Home Qarabağ Xankəndidən Şuşaya qalxan düşmən məhv edildi…

Xankəndidən Şuşaya qalxan düşmən məhv edildi…

267
0

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Sosialxəbər.az bildirir ki, Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Xüsusi təyinatlıların bir qismi silahlarını aşağı – Xankəndi istiqamətində, bir qismi isə yuxarı – Şuşa Qalası istiqamətdə tuşlayaraq aralarındakı məsafəni böyütməklə torpağa qısıldılar.

İki qumbaraatan silahlarını çiyinlərinə qoyub “Kamaz”ın arxasınca hərəkət edən “şilka”ları nişan aldı. Amma atəş açmağa macal tapmamış hər iki düşmən texnikası eyni anda alov saçdı.

Düşmən yeri dəqiq təyin edə bilmədiyi üçün əks-həmlə taborunun mövqeləndiyi ərazini deyil, onlardan bir qədər yuxarı, Şuşa qalasının aşağı hissəsini nişan almışdı. Qumbaraatanlar cəld yerlərini dəyişib yenidən “şilkaları” hədəfə götürdülər. Atəş açıldı. Hər iki zirehli texnika eyni anda alovlanıb yoldan çıxdı. Bir neçə avtomatçının eyni anda hədəf aldıqları “Kamaz” da yoldan çıxıb böyrü üstdə çevrildi. Kuzovundakı əsgərlər cəld yerə atılıb silahlarına sarıldılar. Amma mövqeləndikləri yer dərhal qumbaraatan mərmiləri ilə havaya sovrulduğu üçün tez də susdular.

– Kapitan Qasımov, ikinci qrupdan on beş nəfəri mənimlə saxlayıb, qalanların hamısını götür, Xankəndi tərəfdən gələn hücumun qarşısını almaq üçün aşağı enin! – Tabor komandiri Rəhimov özündən aşağıda mövqe tutan bölük komandirinə bağırdı: – Daş plitələrin ətrafında mövqelənib düşmənin hücumunu qarşılamağa hazır olun!

– Oldu, komandir! – bölük komandiri hər iki əlini yuxarı qaldırıb hamının görəcəyi tərzdə “Arxamca” deyə işarə etdi.

Tabor komandiri on beş nəfərdən ibarət qrupla qala divarlarına tərəf dartınınca, döyüş yoldaşlarına atəş dəstəyi vermək məqsədilə kapitan Şamxal Ağayevin rəhbərliyi ilə on nəfərdən ibarət xüsusi təyinatlı aşağı – asfalt yolun qırağına endi. Yol kənarındakı kolluqların arasında düşmənin hərəkətlərini izləyə bilmək üçün müvafiq yer seçib mövqeləndilər.

Qalan qırx nəfərdən ibarət qrup kapitan Qasımovun ardınca təbii istehkam sayıla bilən plitə daşlara tərəf səmt aldı.

Qəfil havada iki düşmən qırıcısı peyda oldu. Onlar aşağı məsafədən süzərək xüsusi təyinatlıların bir qədər əvvəl mövqeləndiyi ərazini sürəkli atəşə tutmaqla Laçın istiqamətində uçdular. Şuşa şəhərinin üzərində bir-birlərinin əks istiqamətində dövrə vurub ürək şəkli cızmaqla geri qayıtdılar. Yenidən saysız-hesabsız pulemyot güllələri və mərmilər endirərək eyni ərazinin üzərindən ötməklə Xankəndiyə tərəf getdilər.

Mayor Rəhimov uzandığı yerdən qalxıb üzü yuxarı hərəkətini davam etdirmək istərkən daha bir düşmən tankının Xankəndı yoluyla Şuşaya doğru hərəkət etdiyini gördü. Tankın sürücüsü sanki pusquya düşəcəyini hiss edib kapitan Ağayevin yol kənarında mövqelənmiş qrupuna yüz-yüz əlli metr məsafə qalmış geri dönüb, əks istiqamətdə sürət götürdü. Mayor Rəhimovun qrupu hərəkəti davam etdirmək üçün ayağa qalxmağa macal tapmamış eyni istiqamətdən daha beş tankın sürətlə Şuşa şəhərinə döğru şütüdüyünü gördü. Tanklar vurulmasınlar deyə yüksək sürətlə hərəkət edir və dayanmadan atəş açırdılar. Tankların atdığı mərmilərdən biri Şuşa qalasının alt tərəfindən Şuşaya doğrü uzanan qaz kəmərinin üzərinə düşüb borunu partlatdığı üçün qumbaraatanlar hədəfi nişan ala bilmədilər. Kapitan Şamxal Ağayevin qrupu da sürətlə hərəkət edən tanklara atəş açmağa macal tapmadı. Tanklardan ikisi Şuşa şəhərinə burulduğu zaman, üçü çöl yolla Laçın istiqamətində şütüdü. Tanklar gözdən itən kimi qarşıda bir UAZ yük maşını, ardınca isə təxminən yüz nəfərdən ibarət canlı qüvvənin eyni yolla zəncir şəklində irəlilədiyi müşahidə edildi.

Düşmən piyadaları səbirlə hərəkət edir, əks həmlə qruplarının yerlərini təxmini təyin edə bildikləri üçün Şuşa qalasının aşağı tərəfindəki meşə massivini ardıcıl atəşə tutmaqla irəliləyirdilər. Xankəndi-Şuşa yolunun kənarındakı kolluqlarda mövqelənən kapitan Şamxal Ağayevin qrupu atəş açmağa tələsmir, sona qədər yerlərini düşməndən gizli saxlamağa çalışırdı.

Bölük komandirinin niyyətini anlayan mayor Rəhimov düşmənin diqqətini hədəfdən daha uzaq olan öz qrupunun üzərinə cəlb etmək qərarına gəldi. Son döyüşdə qrupuna transfer olan gənc pulemyotçuya düşmən piyadalarının qarşısında hərəkət edən UAZ-ı nişan almağı əmr etdi. Amma yenidən başları üzərində peyda olan düşmən qırıcıları atəş açmağa imkan vermədi. İki düşmən qırıcısı xüsusi təyinatlıların mövqeləndiyi bütün əraziləri bombardman edərək Laçın istiqamətində uçdular. Qırıcıların gurultusu uzaqlaşan kimi tabor komandiri:

– UAZ-ı nişan al, tez ol! – deyə pulemyotçuya bağırdı.

Gənc pulemyotçunun güllələri hədəfdən yan keçdi. Amma düşmənə yerini bəlli etdi. Ətraflarından uçuşan güllələrə baxmayaraq, mayor Rəhimov yerindən sıçrayıb özünü gənc pulemyotçunun yanına atdı:

– Ay Allah evini tiksin sənin, ver bura görüüüm! – deyə pulemyotu əsgərinin əlindən dartdı.

Dərhal yerini dəyişib düşmən texnikasını hədəfə götürdü. Ardıcıl atəşlə güllələri UAZ-ın alın şüşəsinə yağdırdı. UAZ istiqamətini dəyişdi. Yoldan çıxıb dayandı. Düşmənin canlı qüvvəsi yerə sərilib növbəli manevrlə hərəkəti davam etdirməyə çalışdı. Yolun kənarındakı kolluqlarda gizlənən kapitan Ağayevin və plitə daşların arxasında mövqelənən kapitan Qasımovun qrupu dərhal atəşə qoşuldu. Müxtəlif istiqamətlərdən atəşə tutulduqlarını görən düşmən əsgərlərinin bir qrupu istiqamətlərini yolun əks tərəfindəki meşəyə tərəf dəyişib iki-bir, üç-bir manevr etməyə başladılar. Digər qruplar isə kapitan Qasımovun qrupunun üzərinə güllə yağdırmaqla plitə daşların böyür tərəfindən yol açaraq Qalaya tərəf dırmanmağa cəhd etdilər.

Qalanın yuxarısında istehkam qurmuş düşmən də əks-həmlə taborunu yuxarıdan aşağı gülləyə tutmaqla diqqətlərini yayındırmaq, hədəflərini müxtəlif istiqamətlərdə çoxaltmaqla Xankəndidən gələn köməyin onlarla birləşməsinə şərait yaratmağa çalışdı. Elə bu an bir qədər əvvəl Xankəndidən gəlib Şuşaya girmiş iki tank da şəhərin girişindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında mövqelənib xüsusi təyinatlıları mərmi atəşinə tutdu.

Mayor Rəhimov radionun düyməsini basıb kapitan Ağayevə səsləndi:

– Şamxal, yanacaqdoldurma məntəqəsinin yanındakı tankları görürsənmi?

– Görürəm, komandir!

– Onları susdura biləcəksənmi?

– Susduraram! – Kapitan Ağayev əlaqəni kəsən kimi qrupdan beş nəfər özü ilə götürüb asfalt yolun qırağı ilə yanacaqdoldurma məntəqəsinə tərəf hərəkətə başladı.

Qrupun digər üzvləri isə ardıcıl atəş açmaqla qaçaraq meşəyə girmiş düşmən silahlılarının diqqətini kapitan Ağayevin getdiyi istiqamətdən yayındırmağa çalışdı. Kapitan Ağayev düşmən tanklarının iki yüz–üç yüz metrliyinə qədər irəliləyib mövqeləndi. Bölük komandiri qumbaraatanı əsgərdən alıb özü çiyninə qoydu. Tankı nişan aldı. Amma Laçın yolundan çıxıb irəliləyən düşmənin iki PDM-in eyni anda Şuşa qalasının altına qədər sıza bilmiş xüsusi təyinatlıların mövqelərini atəşə tutması diqqətini hədəfdən yayındırdı. Dərhal çevrilib qarşıda hərəkət edən zirehli texnikanı hədəfə götürdü və atəş açdı. Zirehli texnikanın qülləsi alovlandı. Arxasınca hərəkət edən ikinci maşın istiqamətini dəyişib gözdən itdi.

Bu an şəhərin içərisindən bir UAZ, bir URAL və bir RAV-4 markalı maşın çıxıb sürətlə Xankəndi yolu ilə irəli şütüdü. Düşmənin təkərli texnikasının məqsədi, görünür, əks-həmlə taborunun diqqətini özlərinə çəkməklə tankların onları vura bilməsinə şərait yaratmaq idi. Mayor Rəhimovun qrupu təkərli texnikanın məhv edilməsini öz üzərinə götürdü. Tabor komandiri öndə hərəkət edən RAV-4-ü avtomat atəşi ilə sıradan çıxarınca pulemyotçuların sürəkli atəşi RAV-4-ün arxasınca hərəkət edən yük maşınlarını dayanmağa məcbur etdi. Xüsusi təyinatlılar yük maşınlarında əsgərlərin olacağını düşündükləri üçün hədəfi nişanda saxlamışdılar.

Kapitan Ağayevin qrupu yanacaqdoldurma məntəqəsinin yüz metrliyinə qədər yaxınlaşa bilmişdi. Bölük komandiri düşmən zirehli texnikasının birini susdurduqdan sonra zərərsizləşdirilmiş təkərli texnikanın beş addımlığında mövqelənib radio ilə maşınların kuzovunda düşmən piyadalarının olmaması haqqında məlumat verdi. Digər tanklar və hədəfdən qaça bilən PDM şəhərin girəcəyində geri çəkilib diqqətdən yayındılar. Onlar növbə ilə gizləndikləri yerdən çıxıb əks-həmlə taborunun mövqelərini atəşə tutur, tez də geri çəkilib gözdən itirdilər.

Şuşa qalasından da düşmən müqaviməti gücləndirmiş, intensiv atəşlə həm Xankəndi tərəfdən gələn köməyin hərəkətinə şərait yaradır, həm də cidd-cəhdlə əks-həmlə taborunun irəliləməsinin qarşısını almağa çalışırdı. Xüsusi təyinatlılar müxtəlif istiqamətlərdən – həm Xankəndi tərəfdən, həm Şuşa qalasından, həm yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı zirehli texnikadan, həm də bilinməyən səmtlərdən üzərlərinə yağan artilleriya atəşi altında qaldıqları üçün irəliləyə bilmir, mövqelərini dəyişməyə belə çətinlik çəkirdilər.

Tabor komandiri mayor Rəhimov kapitan Qasımovla əlaqə saxlayıb Qala divarlarına tərəf qrup göndərməsini əmr etdi. Kapitan Qasımov taqım komandirini yerində rəhbər təyin edib, on nəfərdən ibarət qrupla düşmənin gözləmədiyi yerdən, qayalıqlarla Qala divarlarına doğru dırmanmağa başladı. Bu zaman Xankəndi tərəfdən gələn yolda daha bir neçə əsgər daşıyan düşmən maşını peyda oldu. Maşınlar Xankəndi yolundakı ziqzaqı keçib Şuşaya girişin təxminən iki kilometrliyinə qədər irəliləyib dayandılar. Əsgərlər kuzovdan atılıb zəncir şəklində əks həmlə taborunun mövqeləndiyi əraziləri sürəkli atəşə tutmaqla irəliləməyə başladılar…

Yanacaqdoldurma məntəqəsinin yaxınlığında gizlənib düşmən zirehli texnikasının hərəkətini izləyən kapitan Ağayev:

– Diqqətinizi yalnız tanklar və BMP-nin hərəkət istiqamətində cəmləşdirin, uşaqlar, – deyə xəbərdarlıq etd: – Biz onları mütləq sıradan çıxarmalıyıq. Yoxsa Qalaya çıxa bilməyəcəyik.

– Mən onu gördüm, komandir, baxın, baxın! – deyə əsgərlərdən biri şəhadət barmağını düşmən tankının atəş açdıqdan sonra geri çəkildiyi istiqamətə uzatdı.

Kapitan Ağayev qumbaraatanı çiyninə qoyub dizi üstə yerə çökdü:

– Hamınız eyni istiqaməti izləyin! – deyə silahı atəşə hazır vəziyyətə gətirdi.

– Komandir, BMP… – əsgərlərdən biri pıçıltı ilə Piyadaların Döyüş Maşınının uzaqdan ağacların arasından ehtiyatla irəli çıxdığını göstərdi.

Ağacların arasından yalnız bir hissəsi görünən zirehli texnika azacıq irəli sürünüb dayandı. Lüləsini Qala divarlarının aşağı hissəsindəki əks-həmlə taborunun mövqeləndiyi əraziyə tuşladı. Kapitan Ağayev səbirlə ağacların arasından güclə sezə bildiyi düşmən zirehli texnikasını nişan aldı. Əsgərlər nəfəslərini cəkib həyəcanla atəşin açılacağı anı gözləməyə başladılar. Eyni anda iki atəş açıldı. Qumbaraatan mərmisinin zərbəsi zirehli texnikanı yerindən tərpətdiyi üçün düşmən mərmisi nişan aldığı hədəfdə deyil, mayor Rəhimovun qrupunun mövqeləndiyi ərazıdən bir qədər yuxarıda partladı.

Zirehli texnikanın tırtılı qırılmışdı. Bir qədər geri sürünüb hərəkətdən qaldı. Ekipaj tələm-tələsik kabinədən atılıb ağacların arasında gözdən itdi.

Kapitan Ağayev cəld yerini dəyişib qumbaraatanı yenidən çiynində rahatladı. Qrupu ilə bərabər tankların gizləndikləri yerdən çıxıb atəş açmalarını görmək üçün pusquda durdu…

Mayor Rəhimov Xankəndi tərəfdən hərəkət edən düşmən bölüyünü göstərib iki pulemyotçunun eyni hədəfi atəşə tutmasını əmr etdi. Özü isə mövqeləndiyi yerdən çıxıb üzüyuxarı hərəkət etməyə başladı. Daha bir qrup düşmən xeyli sayda canlı qüvvə ilə şəhərin çol yol istiqamətindəki girişindən manevrlə Qala divarlarının alt hissəsinə adlayıb xüsusi təyinatlıları yuxarıdan pusquya salmaq üçün hərəkətə keçmişdi. Kapitan Qasımov öz qrupu ilə Qalanın alt tərəfinə doğru hərəkətə başlasa da, ikitərəfli atəş altında, eyni zamanda sıldırım qayalarla hərəkət etdiyindən mövqeyə hələ də yetişə bilməmişdi. Mayor Rəhimov Şuşa qalasından təxminən beş yüz-altı yüz metr aşağıda yerləşən səngərə atılıb düşmənin yuxarı yolla hücumunun qarşısını almağa çalışdı. Bu an əməliyyat taborundan olan daha bir zabit özünü tabor komandirinin mövqeləndiyi səngərə yetirdi. Artıq düşmən snayperi tabor komandirinin hərəkətlərini nəzarətə götürmüşdü, səngərin üzərindən güllələr yağdırırdı.

Tabor komandiri döyüş yoldaşına atəşi davam etdirməyi tapşırıb, sıçrayaraq səngərdən çıxdı. Sürətlə Qala istiqamətində yuxarı qaçmağa başladı.

Düşmən tabor komandirini dayanmadan atəşə tutdu. Snayperin açdığı birinci atəş mayor Rəhimovun avtomatının qundağını parçaladı, ikinci atəş ayağının altında əks-səda verdi. Komandir özünü yerə atıb düşmən snayperinin gizləndiyi istiqaməti atəşə tutdu. Amma gülləsi yetmədi. Cəld yerindən sıçrayıb bir qədər yuxarıda şəhid olmuş iki Azərbaycan əsgərinin cəsədlərinin qaldığı yerə götürüldü. Hər iki şəhidin daraqlarını qamarlayıb birini cəld avtomatına yerləşdirdi. Dərhal da elə ayaq üstdəcə düşmənin hərəkət istiqamətini sürəkli atəşə tutdu. Döyüş yoldaşlarının aramsız dəstəyini hiss edib Qalaya doğru hərəkəti davam etdirmək istədi. Amma ikicə addım atmışdı ki, bayaqdan hərəkətlərini nəzarətdə saxlamağa çalışan düşmən snayperi ayağından nişan aldı. Mayor Rəhimov səntirləyib üzü üstə torpağa gəldi. Amma hərəkətdən qalmadı. Başının üstündən vıyıldayan, ətrafında torpağa sancılan güllə yağışı altında sürünərək ozünü qarşıdakı meşəyə saldı…

Çol yol istiqamətindən Qalanın alt tərəfinə doğru irəliləyən düşmənin atəş səsləri daha yaxından eşidilir, amma irəliləməkləri hiss olunmurdu. Mayor Rəhimov daş plitələr istiqamətdən qalxıb Qalanın altına gəlmək tapşırığı alan kapitan Qasımovla əlaqə yaratmaq istəsə də, alınmadı. Görünür, başı döyüşə qarışan kapitan radionun səsin eşitmirdi.

Mayor Rəhimov dərhal briqada komandiri polkovnik Zaur Zeynalovla əlaqə yaratmağa çalışdı. Briqada komandiri ilk çağırışdaca cavab verdi.

– Cənab polkovnik, biz həm Xankəndi tərəfdən, həm də Şuşa tərəfdən atəş altında qalmışıq, – deyə məruzə etdi: – Xankəndi tərəfdən düşmən dayanmadan üzərimizə hücum edir. Bizə dəstək göndərin!

– Kömək göndərirəm, mayor, narahat olmayın! – Briqada komandirinin arxayın səsi eşidildi: – İkinci briqadanın bir bölüyü və mayor Azər Məmmədov öz qrupu ilə çöl yol istiqamətindən sizə yaxınlaşır.

– Çöl yol istiqamətindən, cənab polkovnik!? – Mayor Rəhimov yerində dikəlib az qala bağıraraq bir daha soruşdu.

– Bəli, Zaur, çöl yol istiqamətindən! – Briqada komandiri gümrah səslə tabor komandirinin sualına eyni tərzdə cavab verdi: – Bizimkilər artıq həm Daşaltı tərəfdən, həm də Qala tərəfdən Şuşanın içərisinə sıza biliblər, Zaur. Siz Xankəndidən gələn hücumun qarşısını almağa davam edin!

Əlaqə kəsildi. Mayor Rəhimov arxası üstə yaş torpağın üzərinə uzanıb dərindən nəfəs aldı. Hava qaralmağa başlamışdı. Atəş səsləri isə kəsilmir, getdikcə daha da yaxından eşidilirdi. Radioda kapitan Qasımovun səsini eşidib taqətdən düşməkdə olan qolunu sinəsinin üzərinə sürüşdürdü. Radionun düyməsini basıb dərhal da soruşdu:

– Xankəndi tərəfdən hücum davam edirmi, Vüqar?

– Hücum etməyə cəhd göstərirlər, komandir, amma dərhal da yerlərində otuzdururuq.

– Sən indi hardasan, kapitan?

– Mən artıq öz qrupumla Qala divarlarına yaxınlaşıram, komandir.

Əlaqə kəsildi.

Mayor Rəhimov dirsəklərinə dayaqlanıb kürəyini torpaqdan qaldırdı. Ayağında ağrı hiss edib yaralandığını xatırladı. Qan itirməsin deyə, budunu rezinlə sıxıb avtomatına dayaqlanaraq ayağa qalxdı…

Ardı var

Previous articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq
Next articleSabirabadda maşın su kanalına aşdı: ölənlər var

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here