Home Qarabağ Düşmən əsgərlərimizə təminat gətirdi…

Düşmən əsgərlərimizə təminat gətirdi…

267
0

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Sosialxəbər.az bildirir ki, Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Xüsusi təyinatlılar dərhal yerə çökdülər. Təyinat üzrə dəstə komandiri polkovnik-leytenant Fizuli İmrəliyevin “Ehtiyyatlı olun, Ceyhun, bunlar düşmən kəşfiyyatıdır!..” deyə zamanında verdiyi məlumat düşmənin on iki-on üç nəfərdən ibarət diversiya qrupuna qarşı üç nəfərin üstünlük əldə etməsinə və qabaqlayıcı tədbir görməsinə şərait yaratdı.

Aralarındakı yetmiş beş metr məsafədə müdafiə olunmaq üçün heç bir maneə olmayan meydanda üz-üzə gələn iki düşmən qrupu bir-birlərini nişan aldılar. İlk və sərrast atəşin ardınca xüsusi təyinatlılar eyni anda iki əl qumbarasını diversiya qrupunun üzərinə tolazladı. Düşmən kəşfiyyatçıları özlərini yerə atdılar. Xüsusi təyinatlılarsa partlayış baş verən ərazi ilə aralarındakı məsafənin altmış metrdən çox olduğunu nəzərə alaraq yerə uzansalar da, atəşi dayandırmadılar. Əl qumbarasının qəlpələrini ətrafa yayma anı bitən kimi qaldırdığı toz-duman yerə çökmədən düşmən diversiya qrupundan sağ qalmış bir neçə nəfər ayağa qalxdı. Onlar xüsusi təyinatlıların uzandıqları səmtdə atəş aça-aça gəldikləri istiqamətdə geri çəkilməyə cəhd göstərdilər. Amma kapitan Təhməzovun avtomatının boşalmış darağını dəyişmə zamanından yalnız üç düşmən kəşfiyyatı istifadə etməyi bacardı. Digərləri Şirxan Xanməmmədov və onunla bərabər döyüşə qatılan əsgər Nihal Bədəlovun açdığı sürəkli atəş nəticəsində məhv edildi.

Düşmən diversiya qrupundan yalnız üç nəfər gəldikləri istiqamətdə qaçaraq qaranlıqda yox oldu.

Xüsusi təyinatlılar ehtiyatla yaxınlaşıb məhv edilmiş düşmən diversiya qrupunun cəsədlərini və bütün ətrafı diqqətlə yoxladılar. Kapitan Təhməzov polkovnik-leytenant Fizuli İmrəliyevlə əlaqə saxlayıb, son vəziyyət haqqında məlumat verdi və ərazidə on nəfərdən ibarət düşmən diversiya qrupunun cəsədinin qaldığını bildirdi.

– Cəsədlərlə nə edək, komandir? – deyə xəbər aldı.

Təyinat üzrə dəstə komandiri:

– Siz briqadanı böyük bir təhlükədən qurtardınız, kapitan, – qrup komandirinin sualına cavab vermədən dedi: – Təşəkkür edirəm, Ceyhun, – səmimiyyətlə söylədi: – İndi isə dərhal mövqeyinizə qayıdın. Yüksəkliyi motoatıcı qruplara təhvil verənə və növbəti tapşırıq alana qədər mövqenin qorumasını təşkil edin! Unutmayın, kapitan, 1553 saylı yüksəklik bizim üçün son dərəcə əhəmiyyətli və strateji bir mövqedir. Bu yüksəklik bizim üçün nə qədər əhəmiyyətlidirsə, düşmən üçün də bir o qədər, hətta daha artıq əhəmiyyətlidir. Ona görə də nəyin bahasına olursa-olsun, düşmən onu geri almağa çalışacaq. – İzahat verdi: – Diqqətli və son dərəcə ehtiyatlı olun! Allah amanında!

– Oldu, cənab polkovnik-leytenant!

Gecə boyu hava bir neçə dəfə dəyişdi. Əvvəlcə duman gəldi, qarşıdakı qayada ucalan Şuşa şəhərinin közərən işıqlarını toratan kimi toxuyub görünməzliyə qərq etdi. Ardınca yağış səpdi. Narın yağan yağış çox keçmədi ki, qaranlığı bozardan dumanı ağırlayıb üstünə çökdü. Zülməti ələyib süzgəcdən keçirdi. Zülmətin içərisində təbiət zülmət rəngində göründü. Qarşıdakı qayaların üstündə ucalan Şuşa şəhəri pərakəndə közərən işıqlarla gözlərini xəstəhalcasına qırparaq yerini işarə verdi.

Kapitan Təhməzov öz qrupu ilə səhəri Şuşanın yaşaran, kədərdən öləzimiş, ağlamaqdan qarası getmiş, uzaqdan zəif közərən pərişan gözlərinə baxa-baxa açdı…

Zülmət süzülüb soldu. Qaranlıq zəif işıqdan bulandı. Həyəcandan ürək kimi çırpınan Şuşa şəhərinin uzaqdan rəngi bozardı…

– Tezliklə orada olacağıq, inşallah! – deyə qrup komandiri dərindən köks ötürdü.

Kapitan Təhməzova bağlıymış kimi hamı səhərin soyuq havasını acgözlüklə ciyərlərinə çəkib, “İnşallah!” deyə uzun-uzadı havaya buraxdı.

– Komandir, – sol tərəfində mövqe tutan kapitan Mirzə Musayev əlini qarşıya, bir gün qabaq düşməndən geri alınıb motoatıcı qüvvələrin mövqeləndiyi düzənlikdəki əraziyə tərəf uzadaraq: – Gələn var, komandir! – pıçıldadı.

Kapitan Təhməzov binoklu gözünə yaxınlaşdırıb diqqətlə müşahidə etdi. Sonra öz-özünə danışırmış kimi:

– Bunların heç bir-birlərindən xəbəri yoxdur ki! – deyə dilləndi: – Bununla da bizimlə müharibəyə qalxırlar, bədbəxtlər!

Düşmənin “Ural” markalı üç yük maşını sürətlə düzənlikdəki düşməndən geri alınmış mövqeyə doğru hərəkət edirdi:

– Hmm, təminat gətirirlər bizimkilərə, – istehza ilə gülümsədi: – Qoy gətirsinlər, elə buna ehtiyacımız vardı.

Hamı güluşdü.

Radionu dodaqlarına yaxınlaşdırıb, gözünü maşınların hərəkət etdiyi istiqamətdən ayırmadan düzənlikdəki səngərdə mövqe tutmuş motoatıcı qrupun komandiri ilə əlaqə saxladı:

– Neçə vaxtdır təminat almırsız, komandir? – deyə soruşdu.

Taqım komandiri dərhal cavab verdi:

– Sonuncu dəfə nə vaxt təminat aldığımızı xatırlamıram, cənab kapitan!

– Hazırlaşın, indi alacaqsınız! – qrup komandiri çevrilib maraqla onların söhbətini izləyən xüsusi təyinatlılara nəzər yetirdi: – Ermənilər şəxsən özləri sizə təminat gətirirlər! – Əlaqəni kəsdi: – Siz də hazırlaşın, uşaqlar, – deyə ətrafında mövqelənən döyüş yoldaşlarına tapşırıq verdi.

– Anladım, komandir, – motoatıcı qrupun komandiri də əlaqəni kəsdi.

Xüsusi təyinatlıların leytenantı Cavad Səmidov düşməndən qənimət götürdükləri artilleriya qurğusunu atəşə hazır vəziyyətə gətirib motooatıcı qrupun mövqeləndiyi əraziyə doğru hərəkət edən sonuncu “Ural”ı nışan aldı…

Yaxınlaşdıqca sürəti azaldan düşmən texnikası səngərlərdən təxminən on beş-iyirmi metr arxada, bir-birlərindən beş-altı metr məsafə saxlamaqla dayandı. Bir neçə dəqiqə sürən hərəkətsizlikdən sonra qarşıdakı maşının kabinəsində oturan düşmən zabiti düşüb əvvəlcə ətrafı bir daha müşahidə etdi. Sonra əyili vəziyyətdə asta-asta səngərə doğru hərəkət etməyə başladı. Səngərin beş-altı metrliyində səssizlikdən şübhələnib dayandı. Avtomatını sol əlinə keçirib əl qumbarasını çıxardı. Səngərdə mövqe tutan motooatıcı qrup düşmən zabitinə əl qumbarasının həlqəsini çəkməyə fürsət vermədi. Qəfil və sərrast avtomat gülləsi düşmən zabitinin sinəsini parçaladı.

Bayaqdan kabinədən düşməyib gözləyən, səbirlə komandirlərini müşahidə edən “Ural” maşınlarının sürücüləri dərhal qazı basıb, texnikanı geri çevirməyə cəhd göstərdilər. Motoatıcı qrupun bütün əsgərləri eyni anda təminat gətirən hər üç düşmən texnikasının təkərlərini nişan aldı. Təkərləri partlayan texnikalar dayandı. İkinci və üçüncü maşından düşən sürücü və əsgərlər maşınların arxasına keçib yerə uzandılar və qarşı tərəfi ardıcıl avtomat atəşinə tutdular.

Birinci maşının sürücüsü aldığı güllə yarasından maşındaca ölmüşdü. Kapitan Təhməzov üzünü atəş açmayıb bayaqdan əmr gözləyən xüsusi təyinatlılara tutub:

– Snayperlər, döyüşə! – deyə göstəriş verdi: – Çalışın, texnikaya ziyan vurmayın. Motoatıcıların təminata ehtiyacları var.

Eyni anda həm 1553 saylı yüksəklikdən snayper atəşinə, həm də düzənlikdəki səngərdən avtomat atəşinə tutulan düşmən qısa müddətdə məhv edildi. Motoatıcı qrupun əsgərləri ehtiyatla qənimət götürülmüş texnikaya yaxınlaşıb yoxlama apardıqdan sonra komandirləri:

– Düşmən məhv edildi, cənab kapitan. Maşınlarda canlı qüvvə yoxdur, – deyə kapitan Təhməzova məruzə etdi…

***

1553 saylı yüksəkliyi azad edən xüsusi təyinatlıları əvəz edəcək piyada qoşunların gəlişi gecikirdi. Motoatıcılar dağ massivinə qalxmaqda çətinliklə üzləşmişdilər. Düşmən 1553 saylı yüksəkliyin aşağısında, Daşaltı kəndinin qarşısındakı düzənlikdə qurduğu pusqunun aşkarlanaraq, məhv edildiyini bildikdən sonra artıq silsilə boyunca bütün ərzilərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən götürüldüyünü anladı. Və aramsız artilleriya atəşinə başladı. Bir neçə dəqiqə içərisində yüksəklik və bütün ətraf düşmənin müxtəlif tipli iriçaplı silahlardan endirdiyi saysız-hesabsız mərmi yağışı altında amansız tufanın altını üstünə çevirdiyi bir okeana bənzədi. Atəş nöqtələrini təyin etməkdə çətinlik çəkdikləri və çavab atəşi açmaq imkanları xaricində olduğu üçün xüsusi təyinatlılar yalnız müvafiq yerlər seçib gizlənmək, özlərini qəlpələrdən qorumaqla müdafiə olunmaq qərarına gəldilər. İki saatdan artıq davam edən bombardman yüksəklikdəki bütün ağacları yerlə-yeksan edib, torpağın altını üstünə çevirdi. Yalnız axşam düşdükdən, hava qaraldıqdan sonra düşmən artilleriyası susdu.

Kapitan Təhməzov dartınaraq üstünə qalaqlanmış torpağın altından çıxıb ətrafa boylandı. Gözlərinə toz-torpaq dolduğu üçün heç nə görə bilmədi. Silkələyərək başının toz-torpağını təmizləməyə çalışdı. Və eşitmədiyini anladı. Ətrafında partlayan saysız-hesabsız mərminin gurultusundan qulaqları tutulmuş, başı ağırlayıb sanki zindana dönmüşdü.

Ovuşdurub gözlərini təmizlədi. Və bulanıq şəkildə qarşısında kölgə kimi iki nəfərin dizləri üstə çöküb onunla danışdığını gördü. Gözlərini yumub gözlədi, ovucları ilə ovuşdurdu. Və göz qapaqlarını açanda qarşısında dizləri üstə çöküb onunla danışmağa cəhd göstərən əsgərlərini tanıdı.

Əsgər Şamo Əsgərov və rabitəçi Şahram Diniyev dayanmadan nə isə deyir, həyəcanla nəyi isə anlatmağa çalışırdılar. Qrup komandiri isə onları eşidə bilmirdi. Əsgərlər komandirlərini anlamışdılar. Rabitəçi Şahram Diniyev qrup komandirinin yanında oturub gözləməyə başlayınca, əsgər Şamo Əsgərov uzaqlaşıb gözdən itdi. Kapitan Təhməzov eşitməsə də, fikirlərini ifadə edə bildi:

– Nə olub, Diniyev? – deyə soruşdu.

Komandirinin vəziyyətini anlayan Diniyev sifətini ona yaxınlaşdırib pıçıltı ilə, amma ifadəli şəkildə dedi:

– Şirxan Xanməmmədov şəhid oldu, komandir!

Kapitan Təhməzov dodaqlarının tərpənişindən, ifadə tərzindən əsgərinin nə dediyini anladı. Dirsəklərini dizlərinə dayaqlayıb başını əllərinin arasına aldı:

– Şəhadətin mübarək, qardaşım!

Qrup komandiri eşitməsə də, rabitəçi Şahram Diniyev davam elədi:

– Elvin Sadıqov şəhid oldu, komandir, – susdu, amma səbri çatmadı: – Seymur İbrahimov da şəhid oldu, komandir!

Rabitəçi heç kim eşitməsə də, danışmaqdan dayanmadı, ürəyini boşaltmaqdan durmadı. Deməsəydi, danışmasaydı, ürəyi partlayacaqdı sanki. Dağlara, daşlara söyləyirdi dərdini sanki.

Kapitan Təhməzovsa beynində guruldayan, qulaqlarında əks-səda verən daha birinin şəhid olduğu xəbərini eşitməsin, daha bir döyüş yoldaşının həyatına son verildiyini duymasın deyə, sanki tutulmuş qulaqlarını var gücü ilə sıxıb qapadı, ağırlaşmış başını ovucları arasına alıb susdu.

Rabitəçi Diniyevsə hələ də ürəyini boşaldıb bitirməmişdi, gözlərini məchul bir nöqtəyə zilləyib bir-bir şəhid yoldaşlarının adlarını sadalayır, təkrar-təkrar təkrarlayırdı…

Mövqeni təhvil almağa tələsən qüvvələr gecənin qaranlığından və qatı dumandan istifadə edərək yüksəkliyə doğru hərəkətə başladılar. Çətin relyef və əlverişsiz hava şəraiti motoatıcı qüvvələrin hərəkətini ləngitsə də, səhər erkəndən özlərini yüksəkliyə çatdıra bildilər. Dərhal mövqelənib düşmənin bütün hərəkət istiqamətlərini nəzarətə götürdülər. Bir-neçə saat səssizlikdən sonra eşitmə qabiliyyəti bərpa olan qrup komandiri Təhməzov təyinat üzrə dəstə komandiri polkovnik-leytenant Fizuli İmrəliyevlə əlaqə saxlayıb mövqeni təhvil vermələri haqqında məruzə etdi. Fizuli İmrəliyev bütün gecə boyu əlaqə yaratmağa çalışsa da, texniki nasazlıq və düşmən bombardmanı nəticəsində müvəqqəti olaraq eşitmə qabiliyyətini itirdiyi üçün kapitan Təhməzov ona cavab verə bilməmişdi. Ona görə də dəstə komandiri:

– Şəhid və yaralılarımız varmı? – deyə dərhal soruşdu.

– Şəhidlərimiz də, yaralılarımız da var, komandir! – qrup rəhbəri təəssüflə bildirdi.

– Şəhidləri də, yaralıları da götürüb dərhal aşağı enin! – Polkovnik-leytenant əmr etdi. Dərhal da əlavə elədi: – Yaralılara vaxtında tibbi yardım göstərmək üçün həkim heyətimizi sizi qarşılamağa göndərirəm. Şəhid və yaralıları onlara təhvil verib Şuşa istiqamətində hərəkətə başlayın! Amma yüksəklikdən enərkən ehtiyatlı olun, Ceyhun. Unutmayın, düşmən artlleriyası hələ də yüksəkliyi nəzarət altında saxlamaqda davam edir!

Duman süzülüb yüksəklikdən aşağı endi. Dağa-daşa, kola-kosa, bir gün qabaq saysız-hesabsız mərmi qəlpələrinin qoparıb qalaq-qalaq dərələrə yığdığı ağac parçalarına ilişib ətəklərində hərəkətdən qaldı. Getdikcə də qatılaşmağa başladı. Yuxarı hissəsi səhərin tər-təmiz, ap-aydın şəffaf havasında bərq vurduğu halda, çiynindən aşağısı kürəklərini ağ kalağayıyla örtmüş gəlin kimi dümanla büründü. Kapitan Təhməzov:

– Tez olun, uşaqlar! Nə qədər ki duman çəkilməyib, tez aşağı enməliyik, – deyə döyüş yoldaşlarını tələsdirdi.

Xüsusi təyinatlılar şəhid və yaralıları çiyinlərinə qaldırıb hərəkətə başlamaq üçün əmr gözləyən zaman kapitan Təhməzov mövqeni təhvil almış motoatıcı taqımın komandirinə yaxınlaşdı:

– Görürsünüzmü, komandir, – çevrilib əlini döyüş yoldaşlarının çiyinlərindəki şəhid və yaralılara tərəf uzatdı: – Yüksəkliyi bu qardaşlarımızın qanı bahasına aldıq və şəhidlərimizin canları hesabına qoruyub saxladıq! İndi onu sizə etibar edirik. Onu yaxşı qoruyun! – deyə çevrilib döyüş yoldaşlarına tərəf addımladı.

Sıranın qarşısında durub bir daha üzləri hiss-pasdan tanınmaz halda olan, sifətlərindən hüzn yağan, gözlərindən yorğunluq və yuxusuzluq süzülən xüsusi təyinatlılara və onların çiyinlərindəki şəhid və yaralılara diqqət yetirdi. Heç bir hərbi komanda vermədən:

– Getdik, uşaqlar! – deyə asta, amma hamının eşidə biləcəyi yumşaq tərzdə dilləndi.

Döyüş yoldaşları addımlarını atınca bayaqdan yerindən tərpənməyib hələ də heyranlıqla xüsusi təyinatlıları müşahidə edən motoatıcı taqımın komandirinə tərəf çevrildi:

– Ehtiyatlı olun, komandir, unutmayın, düşmən artlleriyası hələ də yüksəkliyi nəzarət altında saxlamaqda davam edir! – deyə son tapşırığını verib qətiyyətlə qrupun qarşısına doğru yeridi.

Motoatıcı taqımın gənc komandiri kapitan Təhməzovun ardınca bir addım atıb:

– Komandir, şəhidlərimizin qanı bahasına aldığınız yüksəkliyi qanımız, canımız bahasına da qoruyacağıq, arxayın olun! – deyə ucadan səsləndi…

Zəif meh qaşıq kimi dumanı qarışdırıb yatağından çıxardı. Və parçalayıb əlçim-əlçim ətrafa yaydı. Xüsusi təyinatlılar yüksəkliyin ətəyinə yaxınlaşan zaman dumanın ayaqları köhlən at kimi Daşaltının qayalarında görünüb yox oldu. Dumanın gəlişi ilə ətrafa nəzarəti itirən düşmən artilleriyası duman çəkilən kimi dilə gəldi. Və xüsusi təyinatlıların hərəkət istiqaməti yenidən sürəkli atəşə tutuldu…

Ardı var

Previous articleTərtər işi: DTX, DİN və Baş Prokurorluq məlumat yaydı
Next articleMakron son vaqona özünü çatdırdı: Alqışlayırıq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here