Home Cəmiyyət MEDİA və MTRŞ yeni qanun layihəsi ilə bağlı iddialara aydınlıq gətirdi

MEDİA və MTRŞ yeni qanun layihəsi ilə bağlı iddialara aydınlıq gətirdi

254
0

Medianın İnkişafı Agentliyi (MEDİA) və Milli Televiziya və Radio Şurası (MTRŞ) səslənən iddialarla bağlı bəyanat yayıb.

MEDİA-dan verilən məlumata görə, bəyanatda bildirilir:

“Media haqqında” qanun layihəsinin Milli Məclisə daxil olana qədər çoxsaylı media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi təşkil olunub və ölkəmizin media mühitinin sağlamlaşdırılması baxımından layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan jurnalistlərin rəy və təklifləri nəzərə alınıb. Hazırda qanun layihəsi ilə bağlı müzakirələrdə media mənsubları ilə yanaşı cəmiyyətin müxtəlif sferalarının təmsilçilərinin də fəal iştirakı “Media haqqında” qanun layihəsinə olan geniş ictimai marağın göstəricisi kimi tərəfimizdən təqdir olunur.

Qeyd edilir ki, qanun layihəsi beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Layihənin ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlətlərin analoji qanunları araşdırılıb, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb.

Qanun layihəsi nə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsi, nə də ki Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə ziddiyyət təşkil edir, əksinə müvafiq müddəaların tələbləri ilə səsləşir və onların müdafiəsi mexanizmini müəyyən edir.

Layihədə çoxsaylı müzakirələrə səbəb olan məsələlərdən biri jurnalist vəsiqələrinin verilməsidir. Bu vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər.

Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir. Müvafiq vəsiqənin adı “vahid jurnalist vəsiqəsi” deyil, sadəcə “jurnalist vəsiqəsi”dir, o, jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsin həqiqətən Media Reyestrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və əldə edilməsi üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur.

Media subyektlərinin Reyestrə daxil edilməsi isə media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənləşdirilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması məqsədi daşıyır.

Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan şəxslərə vəsiqənin verilməməsi məsələsinə münasibətdə isə bildirmək istərdik ki, 7 yaşına çatmayan, həmçinin əqli imkanları baxımından öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən, yəni fəaliyyət qabiliyyəti olmayan şəxslərin və 7 yaşından 18 yaşına qədər olan, yəni məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin vəsiqə üçün müraciəti mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq istisna edilib.

Sadə prosedur tələblərlə müşayiət olunan jurnalist vəsiqəsini almaq üçün şəxsin Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı olması şərti nəzərdə tutulmayıb.

Təəssüflər olsun ki, jurnalist vəsiqəsi ətrafında davamlı olaraq reallığı əks etdirməyən fikirlər səslənir.

“Təklif dövlət qurumlarına kimlərin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə tam səlahiyyəti verir…” kimi fikirlər isə ümumiyyətlə qəbul edilən deyil və müzakirə yükü daşımır. Layihə qanunazidd fəaliyyətlə məşğul olan media nümayəndələrinin fəaliyyətini tənzimləmir, çünki həmin fəaliyyət bu qanun layihəsinin predmeti deyil. Müvafiq layihə məhz peşəkar jurnalistikanın inkişafını və ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasını hədəfləyib.

Qanun layihəsi jurnalistin öz missiyasını yerinə yetirməsi üçün onun azadlıqlarını, o cümlədən xaricdə yaşamaq hüququnu məhdudlaşdırmır və belə bir yanaşma müzakirə obyekti ola bilməz.

Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin, habelə gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənləşdirilərkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının konkret müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə istinad edilib. Bu norma hər hansı bir şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yəni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda da bu müddəa təsbit olunub, illərdir tətbiq edilən bu norma praktikada da özünü doğruldub və bu illər ərzində heç bir zaman müzakirələrin və mübahisələrin predmeti olmayıb.

Qanun layihəsində “Hərbi vəziyyət haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarına istinad edilib, hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında, həmçinin terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti tənzimlənib. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi fonunda göstərilən normaların məqsədəuyğunluğu qiymətləndirilə bilər. Belə ki hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda media nümayəndələrinin fəaliyyətinin çərçivəsinin müəyyənləşdirilməsi ictimai asayiş maraqlarının və digər şəxslərin hüquqlarının müdafiəsinə yönəlmiş, məcburi xarakterə malik ictimai zərurətdən irəli gəlmişdir.

Qanun layihəsinə dair bəzi mülahizələrdə faktların və hadisələrin qərəzsiz və obyektiv şərh olunması, birtərəfliliyə yol verilməməsinə dair norma isə kontekstdən çıxarılmaqla təqdim olunub. Əslində isə müvafiq norma 14-cü maddənin məzmunundan da göründüyü kimi jurnalistin şərhinə deyil, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələbləri nəzərdə tutur, yəni jurnalistlər üçün yox, media subyektləri üçün öhdəlik müəyyənləşdirir.

Göründüyü kimi çoxsaylı müzakirələrin predmetinə çevrilsə də, əslində Qanun layihəsinin qeyd olunan normaları tamamilə Konvensiyanın tələblərinə cavab verir və onun mahiyyəti ilə uyğunluq təşkil edir.

Qanun layihəsinin mətninə və mahiyyətinə tam bələd olmadan onun ətrafında aparılan müzakirələr bir çox hallarda yanlış qənaətlərin meydana çıxmasına səbəb olur ki, bunlardan biri də məhz sosial şəbəkələr və bloqerlərin fəaliyyəti ilə bağlıdır. Müzakirə olunanların əksinə Qanun layihəsinin heç bir müddəası sosial şəbəkələrin və bloqerlərin fəaliyyətinə şamil edilməyib.

“Platforma yayımçısı” anlayışı ilə bağlı irəli sürülən fikirlər isə tam olaraq yanlış yanaşmanın nəticəsidir. Belə ki, “platforma yayımçısı” ilə hazırda istifadə olunan “internet televiziya” anlayışı eyni deyildir və birinci daha geniş məfhumdur. “Platforma yayımçısı” dedikdə açıq yerüstü yayım üsulu istisna olmaqla, digər platformalardan (ödənişli yerüstü platforma, kabel, İPTV, OTT, birbaşa internet və s.) yayım həyata keçirən yayımçı nəzərdə tutulur. Yalnız platforma yayımçısı olmaq istəyən internet televiziya kanalları müəyyən tələblərə (öz saytından yayım, proqram cədvəlinin olması, minimum 6 saatlıq yayım və s.) cavab verməlidirlər ki, lisenziya üçün müraciət edə bilsinlər. Bu lisenziyanı əldə etməklə isə onlar operatorlarla müqavilə bağlayaraq multipleks operatorunun istifadə etdiyi ödənişli yerüstü platformalarda və platforma operatorunun istifadə etdiyi ödənişli kabel, İPTV, OTT və digər platformalarda təmsil olunmaq imkanı qazanırlar.

“Peyk yayımı həyata keçirən platforma yayımçısı” lisenziyası isə bunlardan əlavə onlara peyk yayımında təmsil olunmaq imkanı verəcəkdir. Beləliklə, platforma yayımçısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziyaların fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmur. Bununla bağlı dəfələrlə aidiyyəti orqan tərəfindən açıqlamalar verilməsinə baxmayaraq, hələ də subyektiv mülahizələr ifadə edilməkdədir. Qeyd olunan məsələyə hüquqi müstəvidə daha da aydınlıq gətirilməsi məqsədilə layihəyə dəqiqləşdirici müddəanın əlavə edilməsinə dair təklifin verilməsi planlaşdırılır.

Müraciətdə qeyd olunan digər məqam isə audiovizual media üzrə tənzimləyici orqan funksiyalarını yerinə yetirəcək Audiovizual Şura ilə bağlıdır. Hazırda televiziya və radio yayımı üzrə tənzimləyici orqan Milli Televiziya və Radio Şurasıdır. Qanun layihəsində Audiovizual Şura ilə bağlı müddəalar hazırda mövcud olan qanunvericilikdə Milli Televiziya və Radio Şurası ilə bağlı hissələrlə (Şuranın formalaşdırılması, maliyyələşməsi, əsas vəzifələri və s.) uyğunlaşır. Hətta bir sıra müddəalarda Audiovizual Şuranın səlahiyyət imkanları məhdudlaşdırılıb. Belə ki, Şura üzvlərinin sayı 9-dan 7-ə endirilib, eyni Şura üzvünün 2 dəfədən çox təyin olunmaq imkanı istisna olunub, səlahiyyət müddəti 6 ildən 5 ilə qədər azaldılıb.

Bundan əlavə, hazırda Milli Televiziya və Radio Şurasının yayımın dayandırılması üzrə az qala qeyri-məhdud səlahiyyətlərinin konkret pozuntular üzrə differensiallaşdırılmış yayım dayandırılması səlahiyyətləri ilə əvəzləşdirilməsi mütərəqqi yanaşma baxımından olduqca əhəmiyyətlidir.

Şuranın dövlət büdcəsindən maliyyələşməsinin onun fəaliyyətinin müstəqilliyinə xələl gətirəcəyi ilə bağlı iddialar gəlincə, qeyd olunmalıdır ki, bir çox Avropa ölkələrində tənzimləyici qurumların dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsi mövcuddur.

İfadə və söz azadlığının yüksək səviyyədə təmin olunduğu ölkəmizdə dövlətin media sferasına hər hansı inzibati müdaxilə etmək niyyəti yoxdur. Əksinə media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin Nizamnaməsi ilə tanış olduqda onun yalnız medianın inkişafı yönümlü səlahiyyətlərinin olduğunu müəyyənləşdirmək çətin deyil. Lakin buna baxmayaraq belə yanaşmanı və bu sahədə görülən işləri dövlətin mediaya müdaxiləsi kimi qiymətləndirmək heç bir reallığı əks etdirmir.

Qanun layihəsi hələ Milli Məclisə təqdim edilənədək onlarla media subyektində onun təqdimatı olunmuş və yüzlərlə jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən qurulan effektiv kommunikasiyaya baxmayaraq Qanun layihəsi ətrafında hələ də həqiqəti əks etdirməyən fikirlərin səslənməsi təəssüf hissi doğurur. Bu kimi halların qarşısının alınması məqsədilə media nümayəndələri, ekspertləri və ictimai fəallardan fikir və rəylərini bildirərkən Qanun layihəsinin kontekstindən kənara çıxmamaları və layihənin məzmunu ilə yaxından tanış olmaları tövsiyə olunur.

“Media haqqında” Qanun layihəsi ilə bağlı yaranan hər hansı sual və ya narahatlıqlara açıqlama və izahat verməyə hər zaman hazır olduğumuzu bildirmək istərdik”.

Previous articleElektron qolbaq daşıyan şəxsdən narkotik götürüldü
Next articleBakıda 28 yaşlı partiya üzvü faciəvi şəkildə öldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here