Home QHT Qovuşmaq sevinci!- Mətanət Əsgərqızı

Qovuşmaq sevinci!- Mətanət Əsgərqızı

311
0


Artıq bir neçə aydır Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Ağdam, Şuşa, Tərtər-Suqovuşan -Talış və Gəncə şəhərlərinə səfərləri təşkil olunur. Bu dəfəki səfər 10 Dekabr-Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutdu.
Yüzdən çox QHT rəhbərini Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev müşayiət etdi.
Hər səfər illərin həsrətini bir-bir yadıma salır.İllərlə yuxularımda gördüyüm,tanımadığım yurd yerləri, cığırlar,Suqovuşanda gölün mənzərəsi hər addımda doğma gəldi. Amma mən axı buralarda olmamışdım…
Talış kəndi…
Qarşımıza çıxan Talış kəndi, Ağdama bənzəyirdi. Ruh şəhər, 30 il ərzində daşını daşı üstündə qoymayan erməni burada bircə quruculuq işi görməyib.Dünyanın ən vəhşi xalqı sayılan erməninin “mənim” dediyi işğal etdiyi ərazilərə baxdıqca çoxlu suallar doğur,qədim yurdumuz İrəvandan qovduqları azərbaycanlılar yaşayan ərazilər bomboşdu.Deyilənə görə xarabalığa dönüblər.İşğal etdikləri torpaqlarımız da həmin aqibəti yaşayıb. Ermənilər özlərini sivil millət saysalar da hər zaman oğru olublar: torpaq,mədəniyyət,tarix,adları belə özününküləşdiriblər.Talış kəndindəki Alban kilsəsini ziyarət edəndə nəzərimizi ermənilərin saxtakarlığı cəlb etdi. Binəvalar divarda oyulan xaçların formasında korrektlər ediblər. Onlar üçün müqəddəs heç nə yoxdur. Məsçidlərimizi dağıtdıqları kimi bu kilsəni də bərbad günə salıblar.
Şükürlər olsun, artıq işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi burada da bütün infrastruktur yenidən qurulur. Lakin hər yer hələ də təhlükə saçır. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan təmizlənməsinə başlanılıb. Ərazilər minalardan qismən təmizlənsə də ermənilərin sürprizləri hələ çoxdur. Vüsal Quliyev məsələ ilə bağlı narahatlığnı bildirərək qeyd etdi ki, Tərtər şəhərini də həmin günlərdə düşmən durmadan atəşə tutub. Nəticədə çoxlu sayda mülki şəxs həlak olub və yaralanıb. O, həmçinin 30 ilə yaxın müddətdə Suqovuşan və Talışın, habelə digər işğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalandığını vurğuladı. “Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına böyük maneə törədir, bərpa və quruculuq planlarımızı əhəmiyyətli dərəcədə ləngidir.
Ermənilər belə bəşəri cinayətlər törətdiklərinə baxmayaraq həyasızcasına dünyaya məzlumluqlarını hələ də göstərməkdə davam edirlər. QHT rəhbərlərinin, jurnalistlərin bu ərazilərə səfərləri məhz bu məqsədi daşıyır, gözümüzlə erməni vəhşiliklərin şahidi olaq və müxtəlif platformalarda gördüklərimizi ictimailəşdirək.
Şükür qovuşdurana-Suqovuşan!
Suqovuşanda ayağım torpağa dəyəndən məndə qəribə hisslər oyandı. Sanki doğulduğum İrəvanda, Dəlmə bağlarındaydım.Uşaqlıq xatirələrimdən çox şey silinsə də dediyim kimi Suqovuşan mənə oraları xatırlatdı. Düşünürəm ki,İrəvanımız da bizim üçün qəribsəyib. İnşallah, o arzumuza da çatarıq! Burada da evlərin damları sökülüb, viran edilib,quruyan ağaclar adamda anlaşılmaz bir hisslər yaradırdı, hər yer yetim uşağı xatırladırdı…Mənim kimi bu səfərdə iştirak edən digər QHT rəhbərlərinin də çöhrəsində sevinclə yanaşı bir kədər də vardı. İllərlə insanların əməkləri ilə qurduqları ev-eşik yerləyeksan olmuşdu. Vətəndaşlarımız 28 il məcburi köçkünlük həyatı yaşayıblar. Bu yurdların həsrəti ilə onlarla insan bu dünyanı gözüaçıq tərk edib…
Bir faktı xüsusi vurğulayım ki,Suqovuşan su anbarı 28 il işğal altında olduğundan torpaq sahələrinin su ilə təminatında böyük çətinliklər yaranıb. İşğal müddətində suyun buraxılmaması səbəbindən Tərtərçayda kəskin ekoloji problemlər də yaranıb. Həyati əhəmiyyəti olan Suqovuşanın işğaldan azad olunması, ekoloji tarazlığın bərpa edilməsi, uzun illər su təminatı çətin olan bu ərazilərdə gələcəkdə əkin sahələrinin davamlı becərilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatının inkişafına da imkan yaradır. Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Beləliklə torpaqlara yeni həyat gəlib!
Tərtər…
Vüsal Quliyev qeyd etdi ki, müharibə dövründə Ermənistan siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətləri ilə barışmayaraq cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçib, müxtəlif növ ağır silahlardan istifadə edərək, həmçinin artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər törədib.44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Tərtər şəhərinə də böyük ziyan dəyib.
Vətən Müharibəsi dövründə Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketi ilə dağıdılan evlərə baxış keçirdik. Həmin evlərin sahibləri ilə söhbət etdik. O dəhşətləri danışdılar, o anları biz də yaşadıq. Dağıdılan evlərin sahibləri yeni evlə təmin olunublar. Dağıdılan ev isə sahiblərinin razılığı ilə açıq havada muzey kimi saxlanılacaq.
Bir statistikanı qeyd edim ki, Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minaatan mərmisi, 21 qadağan olunmuş “Smerç” raketi atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.
Səfərin sonunda Tərtər şəhərində qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirakı ilə konfrans keçirildi.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Müstəqilliyimiz tarixi nemətimizdir” filmi nümayiş olunduqdan sonra çıxışlar oldu.Konfransda çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ,Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ermənistan hərbi-siyasi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində 44 günlük müharibə zamanı Tərtər şəhərinə edilmiş hücumlardan danışdılar.Qeyd olundu ki, Azərbaycanın şəhərlərinin dağıdılması,bombalanması, digər cinayətlərin indiyə kimi cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmaması Ermənistanı daha böyük vəhşiliklər törətməsinə rəvac verir.
Sonda QHT-lərin Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi və Talış kəndlərinə səfərinin nəticələrinə dair bəyanat qəbul etdik. Bəyanatda qeyd olundu ki, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, minalanmış ərazilərin xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə, Azərbaycana işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırış etdik.
Müstəqil jurnalist,Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı

Previous articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq
Next articleGoranboyda zəhərlənmə faktı qeydə alınıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here