Home Qarabağ İrəvan müharibəyə səbəb yaradır – Əliyevin hədəsinin səbəbi

İrəvan müharibəyə səbəb yaradır – Əliyevin hədəsinin səbəbi

252
0

Prezident İlham Əliyevin ötən gün Ermənistana xəbərdarlıq etməsi danışıqların ictimaiyyətə açıqlanmayan tərəfini təsəvvür etməyə imkan verir. Bu, bir daha təsdiqləyir ki, Ermənistan kommunikasiyaların açılmasından və 10 noyabr, 11 yanvar, 26 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı Prezident İlham Əliyevin ötən gün Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvandan konkret vaxt və qrafik tələb etməsini şərh edərkən deyib.

A.Camalqızı vurğulayıb ki, Prezident İlham Əliyev heç vaxt iddia xatirinə iddia, hədə xatirinə hədə səsləndirmir:

“Bunu Ermənistanın hakim dairələri və siyasi elitası da çox gözəl bilir. Əgər Prezident İlham Əliyev bu sözü səsləndirirsə, demək, üçtərəfli danışıqlar zamanı razılaşdırılmış məsələlərin icrasını tələb edir və qətiyyətlə prosesin uzadılması əleyhinədir. Məsələ də ondadır ki, Ermənistan artıq bir ildən çoxdur, Zəngəzur dəhlizinin açılması prosesini müxtəlif yollarla uzatmağa çalışır. Bir çox məqamlarda isə baş nazirlərin müavinləri səviyyəsində keçirilən işçi qrupunun iclaslarında konkret nəticəyə gəlməyə imkan vermir. Bunun ən son nümunəsi Moskvada 1 dekabrda keçirilən işçi qrupunun iclasının iclasında qərar qəbul edilməsinə imkan verməməsidir. Halbuki 26 noyabr Soçi görüşündən sonra müzakirə edilən və razılaşdırılan bəzi məqamların Moskva görüşündə elan olunacağı gözlənilirdi. Ancaq Ermənistan növbəti dəfə danışıqları pozdu”.

Politoloqun fikrincə, delimitasiya və demarkasiya ilə bağlı işçi qrupu da hələ formalaşdırılmayıb, eyni zamanda, kommunikasiyaların açılması ilə bağlı qrafik bəlli deyil:

“Bu, Ermənistanın 30 ildir tətbiq etdiyi siyasətin ən bariz formasıdır: heç bir irəliləyişə nail olmamaq, öhdəliklərdən qaçmaq, verdiyi vədlərdən çəkilmək, prosesi qeyri-müəyyən vaxta qədər təxirə salmaq, “münasib şəraitin” yetişməsini gözləmək və gələcəkdən işğalı davam etdirmək üçün “möcüzə” gözləmək… Paşinyan bu siyasi ənənəni Sərkisyan-Köçəryan cütlüyündən təhvil alıb. Təəssüf ki, Ermənistan bu siyasətinin ona nə qədər baha başa gəldiyini anlamır, yaxın tarixdən dərs çıxarmağı bacarmır. Adi nümunələr ortadadır: əgər 2011-ci il danışıqlarına sadiq olsa və Azərbaycanın 7 rayonunu işğaldan azad etsəydilər, onda danışıqlar masasında daha uğurlu mövqedən çıxış edə bilərdilər. Hətta Belarus lideri Aleksandr Lukaşenkonun Serj Sərkisyanla dialoqu da hər kəsin xatirindədir – Azərbaycan Ermənistan iqtisadiyyatının inkişafı üçün külli miqdarda yatırım ayırmağı da öhdəsinə götürürdü, təki müharibə və itki olmasın.

S.Sərkisyan bu öhdəliklərdən qaçdı, 2016-cı il Aprel savaşını yalvararaq və rayonları azad edəcəyini vəd edərək Rusiyanın müdaxiləsi ilə dayandırdı, ancaq yenə də verdiyi vədləri yerinə yetirmədi. Nəticə ortadadır: Azərbaycan torpaqlarını azad etdi, hazırda hansısa “status”dan da qətiyyən söz getmir.

Eyni proses Zəngəzur dəhlizi ilə bağlı gedir. Ermənistan vəd verib, öhdəlik götürüb və bunun qarantı da Rusiyadır. Ancaq bu öhdəliyi icra etməmək üçün danışıqları pozur, müxtəlif bəhanələr gətirir, guya daxili təzyiqlərdən yayınmaq üçün bəzi məsələləri ertələyir. Bütün bu oyunların yenə də erməni xalqının başında çatlayacağına, Ermənistanın növbəti danışıqlarda daha acınacaqlı vəziyyətə düşməsinə səbəb olacağına isə heç bir şübhə yoxdur”.

A.Camalqızının sözlərinə görə, Ermənistanın bu addımları atəşkəs şərtlərinin pozulmasıdır və bu, atəşkəs bəyanatı tərəflərindən olan Rusiya və Azərbaycanın maraqlarının tapdanması deməkdir:

“Burada Rusiya da tərəfdaş, zamin kimi etibarının itirilməsindən olduqca narahatdır. Xatırlayırsınızsa, eyni narahatlıq 2016-cı ilin aprel savaşından sonra da Rusiya tərəfindən ifadə edilmiş və torpaqların azad olunmasını Kreml dəfələrlə dilə gətirmişdi.

İndi da oxşar proseslər gedir. Hətta iş o yerə çatdı ki, 26 noyabr Soçi görüşündə Rusiya lideri Vladimir Putin açıq şəkildə “dəhlizlər” sözünü işlətdi. Putinin bu sözü danışıqların mahiyyətinin ictimaiyyətə çatdırılması baxımından xüsusi önəm daşıyırdı.

Ermənistan politoloqları son bir neçə ayda dəfələrlə Zəngəzur dəhlizi ifadəsinin olmamasına baxmayaraq, 10 noyabr bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun dəhliz statusu ilə əks olunduğunu vurğulayıblar. Ancaq Ermənistan baş naziri yenə də “dəhliz sözü yoxdur” deyib, guya bəyanata istinad edir”.

Ekspertin fikrincə, Nikol Paşinyan İranın regional mövqeyinə, Fransanın siyasi baxımdan rəhbərlik etdiyi AB-nin təzyiqlərinə və nəhayət, ABŞ-dakı erməni diasporunun və Co Baydenin bir çox məqamda antitürk siyasətinə ümid edir:

“Nikol Paşinyan 2018-ci ildən sonra da onlara güvənərək, özündən əvvəlki hakimiyyətin vədlərindən və öhdəliklərindən qaçacağını düşünürdü. Mümkün olmadı. İndi isə yenidən Fransa kimi ölkələrə güvənərək, danışıqlar prosesini ənəgəlləyir, regiona yeni oyunçular gətirməyə, onların maraqlarını təmin etməyə, Rusiyanı bölgədən sıxışdırmağa və Türkiyə ilə Azərbaycanın “arasına” bəlli qüvvələri siyasi baxımdan yerləşdirməyə və nəhayət, böyük iqtisadi layihənin qarşısını almağa cəhd göstərir.

Regionda güc sahibləri tamamilə fərqli ölkələrdir və 44 günlük savaş artıq bunu sübut edib. Ermənistan bu cəhdlərlə daha ağır siyasi-ərazi itkilərinə məruz qalacaq. Bu proses ərazi demarkasiya və delimitasiyasının müəyyən edilməsi üçün 1920-ci il noyabrdan öncəki xəritələrin əsas götürülməsini Rusiyanın da maraq dairəsinə sala bilər və belədə Zəngəzur dəhlizi deyil, Zəngəzur ərazisi ümumilikdə mübahisələndirilə bilər”.

A.Camalqızı Ermənistanın bu oyunlarının müharibə səbəbi ola biləcəyini də vurğulayıb:

“İlham Əliyev konkret qrafik tələb edir, atəşkəs müqaviləsinin bəndlərinin icrasını istəyir. Ermənistan icra etməyəcəksə, onda atəşin kəsilməsinə səbəb olan bəyanatın zəmanətçisinin müdaxiləsinə ehtiyac yaranacaq. Bu müdaxilə isə Zəngəzur dəhlizini Ordumuzun açması və rus sərhədçilərinin bu dəhlizin təhlükəsizliyini, bəyanatda yazıldığı kimi, qoruması üçün əraziyə yeridilməsi deməkdir”.

Previous articleMəktəbdən şagirdlə bağlı açıqlama: Müəllimləri söyür
Next articleTanınmış alim koronadan vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here