Home Qarabağ Kimdir ananı danışdıran? Niyə Kərim Vəliyev?

Kimdir ananı danışdıran? Niyə Kərim Vəliyev?

331
0

Şəhid general Polad Həşimovun anası Səmayə xanımın məhz indi, həm də bayram atəşfəşanlığı üzərindən danışdırılması və bunun Ordumuza qarşı kampaniyaya çevrilməsi heç bir halda təsadüfü deyil.

Bir-bir sadayalaq:

1. Şəhidlərin artıq ili də çıxıb. İndi atəşfəşanlıq etmək, bayramı qutlamaq niyə şəhidlərə hörmətsizlik olmalıdır? Bu dövlət niyə qələbəsinə sevinməməli, bayramlarını daha ürəklə keçirməməlidir?

Dövlətlərin illərlə yas saxladığı düşüncəsi hardandır? Hətta bir elin bu başında yas olanda o biri başında toy olub. “Toyla yas qardaşdır” – bunu da bu xalq deyib və təsadüfən yox! Həqiqətdir və bu həqiqət həm də həyat fəlsəfəsidir – bir gün yaranan, bir gün ölür…

O igidlər ona görə şəhid olmamışdılar ki, bu xalq illərlə yasa batsın! Əgər eləydisə, onda torpaqlarımız işğalda qalmaqda davam edərdi, şəhidlər verməzdik və illərimizi də boynubükük, üzüqara, “Gün o gün olsun, Şuşada qeyd edək” kimi arzularla qarşılamaqda davam edərdik!

O igidlər ona görə şəhid oldular ki, bu millət Qələbəsini qutlasın, aylarını, illərini şərəflə yaşasın, qürurla ömür sürsün; dövlətin qüruru, millətin qeyrəti özünə qayıtsın!

Biz 2021-i də, 2022-ni də alın açıqlığı, üzağlığı, şərəflə, Qalib kimi qarşıladıq. Bu şərəfi isə bizə qazandıran Şəhidlərimizdir, onların əziz xatirəsi hər birimizin qəlbindədir – yaşayacaq, ən doğmamız, ən yaxınımız kimi…

Bir il tamam olandan sonra adam öz evində belə yasdan çıxır, bayramları şənliklə qarşılamağa başlayır. Hər bayramda doğmasını ziyarətə də gedir və qayıdıb, gülərüzlə bayramını keçirir. Guya kim baqidir ki? Kim ölməyəcək ki?

Əgər elədirsə, bəs, Birinci Qarabağ savaşında şəhid olanların heç nəşi soyumamış, həm də torpaqlar işğalda ikən bayram qarşılayırdıq axı. Onda niyə şəhid anaları, şəhid doğmalarının səsi belə çıxmırdı?

Fred Asifi tanıyırdınızmı? Adam təkcə Milli Qəhrəman deyildi, bir filosof idi, fikir adamıydı, sözün bütün mənalarında Böyük Müəllim idi! Fred Asifin qəhrəmanlıqları, təkcanına neçə düşməni məhv etdiyini bilirsinizmi? Onun qəhrəmanlıqlarını, açıq döyüşlərdə göstərdiyi misilsiz şücaətləri biləniniz varmı? Vətəni necə sevməyi biz ondan öyrənirdik; Vətən anlayışı, torpaq, dünya haqda elə möhtəşəm fikirləri vardı ki!

Ümumiyyətlə, Birinci Qarabağ savaşında böyük qəhrəmanlıqlar edən igidlərimizdən, şəhidlərimizdən xəbəriniz varmı?

Fred Asifin ili yox, qırxı çıxmamış bu millət bayram edirdi. Fredi ana doğmamışdı, yoxsa Allahverdinin ata-anası, bacı-qardaşı yoxdur?

2. “Polad Həşimov şəhid olanda bu dövlət matəm elan etmədi” nə deməkdir? Dövlət məgər əsgər öləndə matəmmi elan edir?

Əsgər şəhid olanda matəm elan edilə bilməz – xüsusilə döyüş getdiyi bir məqamda bu, məğlubiyyətin etirafıdır. Əsgər şəhid olanda səfərbərlik elan edilər, Şəhid Əsgər nümunəsi yaradılar, ideallaşdırılar və təbliğata çevrilər!

3. Polad Həşimovun sui-qəsd nəticəsində öldürülməsi məsələsi 2020-ci ilin Tovuz savaşından sonra ortaya atılmışdı və həmin zaman Baş Qərargah rəisi Nəcməddin Sadıqov idi. Səbəb də qətiyyən o deyildi ki, Polad Həşimov Baş Qərargah rəisi olacaqdı; səbəb kimi onu göstərirdilər ki, N.Sadıqov rus ordu təfəkkürünə malikdir, türk ordu modelinin tərəfdarı olan və Türkiyədə təhsil alan təmiz, vicdanlı, ləyaqətli zabitlərlə mübarizə aparır, onların ən öndəgələnlərini hansısa formada sıradan çıxarır və s.

Doğrumu-yanlışmı – bilinməz, amma oldu, deyildi, bu şayiə ömrünü başa vurdu. Bəs, bütün bunların Kərim Vəliyevə nə aidiyyəti var?

Kərim Vəliyev – elə Polad Həşimov kimi bir zabitdir: ləyaqətli, təmiz, korrupsiyadan kənar, vicdanlı və türk modelli ordu quruculuğunun tərəfdarı. Kərim Vəliyev də səhra komandiridir, İkinci Qarabağ savaşında səngərdə olub, dəfələrlə ölümlə üz-üzə gəlib.

K.Vəliyev Türkiyədə hərbi paradla qarşılanan yeganə Baş Qərargah rəisimizdir! Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılmasında da hazırda müstəsna xidmət göstərir!

Kərim Vəliyev Zəfər Paradımızın komandanıdır! Halal yaşayan, var-dövləti olmayan, sadə, amma əsl zabit şərəfli general-polkovnikdir!

Yaxşı, Polad Həşimov şəhid olanda N.Sadıqov idi ortada – niyə onun adını çəkmirsiniz? Niyə Kərim Vəliyev “hədəf” seçilir? K.Vəliyevə bu çirkabı atmaq kimə lazımdır – N.Sadıqova, onun dəstəsinə, yoxsa bəlli qüvvələrə?

Dekabrın əvvəlində ATƏT-in Hüquq Komitəsinə xarici donorlarla qidalanan və hazırda xaricə sığınan Emin Hüseynov Ordumuzu şikayət edir (niyə, hansı səbəbə, nə istəyir Ordumuzdan – bilinmir), dekabrın sonunda biriləri K.Vəliyev kimi təmiz insanların simasında Ordumuza bir ayrı hücum hazırlayır.

Siz kimdən tapşırıq almısınız? Ordumuza qarşı kampaniya üçün “qrant”ı kim ayırıb?

Digər tərəfdən, siz kimsiniz Polad Həşimovu vəzifə mübarizəsinin subyekti kimi göstərib, onun uca mövqeyinə xələl gətirirsiniz? Siz bilirsinizmi nə böyük xəyanət edirsiniz Poladın ruhuna?

Səmayə xanım deyir ki, oğlu ilə danışıb, bir neçə günə nazirlikdə vəzifə alacağını deyib Polad Həşimov, həm də “sevinə-sevinə”!

İgidlərin, ağır döyüşə girənlərin, yol çıxanların, bir sınağa gedənlərin analarını aldatdığını bilmirsinizmi? Hansımız ağır yola çıxanda “ay anaaa, ölümə gedirəm eee” deyib zarımışıq? Hər zaman anamızı aldatmışıq ki, narahat olmasın, rahat yatsın, oğlundan nigaran qalmasın!

Bu baxımdan Səmayə xanım oğlunun “sevinə-sevinə” danışdığını deyərkən həddən artıq səmimidir. Ancaq sizlər necə buna inana bilərsiniz? Polad kimi igid səngəri qoyub, geri gələrdimi? Bunu yayıb, bunun üzərindən necə manipulyasiya edirsiniz?

4. Video-çəkiliş gedərkən kamera arxasında “istefa məsələsi” xatırladılır Səmayə xanıma, idarə edilir, yön verilir!

Səmayə xanımın oğul itkisindən, kədərindən, dərdindən istifadə edib, ssenari qurmusunuz?

Polad Həşimovun rütbəsinin alınması və istefa ərizəsi yazması 7-8 il öncənin məlumatıdır: yazmışdı istefa ərizəsini, səbəbsiz yerə cəzalandığı üçün. Ancaq Prezident xəbər tutdu, daha yüksək rütbə ilə onu orduya qaytardı və məsələ də həll olundu. Bu hadisəni sürüyüb, 7 il sonraya – 2020-ci ilə gətirməklə nəyə nail olmaq istəyirsiniz ki?

5. Polad Həşimov mənim üçün şəhid qardaşını çiyninə alıb, ikiəlli saxlamağa bir çoxunun gücü çatmadığı PK-nı bir əlinə təkcə götürməyib, həm də ondan atəş aça-aça sıldırım qaya qalxaraq şəhid olan əsgərimdən nə aşağıdır, nə də yuxarı. Şəxsən mən adını əzbərdən bilmədiyim o şəhidlərimizi də Polad Həşimov qədər və yaxud, Polad Həşimovu da o şəhidlərimiz qədər sevirəm!

Bu, yalnız və yalnız 3 min şəhidə aid deyil: bu, Birinci Qarabağ savaşındakı 18 mindən yuxarı şəhidə də aiddir!

Bu, Ferddən üzü bəri, hər kəsə aiddir!

Bunların içində yalnız bir istisna var: Mübariz İbrahimov! Mübarizin gördüyü işin miqyası, hədəfi və missiyası tamamilə fərqli idi!

Bəs, niyə Polad Həşimov daha çox sevilir?

Çünki o – müqəddəs şəhidlik obrazıdır: Biz İkinci Qarabağ savaşına Polad Həşimovun şəhidlik obrazı ilə daxil olduq və bu şərəfli obraz hər kəsə nümanə oldu!

Polad – şəhidlərimizin və şəhidliyimizin ali obrazıdır!

Səmayə xanım – şəhid analarının obrazı kimi seçilib!

Vəssalam – heç bir üstünlük, istisna yoxdur ortada!

Səmayə xanım diqqətsizlikdənmi gileylənir?

Baxın, hər biriniz onun adını əzbər bilirsiniz! Niyə? Çünki bu qədər təbliğ olunub: film təqdimatıdır – Səmayə xanım dəvət edilir; tədbir keçirilir – Səmayə xanım başda; Prezidentin zəng etdiyi nadir şəhid valideynlərindən biridir; Şuşaya təmtəraqla aparılan azsaylı şəhid analarından biridir!

Adını heç də xoş çəkmədiyi Kərim Vəliyev onu iki dəfə ziyarət edib!

Bizə hələ də şəhid anaları yazır, “Şəhid oğlumun şəklini dərc edərsinizmi?” deyə!

Dəhşətdir, hər dəfə belə bir məktub alanda darmadağın oluruq: canını bizim yolumuzda verən Şəhid Balamızın anası bizdən yalnız Onun şəklini dərc edib, adını çəkməyimizi istəyir! Və tərcümeyi-halına baxırsan ki, ermənilərə divan tutub bu gənc, adını belə bilmədiyimiz şəhidimiz!

Nə anasının bir iddiası var, nə doğmalarının!

Onlar ana deyil, yoxsa övladlarını bizim yolumuzda, bu xalqın yolunda, bu Vətənin bütövlüyü uğrunda, gələcəyimiz naminə şəhid verməyiblər?

6. “Polad Həşimov istefa ərizəsi niyə yazmışdı? Araşdırılsın!” deyə sosial şəbəkələr car çəkir.

Sizcə, Polad Həşimov sizdən cəsarətsiz idi? Qorxurdu? Çəkinirdi? 2013-cü ildə özü qalxıb, deyə bilməzdimi ki, bu səbəblərdən istefa verirəm? Açıb-tökə bilməzdimi hər zadı?

Ya Polad Həşimov Tərtər olaylarını bilmirdi? İctimailəşdirə bilməzdimi? Kimdən qorxurdu?

Demək, generalımız özü daxildə mübarizə aparıb, amma heç bir halda razı olmayıb ki, Ordumuz haqda yanlış rəy yaransın və bu barədə heç vaxt danışmayıb!

İndi araşdırılmalıdırsa, araşdırılacaq və yaxud artıq araşdırılıb ki, Səfər Əbiyev, Nəcməddin Sadıqov vəzifədən atılıb! Nə lazımdırsa, o da edilir – Ordumuzun nüfuzuna xələl gətirmədən!

Siz necə düşünürsünüz, 300-400 minlik bir qurumda naqislik yoxdur? 20 nəfərlik kollektivdə naqislər, düşüncəsizlər varsa, o yekəlikdə qurum nöqsanlardan, satqınlardan xalidir?

Təmizlənir, hər şeyə nəzarət edilir – bəzilərini bilməyimiz heç lazım da deyil.

Bəs, siz kimsiniz ki, Ordumuza – Qalib Orduya, 21-ci əsrin hərb tarixinə möhür vuran bir Orduya çamur atmağa cəsarət edirsiniz?

7. O ananın əli – 21 min şəhidimizin, 50 min qazimizin analarının ümumiləşmiş obrazı kimi öpülür! O ana Şuşaya ona görə aparılır! Şuşamızı azad edən İGİDlər, xüsusi təyinatlılar 21 min şəhidimizin, 50 min qazimizin Anası kimi, Əsgər Anası kimi ona məruzə edib, xeyir-dua alırlar!

Bu Obrazdır, Şəhid Anasının obrazı: bu Obrazı bu xalq özü yaratdı, özü bəslədi, özü böyütdü və özü yaşadır – baxmayaraq ki, hüquqi varis və zərərçəkmiş o ailədə Səmayə xanım deyil, başqa adamdır.

Bu Obrazdan sui-istifadə etmək və yaxud onu sifarişlərin icrasının alətinə çevirmək olmaz – Haqq özü cəzalandırar!

Previous articleBMT Baş Assambleyasının prezidenti Azərbaycanın daimi nümayəndəsinə təşəkkür edib
Next articleÖlüm hökmü bərpa oluna bilər? – Müzakirə

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here