbər edib. Şuşanı bir il ərzində əldə saxlaya bilmək üçün düşmən şəhərə çoxlu miqdarda azuqə, silah-sursat ehtiyatı toplayıb, əlavə üç min hərbiçi cəlb edib. Şuşa şəhərini əldə saxlamaq vəzifəsi “təcrübəli hərbiçi”, Birinci Qarabağ müharibəsi iştirakçısı, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana tapşırılıb. Şəhərin bütün giriş-çıxışları ağır texnika ilə möhkəmləndirilib. Düşmən Xankəndi tərəfdən Şuşaya girməyin qarşısını almaq və bu istiqamətdəki qüvvələrimizi zəiflətmək məqsədilə hücumlarını ardıcıl olaraq davam etdirir. Xüsusi təyinatlılarımız artıq, – üzünü xəritəyə çevirib çubuqla hərəkət istiqamətlərini göstərməklə davam edir

: – Laçın-Şuşa dəhlizini yararaq düşmənin arxasına keçmişdir. Burada bir qrupumuz düşmənin Laçın istiqamətindən hücumlarının qarşısını almaq üçün müdafiə mövqeyində dayanmış, digər qruplarlarımız isə Şuşa-Laçın yoluna paralel olan çöl yolu tərəfdən, yəni arxadan irəliləyərək Şuşa qalasına çatmışlar. Kiçik qruplar şəklində hərəkət edən bəzi qruplarımız artıq şəhərə sızmışdır. Digər qruplarımıza isə Xankəndi tərəfdən Ermənistan silahlı qüvvələri bölmələrinin Şuşa istiqamətində hücumlarının qarşısını almaq tapşırığı verilib. 1214 saylı yüksəklikdə döyüş mövqeyi tutan motoatıcı qüvvələrimiz Şuşakənd istiqamətindən, qruplar şəklində sıldırım qayalarla şəhərə qalxan xüsusi təyinatlılarımız isə Daşaltı tərəfdən şəhərə hücum imitasiyası yaratmaqla düşmənin xeyli sayda qüvvəsini öz üzərlərinə cəlb etməklə digər istiqamətlərdən fəaliyyətimizə dəstək verirlər. Məqsədimiz noyabr ayının səkkizinə, “Bayraq günü”nə qədər düşmənin müqavimətini qırıb onu şəhəri təslim etməyə məcbur etməkdir. Hadisələrin gedişatı planımızın vaxtında və uğurla baş tutacağını göstərir. Əminəm ki, cənab Ali Baş Komandan və cənab nazirin əmr və tapşırıqlarını düzgün və vaxtında yerinə yetirməklə tezliklə qələbəyə nail olacağıq.

– Aydındır, – üzünü müavininə tutub: – general-leytenant Vəliyev, əlavəniz varmı? – soruşdu.

General-leytenant Vəliyev:

– Bəli, cənab general-polkovnik, – deyərək bir addım irəli atdı.

Müdafiə naziri:

– Siz yerinizə keçin, Mirzəyev! – Xüsusi təyinatlıların komandanına başının işarəsi ilə sıranın, müdafiə nazirinin müavininə isə əlinin işarəsi ilə xaritənin qarşısını göstərdi: – Buyurun.

– Cənab general-polkovnik, Şuşa ermənilər üçün bütün Qarabağı nəzarətdə saxlayan strateji yüksəklik və bölgənin əsas müdafiə sütunudur. Xankəndinin də müdafiəsini Şuşa təmin edir. Onu Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus vilayəti ilə bağlayan yol da məhz buradan keçir. Şuşanı azad etmək Vətən müharibəsinin ən mühüm hissəsidir.

– Bunları bilirik, general-leytenant, siz döyüş əməliyyatları haqqında məlumat verin.

– Düşmən Qırmızı Bazardan Şuşakəndə, oradan isə Şuşaya qalxan yolda və Laçın istiqamətində şiddətli döyüşlərə hazırlaşırdı. Ona görə də əsas qüvvələrini orada cəmləşdirmişdi. Azərbaycan hərbi komandanlığının əməliyyat planına görə Şuşaya sıx meşələrdən yeni yol açıldı. Qəhrəman mühəndis-istehkam qoşunlarımız qısa müddətdə inanılmaz işə imza ataraq bu yolu istifadəyə hazır etdi. Mühəndis-istehkamçılarımız ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Hazırda əlverişsiz hava şəraitinə, çətin dağ relyefinə və yolların çətin, keçilməz və palçıqlı olmasına baxmayaraq, artilleriyaçılarımız yüksək peşəkarlıq nümayiş etdirərək ağır topları, artilleriya qurğularını Şuşa ətrafına çəkə biliblər. Atəş nöqtələri quraraq Şuşa ətrafındakı düşmən mövqelərinə dəqiq zərbələr endirməkdədirlər. Xüsusi Təyinatlı Qüvvələrin və digər hərbi birləşmələrin şəxsi heyəti isə atəş dəstəyi olmadan sıldırım qayalar, yarğanlar, meşələr vasitəsilə Şuşaya doğru irəliləyərək, ciddi mühafizə olunan Laçın dəhlizindən keçməklə mərhələli şəkildə Şuşa ətrafındakı kəndləri, yüksəklikləri azad edərək şəhərə sızmaqdadırlar. Belə əməliyyat isə düşmənin ağlına gəlmirdi və o, belə bir addım atılacağını əvvəlcədən hesablaya bilməmişdi. İgid döyüşçülərimizin çətin relyefli ərazilərlə hərəkəti hətta düşmən kəşfiyyatçıları tərəfindən belə müşahidə olunmurdu. Laçın dəhlizinin əsas hissələrinə nəzarətin təmin olunması, Daşaltı kəndi ətrafındakı strateji yüksəkliklərin nəzarətə götürülməsi nəticəsində Şuşanın mühasirəsi daralmaqdadır. Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin məruzə etdiyi kimi, Şuşanın düşmən işğalından azad olunmasına sayılı günlər qalmışdır.

– Aydındır, general-leytenant, mən sizin çıxışlarınızı diqqətlə dinlədim. Və belə qərara gəldim ki, düşmən hücumlarına qarşı əks-həmlə əməliyyatına başladığımız ilk dəqiqələrdən cənab Ali Baş Komandanın əmr və göstərişlərinə riayət etməklə taktikanı doğru seçə bilmişik. Amma unutmamalısız, düşmən Azərbaycan Ordusunun güclü olduğunu çox yaxşı bilir və hərbi potensialımızda baş verən müsbət dəyişiklikləri diqqətlə izləyir. Ermənistanın xüsusi xidmət və hərbi kəşfiyyat orqanları bu məsələdə çox həssasdır. Xüsusi xidmət orqanlarımızın verdiyi məlumata görə, vəziyyəti gərginləşdirmək məqsədilə düşmən hərbi siyasi təxribatlar planlaşdırır. Cənab Prezident diplomatik orqanlara da bu məsələyə ciddi yanaşmağı tapşırıb. Unutmayın, müharibə təkcə döyüş meydanında getmir. Eyni zamanda informasiya müharibəsi gedir, diplomatik meydanda müharibə gedir. Ali Baş Komandan, cənab Prezident demək olar ki, hər gün müxtəlif beynəlxalq informasiya orqanlarına müsahibələr verir, hər gün müxtəlif dövlət nümayəndələri ilə görüşlər keçirir. Amma bir an belə diqqət və nəzarətini aktiv döyüş əməliyyatlarından, döyüşən ordudan ayırmır. Bu gün mən bura gəlməmişdən qabaq da cənab Ali Baş Komandana döyüş əməliyyatları haqqında ətraflı məruzə etdim və cənab Prezidentin əmr və tapşırıqlarını dinlədim… Bizim bugünkü müşavirəmizin və bu müşavirədə mənim də iştirak etməyimin xüsusi əhəmiyyəti var. Artıq müharibənin taleyi bir neçə gün ərzində həll olunmalıdır. Artıq ordumuz düşməni dalana dirəyib, müqəddəs şəhərimiz olan Şuşanı işğaldan azad etmək ərəfəsindəyik. Cənab Ali Baş Komandanın dediklərini sizə olduğu kimi təkrar etmək istəyirəm. Cənab Ali Baş Komandan dedi ki, Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhərimizdir; Cənab Ali Baş Komandan tapşırdı ki, Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır. Yəni bu döyüşlərdə ağır artilleriyadan tam gücü ilə istifadə edə bilməyəcəyik. Artilleriyadan əsasən Şuşa ətrafında olan Ermənistan qoşunlarının mövqeləri və atəş nöqtələri hədəf götürülməlidir. Cənab Prezident xüsusilə vurğuladı ki, qədim Şuşa şəhərimizə, Şuşa şəhərində yerləşən tarixi abidələrimizə atılan hər bir güllə Üzeyirin, Vaqifin, Natavanın, Bülbülün ruhuna atılmış güllə kimidir. Bəli, biz şəhəri güllə atmadan azad edə bilməyəcəyik. Amma ehtiyatla davranmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır. Eyni zamanda az itki ilə azad olunmalıdır. Cənab Ali Baş komandan hər bir vətəndaşımızın, hər bir əsgərimizin onun üçün əziz olduğunu söylədi. Bəli, hər bir şəhid bir ailənin, bir nəslin, bir kəndin faciəsidir. Biz müqəddəs müharibə aparırıq. Təəssüf ki, müharibə itkisiz olmur. Xalqımız artıq kifayət qədər şəhid verdi. Əminəm ki, nəhayət, biz bu ədalətli müharibəmizdə haqq-ədaləti birdəfəlik bərpa edəcək, işğal olunmuş ərazilərimizi düşməndən tamamilə azad edəcək və bundan sanra əsgər və zabitlərimizin, vətəndaşlarımızın şəhid olmalarına son verəcəyik. 

Bu şərəfli işdə xalqımız da bizimlədir, inanılmaz birlik, hədsiz sevindirici, ruhlandırıcı həmrəylik nümayiş etdirir. Müşahidələr aparıram, yol boyu gələ-gələ insanların münasibətini görürəm. Heç kim müharibə istəmir, amma hamı da torpaqlarımızın bütövlüyünü müharibəsiz təmin etməyin mümkün olmadığını bilir və bu haqq davamızda hər şeylərini qurban verməyə hazır olduqlarını göstərirlər.

Cənab Ali Baş Komandan illərlə mübarizə apardı, münaqişənin sülh yolu ilə həll olunmasına, torpaqlarımızın qan tökülmədən azad olunmasına çalışdı. Diplomatiyanın bütün imkanlarından istifadə etdi. Amma düşmən heç bir fürsət saxlamadı. Düşmən status-kvonun əbədi qalacağına, bizim də torpaqlarımızın işğalına razı olacağımıza inandı.

Cənab Prezident demişdi ki, biz heç vaxt işğala, dədə-babalarımızin yurdlarının düşmən tapdağı altında qalmasına, ərazilərimizdə düşmənin at oynatmasına razı olmayacağıq. Nəyin bahasına olursa olsun, torpağlarımızı işğaldan azad edəcəyik. Və nəhayət bu gün düşmən bizi yenidən aktiv döyüş əməliyyatlarına cəlb etməklə torpaqlarımızı işğaldan azad etmək imkanı yaratdı. Düşmən yeni ərazilər zəbt etmək ümidi ilə yenidən torpaqlarımıza namərdcəsinə hücum etdi. Öz havadarlarına arxalanan düşmən elə bilirdi ki, bu dəfə də biz səbir edəcək, dözüm göstərəcəyik. Düşünürdü ki, yenə də xarici havadarlarının əliylə bizə təsir edə biləcək. Düşünürdü ki, biz yenə də onların yalanlarına inanıb nə vaxtsa torpaqlarımızın sülh yolu ilə azad olunacağını gözləyəcəyik. Bitdi artıq. İndi heç bir təzyiq bizə təsir edə bilməz, heç-bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki biz haqq yolundayıq. Birik və bu birlik əbədidir və əbədi olacaq…

Ardı var

Previous articleİctimai Şura üzvləri gömürükçülərin peşə bayramını təbrik etdi – VİDEO
Next articleYaşadığı ünvanı tərk edən korona xəstələri saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here