Home Qarabağ Şuşanın girişində düşmən pusqusu

Şuşanın girişində düşmən pusqusu

176
0

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Sosialxəbər.az bildirir ki, Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Qruplarla əlaqəli şəkildə fəaliyyət göstərən xüsusi təyinatlı qüvvələr artıq müxtəlif istiqamətlərdən Şuşa şəhərinə yaxınlaşmış, düşmənin müqavimətini qıraraq bir sıra vacib yüksəklikləri ələ keçirə bilmişdilər. Amma düşmən məğlubiyyətlə barışmır, itirdikləri mövqeləri geri qaytarmaqdan ötrü bütün vasitələrə əl atırdılar.

Xüsusi təyinatlıların tabor komandiri mayor Zaur Rəhimov öz qrupu ilə Laçın koridorunu yarıb keçərək, Şuşa şəhərini çöl yolla arxa tərəfdən adlayıb, Xankəndi tərəfdən Şuşa qalasına yaxınlaşarkən, xüsusi təyinatlıların digər qrupları müvafiq mövqelər seçərək müxtəlif istiqamətlərdən addım-addım şəhərə yaxınlaşır, düşməni qarış-qarış geri çəkilməyə məcbur edirdi.

Xüsusi təyinatlıların kapitanı, bölük komandiri Ceyhun Təhməzov öz qrupu ilə qarşı tərəfdən, Daşaltı istiqamətindən Şuşa üzərinə hücuma başlamışdı. Qarşıda 1400, ardınca 1553 saylı yüksəklik, sağ tərəfdə Şuşakənd, sol tərəfdə Daşaltı kəndi yerləşir, arxada isə Şuşa şəhəri ucalırdı. 1400 və 1553 saylı yüksəklikləri götürmədən qarşı tərəfdən Şuşa şəhərinə girmək qeyri-mümkün görünürdü. Qrup yalnız düşmənin bu yüksəkliklərdəki qüvvələrini məhv etdikdən sonra aşağı enib Daşaltıdan Şuşaya qalxa bilərdi.

1400 saylı yüksəkliyin ətəyinə gecə saat iyirmi üç radələrində çatdılar. Qarşıdakı sərt qayanın üzünü noyabr gecəsinin soyuq küləyi yaladıqca nərildəyir, axın-axın ötən duman karvanları üzərinə narın-narın dənələrini ələdikcə parıldayırdı. Yüksəkliyə bu sürüşkən və sərt qayadan qalxmalı idilər. Qayalığın üzərində diametri təxminən iyirmi-iyirmi beş santimetr olan pərakəndə formada ağaclar bitmiş və bu ağaclar qayalara paralel şəkildə səmaya millənmişdilər. Bir neçə xüsusi təyinatlı mövqelənib ətrafı müşahidə etməyə başlayınca digərləri süngü-bıçaqlarını çıxarıb qayaya dırmanmağa başladılar. Bir-birlərindən tutmaqla, kəndirlərin və süngü-bıçaqların köməyi ilə yüksəkliyə qalxan xüsusi təyinatlılar səkkiz, on nəfərdən ibarət düşmən əsgəri ilə göz-gözə gəldilər. Qəfil arxa tərəflərindən peyda olub silahlarını üzlərinə tuşlayan Azərbaycan əsgərini qarşılarında görən düşmən müqavimət göstərməyə cəhd etsə də, imkan tapmadan məhv edildi. Qrupun bir neçə üzvü yüksəklikdə, digərləri isə aşağıda mövqe tutub səhəri gözlədi. Səhər erkən ətrafı diqqətlə müşahidə edib növbəti yüksəkliyi ələ keçirmək üçün hərəkətə keçəcəkdilər.

Həmişəki noyabr sabahı kimi səhər dumanla gəldi. 1400 saylı yüksəklik bütün ətrafı müşahidə etmək, düşmənin yerini təyin etmək, hərəkət istiqamətlərini planlamaq üçün geniş imkanlar yaradırdı. Amma təbiəti öz boz yorğanı altında gizləmiş duman gözləməyə məcbur edirdi. Görünməzlik ətrafı tez bir zamanda təhqiq edib fəaliyyətə başlamaq üçün tətikdə dayanan xüsusi təyinatlıları az qala kor etmişdi. Qarşıda isə onları düşmənin Şuşa şəhərini cənub tərəfdən mühafizə edən ən güclü və ən etibarlı istehkam saydıqları 1553 yüksəkliyi gözləyirdi.

Hava yolu ilə Şuşa şəhərinin iki min iki yüz metr məsafəsində yerləşən həmin yüksəkliyin işğal altında olan mədəniyyət mərkəzi ilə eyni səviyyədə olması həm Şuşa şəhərini, həm də bütün ətrafı nəzarətdə saxlamaq imkanı yaradırdı. Eyni zamanda, yüksəkliyin sərt qayaların üstündə yerləşməsi və düşmənin həmin qayaların ətrafında qurduğu pusqular 1553-ü keçilməz səddə çevirmişdi.

Saat on radələrində duman müxtəlif hissələrindən parçalanmağa, havada süzən həmin parçalarından ətrafı xəsiscəsinə göstərib tez də qapatmağa başladı. Dumandan açılan kiçicik və bir neçə saniyəlik pəncərə düşmənin qurduğu pusquların yerini təyin etməyə kifayət etdi. Kəşfiyyatın verdiyi məlumatları dəqiqləşdirərkən məlum oldu ki, düşmən 1553 saylı yüksəkliyin qarşısında, Daşaltı kəndinin girişindəki düzənlik ərazıdə səngərlər qazaraq iyirmi-iyirmi beş nəfərdən ibarət qüvvə yerləşdirmişdir, həmin qüvvələrin qarşısında isə əks həmlə qruplarının diqqətini öz üzərlərinə cəlb etmək kimi mühüm bir tapşırıq qoyulmuşdur. Düşmən əks həmlə qüvvələrini həmin əraziyə cəlb etməklə həm başları üzərində olan 1400 və 1553 saylı yüksəkliklərdən, həm də artilleriya qurğuları yerləşdirdikləri digər mövqelərdən vuraraq asanlıqla sıradan çaxarmaq məqsədi güdürdü.

Briqada komandiri ilə əlaqə yaradan kapitan Təhməzov düşmənin düzənlikdə yerləşdirdiyi pusqu qrupu üzərinə həmlə etmək üçün qüvvə göndərməyi xahiş etdi. Bu, 1553 saylı yüksəkliyə doğru hərəkət edən xüsusi təyinatlılardan düşmənin diqqətini yayındırmağa xidmət edəcəkdi. Qrup 1400 saylı yüksəkliyi özlərini mövqeyə günün ikinci yarısı çatdıra bilən digər bölmələrə təhvil verib, 1553 saylı yüksəkliyə doğru hərəkətə başladı. Eyni zamanda motoatıcı qüvvələrin bir taqımı Daşaltı ilə 1553 saylı yüksəkliyin arasındakı düzənlikdə yerləşdirilmiş düşmən mövqelərinə doğru fəaliyyətə keçdi.

Düzənlikdən üzərlərinə hərəkət hiss edən düşmən cavab atəşi verməyə tələsmədi. Planlarına uyğun olaraq əks-həmlə qüvvələrinin daha açıq sahəyə qədər irəliləmələrinə, yüksəkliklərdəki mövqelərindən həmin qüvvələri hədəfə almaq imkanı əldə edə bilənə qədər susmağa üstünlük verdilər…

Gün batana doğru duman qorxusundan ərşə çəkilmiş, axşamdan qayaları nərildədən külək dağların ulğumunda ilişmiş, nəfəsi kəsilmişdi. Torpağı narın-narın isladan sısqa yağış yerin təkinə çökmüşdü. Təbiət ildırım gözləyən bulud kimi nəfəsini içinə çəkib mayasını udmuşdu. Yüksəklikdəki düşmən artilleriya qurğuları və kiçik çaplı silahları düzənlikdəki əks-həmlə qrupunun hərəkət etdiyi istiqamətdə tuşlanmışdı. Xüsusi təyinatlılar kiçik çaplı silahlarını bədənlərində nizamlayıb hər iki əllərində tutduqları süngü-bıçaqla səbirlə üzüyuxarı, yüksəkliyə dırmanmağa başlamışdılar. Ara-sıra eşidilən atəş səsləri getdikcə intensivləşir, qarşıdakı dağlarda partlayan artilleriya mərmiləri vahimə ilə əks-səda doğururdu.

Yüksəklikdəki mövqelərində uzanaraq silahlarını düzənlikdə ehtiyatla irəliləyən əks-həmlə qrupuna tuşlayan düşmən də nəfəsini belə dərmədən məqam gözləyirdi. Xüsusi təyinatlılarsa düşməni bacardıqca sayıq salmamağa çalışır, kəndir üzərində yeriyirmişlər kimi hərəkətlərini tənzimləyərək addımlarını ehtiyatla atırdılar. Atəş açmaq üçün hazır duran düşmən diversiya qrupunun əsgərlərindən yalnız yüksəkliyi qalxıb üzərlərinə yeriyərkən xəbər tutdular. Dərhal da çevrilib əlli-altmış metr yaxınlıqlarına qədər sıza bilmiş kəşfiyyat qrupunu nişan aldılar. Manevrlə irəliləyən əks-həmlə qrupu bir neçə düşmən əsgərini silahdan istifadəyə macal vermədən yerindəcə məhv etdi. Qrup komandiri ilə göz-gözə gələn kapitan rütbəli düşmən zabiti əl qumbarasının həlqəsini çəkib atmaq istərkən kapitan Təhməzovun tolazladığı bıçaq sinəsinə saplandı. Düşmən zabiti dizləri üstə yerə çöküncə əl qumbarası boşalmış əlindən qarşısına düşdü. Kapitan Təhməzov və onun səkkiz-on metrliyində düşmən üzərinə irəliləyən xüsusi təyinatlılar cəld özlərini torpağa atdılar. Partlayışdan dərhal sonra qalxıb əks, – silsilə qayalar istiqamətində qaçmağa cəhd göstərən düşmən əsgərlərini nişan aldılar. Qayanın kənarlarına qədər qaça bilmiş düşmən əsgərləri səntirləyib qayadan aşağı yuvarlandılar. Amma qayada bitən ağaclara ilişib qalma ehtimalını nəzərə alan xüsusi təyinatlılar arxalarınca bir əl qumbarası da atıb geri çəkildilər.

Cəld ələ keçirdikləri mövqelərdə yerləşib düşməndən qalan artilleriya qurğularını atəşə hazır vəziyyətə gətirdilər. Düzənlikdəki diqqəti cəlb etməyən səngərlərdə mövqelənib səbirlə əks-həmlə taqımının hərəkətini izləyən düşməni nişan aldılar. Qrup komandiri:

– Hərəkəti dayandır, döyüşə! – deyə radionun düyməsini basaraq motoatıcı taqımın komandirinə əmr etdi.

Taqım məsafəli şəkildə yerə uzanıb sürəkli olaraq düşmən səngərini atəşə tutdu. Əli tətikdə də olsa, belə tez reaksiya gözləməyən düşmən qarşılıq verməyə tələsmədi. Taqımın qalxaraq daha da irəliləyəcəyini, səngəri tutmağa cəhd göstərəcəyini gözlədi. Düşmən əlverişli şərait yaranan kimi 1553 saylı yüksəklikdəki qüvvələrinə atəşə başlamaq üçün işarə verəcəklərini, ardınca da özlərinin də atəşə qoşulub əks-həmlə taqımını qısa bir zamanda sıradan çıxaracaqlarını planlamışdı. 1553 saylı yüksəklikdən atəş düşmənin işarəsindən və gözlədiyindən daha tez başladı. Yüksəklikdə mövqelənən xüsusi təyinatlılar düşmənin pusqu qrupunu özlərindən götürdükləri artilleriya qurğuları ilə qəfil atəşə tutdu. Düşmən mövqeləndikləri səngərdəcə qısa bir zamanda zərərsizləşdirildi. Dərhal da motoatıcı taqım irəliləyib məhv edilmiş düşmən səngərində yerləşdirdi…

Hava qəfil soyudu. Yüksəklikdə qayalara çırpılan külək öz xışıltısı ilə xüsusi təyinatlıların tərdən tamamilə islanmış bədənlərinə sanki bıçaq kimi işlədi. Əsgərlər çiyin çantalarını axtarsalar da nə yeməyə, nə də yaş paltarlarını dəyişməyə bir şey tapdılar. Mövqeni motoatıcı qruplara təhvil vermədən xüsusi təyinatlılar yüksəklikdən enməyəcəkdilər. Yeni qüvvələr isə ertəsi günün ikinci yarısına gözlənilirdi. Geri aldıqları mövqelərdə möhkəmlənən döyüşçülər soyuğun təsirini tərdən islanmış kürəklərini yalnız bir-birinə dayamaqla azaltmağa çalışdılar.

Əks həmlə qrupu səbirsizliklə dumanın çökməsini gözləyirdi. Qatı qaranlıq Şuşa dağlarının qatı dumanına qarışıb onları görünməzlik yorğanına bürüdükləri zaman ocaq çata biləcəklərini zənn edirdilər. Qarşıda, – Şuşa şəhərində yanan işıqlar isə hələ də közərtisini itirməmişdi…

– Komandir, arxa tərəfdən, aşağıdan səs eşitdim! – Əsgər Şirxan Xanməmmədov yaxınlaşıb gecəgörmə cihazı ilə qarşı tərəfi müşahidə edən kapitan Təhməzova məruzə etdi.

– Ola bilməz, Xanməmmədov, – qrup komandiri əsgərə tərəf çevrildi: – arxa tərəfdə bizim bölmələrimiz yerləşir, düşmənin keçməsi qeyri-mümkündür. Bizimkilər isə məlumat vermədən hərəkət etməzlər.

Kapitan ətrafı dinşəməyə mane olacaqmış kimi astadan izahat verdi:

– Düşmənin gəlmə istiqamətini isə biz yaxşı bilirik.

– Eşitdim, komandir, Allah haqqı, eşitdim. Rusca danışırdılar. “Davay, davay” sözləri aydınca eşidildi, sonra səs kəsildi.

– Yaxşı, Şirxan, sən uşaqlara xəbər ver. Bir nəfər də özünlə götürüb tez ardımca gəl..

Ətrafı ciddi şəkildə müşahidə etməklə təxminən qırx-əlli metr aşağı endilər. Yerə çöküb bütün ətrafı nəzərdən keçirdilər. Diqqəti cəlb edən olmadı.

1553 saylı yüksəklik götürüldükdən dərhal sonra yerdəyişmə edilərək ön cəbhəyə yaxınlaşdırılmış qərargah istiqamətində hərəkətə başladılar. Təxminən iki yüz metr irəlilədikdən sonra əsas qərargahın yerləşdiyi yerdən yüz metr arxada on iki-on üç nəfərdən ibarət bir qrupun toplaşdığı diqqətlərini cəlb etdi. Kapitan Təhməzov düyməsini sıxıb radionu dodaqlarına yaxınlaşdırdı:

– Komandir, dəstək üçün əlavə qüvvə, yaxud təminat çağırmısınızmı? – məruzə etmədən sual verdi. – – Xeyr, kapitan! – radio dalğaları dərhal da qrup komandirinin az qala cihaza yapışdırdığı qulaqlarında titrədi.

– Arxanızda on iki-on üç nəfərdən ibarət adam toplaşıb, komandir! – Kapitan Təhməzov məruzə etdi.

– Dəqiqləşdir, Ceyhun! – Səhra komandiri göstəriş verdi.

Qrup komandiri radio əlaqəsini kəsən kimi hər üçü silahlarını atəşə hazır vəziyyətə gətirərək şübhəli obyektə tərəf yeriməyə başladı. Ayaq üstə ehtiyatla qərargaha doğru hərəkət edən şübhəli obyekt onlara tərəf addımlayan üç nəfər xüsusi təyinatlını görüncə yerlərində durdular. Kapitan Təhməzov:

– Dayan, parol! – deyə ucadan əmr etdi.

Kapitanın amiranə səsini eşidən şübhəlilər dərhal yerə çöküb silahlarını xüsusi təyinatlılara tuşladılar. Silahdan istifadə etməyə macal tapmamış səhra komandirinin radiodan eşidilən səsi kapitan Təhməzovun qulaqlarında xırıldadı:

– Ehtiyatlı olun, Ceyhun, bunlar düşmən kəşfiyyatıdır!..

Ardı var

Previous articleYeni Qanundan gözləntilərimiz- Mətanət Əsgərqızı
Next articleNeft yeni həftəyə bu qiymətlə başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here