Home QHT Alternativ Məktəb Mühiti layihəsi

Alternativ Məktəb Mühiti layihəsi

812
0

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsində fərdi layihələr kateqoriyası üzrə qalib olan layihələrdən biri də “Alternativ Məktəb Mühiti” layihəsidir. Layihə fiziki və psixososial sağlamlığın qorunması istiqamətində fəaliyyət göstərir.

Sosialxəbər.az xəbər verir ki, Layihə rəhbəri – Xocavənd rayonu 2 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Məmmədzadə qeyd edir:

”Layihənin məqsədi “Şiddətsiz ünsiyyət” metodunun mənimsədilməsi yolu ilə kurikulumun şəxsiyyətyönümlülük prinsipinin inkişafına töhfə verərək,məktəblərdə daha humanist mühit yaratmaq,aktiv öyrənməni dəstəkləmək,fərdlərin özünüifadə bacarığını inkişaf etdirməkdir.

“Şiddətsiz ünsiyyət” metodunun əsası ilk dəfə 1960-cı ildə yəhudi əsilli klinik psixoloq Marşal Rozenberq tərəfindən qoyulmuşdur. O, bu metodla Amerikada dövlət məktəbləri və digər ictimai sahələrdə irqi münaqişələrin həllinə nail olmuşdur.

Bundan sonra “Şiddətsiz ünsiyyət” metodu dünyanın bir çox ölkələrində tətbiq olunmağa başlayır. Bu metod şəxsi münasibətlərdən iş münasibətlərinə, tibbi və sosial xidmətlərdən polislərə, həbsxana işçiləri və məhbuslara, məktəb və təhsildən ictimai birliklərə qədər müxtəlif sahələrdə tətbiqi sayəsində münaqişələri aradan qaldırmağa, sağlam münasibətlər qurmağa və sülhə yol açır. Marşal Rozenberqin komandası Ruanda, Bosniya, Serbiya, Kolumbiya və Orta Şərq kimi müharibə yaşamış bölgələrdə “Şiddətsiz ünsiyyət” metodu ilə mediasiya xidmətləri verməyə davam edir”.
“Alternativ Məktəb Mühiti” layihəsi respublikanın bir neçə məktəbində həyata keçirilir.

Layihəyə cəlb olunmuş məktəblər sırasında Bakı şəhəri 95 nömrəli, 171 nömrəli və 191 nömrəli tam orta məktəblər və Xocavənd rayonu 2 nömrəli tam orta məktəb də vardır. Layihə çərçivəsində təyin olunmuş məktəblərdə “Şiddətsiz ünsiyyət”lə bağlı informativ plakatlar, duyğu və ehtiyacların əks olunduğu şəkilli kartlar və üzərində praktikalar ediləcək stikerlərdən ibarət guşələr hazırlanmış, şagirdlərə zaman-zaman insanın yaşadığı duyğu və ehtiyacların adlarını əks etdirən siyahılar təqdim olunmuşdur.

Eyni zamanda qeyd olunan məktəblərin bir qrup müəllim və valideynlərinə TKTA-nın əməkdaşı, “Şiddətsiz ünsiyyət” təlimçisi Lamiyə Əliyeva tərəfindən hər həftə “Şiddətsiz ünsiyyət” metodu barədə təlimlər və psixoloq Güllü Əliyeva tərəfindən humanist psixoloji yanaşma ilə əlaqədar seminarlar təşkil olunmuşdur. Müəllimlər təlimlərdə alınmış tapşırıqlara əsasən hər həftə sinif təşkilat saatlarında şagirdlərlə müəyyən praktikalar təşkil edərək, onların özləri və digər şəxslərin duyğu və ehtiyaclarını tanımalarına, empatiya qurma bacarığının inkişafına çalışırlar.
Qeyd edək ki, artıq təlimlər yekunlaşmışdır. Yanvar ayından etibarən məktəblərdə müəllim, valideyn və şagirdlərin iştirakı ilə duyğu və ehtiyacların tanınmasına dəstək olan vorkshoplar həyata keçiriləcək. İcra müddəti ümumilikdə 3 ay olan layihə yanvar ayının sonuna qədər davam edəcəkdir.

Sonda layihəni uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunacaq.
Layihənin sosial media hesablarını izləyərək onun fəaliyyəti ilə yaxından tanış ola bilərsiniz.
https://www.facebook.com/Alternativ.Mekteb.Muhiti/
https://www.instagram.com/invites/contact/?i=6k57zuerzi8b&utm_content=nb5it0d
https://youtube.com/channel/UC9OchspM4iu0V1rlYbNkFuQ

Previous articleMilli Məclisin iclası başladı
Next articleAzərbaycan BMT Baş Assambleyasının peyvənd bərabərliyi qətnaməsini dəstəkləyib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here