Home Qarabağ Soçidə Əliyevin diktə etdiyi şərtlər

Soçidə Əliyevin diktə etdiyi şərtlər

83
0

Niyə Soçi görüşünü Əliyevin diplomatik uğuru adlandırırıq?!

Bu suala cavab vermək üçün kiçik bir sorğu. Yadınızda nə qalıb: bu görüş ərəfəsində Ermənistan hansı hansı məsələləri qabardırdı, Azərbaycan hansı məsələləri qabardırdı?

Ermənistandan başlayaq:

Birincisi: İrəvan iddia edirdi ki, Azərbaycan noyabr ayının 16-da Ermənistanın dövlət sərhədini pozub. Gah Rusiya Federasiyasını dolayısı ilə, gah da Kollektiv Təhlükəsizlik Müqaviləsi üzvlərinin başında olmaqla birbaşa, Azərbaycana qarşı cavab tədbirlərinə, faktiki olaraq ölkəmizə hərbi müdaxiləyə çağırırdı.

İrəvanın ikinci əsas mövzusu ATƏT-in Minsk Qrupunun yenidən dirildilməsi təşəbbüsüdür. Paşinyan bu özünəməxsus reinkornasiyanın baş tutması üçün öz bədənini belə təklif etməyə hazırdı.

Üçüncü prioritet – Ermənistanın Azərbaycan qarşısında qoyduğu “hərbi əsirlər”tələbidir. Köhnə əsir-yesir tələblərə bu il Kəlbəcər istiqamətində noyabr əks-həmləsindən sonra ələ keçmişlər də əlavə edilir.

Dördüncüsü, Paşinyanın “Heç bir vəchlə alınmayacaq, imkan verməyəcəyik!” dediyi, İrəvan üçün “qırmızı xətt” olan Zəngəzur dəhlizi idi. Hətta son dəfə Paşinyan o çağlar – “Qarabağ Ermənistandır. Nöqtə”ni necə demişdisə, bu günlərdə elə ona yaxın tonda da söyləmişdi ki, Zəngəzur dəhlizi olmayacaq!

İndi isə yekun sənədə baxaq və əmin olacağıq ki, Soçi görüşündə uğur qazanan Əliyevdir. Çünki burda bütün maddələr sanki Azərbaycanın, şəxsən Əliyevin diktəsi ilə yazılıb. Yenə də yaddaşımızı yeniləyək: Azərbaycan Soçi görüşündən əvvəl hansı mövzuları qabardırdı?

Birincisi, Prezident münaqişə bitəndən sonra dəfələrlə bəyan etmişdi ki, artıq gündəlikdə status məsələsi yoxdu, yəni cəhənnəmə vasil olub. Və elə bu səbəbdən də ATƏT-in Minsk Qrupunun regionda bir işi yoxdur. Biz onları gözləmirik.

İkincisi. Ermənistanda valı geriyə çevirmək, revanş götürmək istəyənlərə noyabr ayının 8-də, Zəfər günü, Şuşada, Cıdır düzündə sərt xəbərdarlıq edilmişdi.

Üçüncüsü, Dağlıq Qarabağ adlı istilahın daha mövcud olmadığını bəyan etmişdi.

Prezident Əliyevin daha hansı prioriteti var. Əlbəttə, Zəngəzur dəhlizi.

İndi isə bəyanatda razılaşdırılan məqamlarla Ermənistan və Azərbaycan rəhbərlərinin prioritetlərini tutuşduraq.

Sənəddə Paşinyanın, müharibədən sonra, eləcə də Soçi görüşü ərəfəsində vurğuladığı məsələlərin, özünə prioritet seçdiyi mövzuların heç biri yoxdur. “Nə statusdan, nə Ermənistan-Azərbaycan sərhədində baş verən, Paşinyanın KTMT-ni köməyə çağırdığı 16 noyabr hadisələrdən bir vergül var, nə ATƏT-in Minsk Qrupunun adı, familiyası barədə bir inisial, nə də dırnaqarası “hərbi əsirlər”dən bir dırnaq işarəsi. “Zəngəzur dəhlizi olmayacaq!” bəyanatı isə ümumiyyətlə xəcalətdir!

Nə var 26 noyabr bəyanatında?

Yalnız İlham Əliyevin şərtləri! Məsələn, “Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq şərtləşdirilib”.

Bu niyyəti İlham Əliyev münaqişədən sonra hər fürsətdə və dəfələrlə səsləndirib. Elə sonuncu dəfə biz bu fikirəri onun Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi brifinqdə eşitmişdik.

Sənəddən başqa bir razılaşdırılmış məqam: Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Prezident Əliyevin müntəzəm olaraq vurğuladığı əsas məsələlərdən biri.

Və nəhayət, Paşinyanın hər dəfə rədd etdiyi, iflasa uğratmağa çalışdığı Zəngəzur dəhlizi məsələsinə çatdıq.

Bu da bəyanat. Məhz həmin hissə. Sanki Prezident Əliyevin diktə etdiyi hissə. “2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik”. Sitatın sonu. Amma daha aydın olsun deyə Rusiya liderinin çıxışından bu parçaya da baxaq:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin:

“…Biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, – bu, bizim növbəti razılaşmadır, – onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”.

Gələn həftə və elan üçün! Deməli, “biz əgər Putinin çıxışındakı nəqliyyat dəhlizlərinin açılması və onun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olması hissəsini dilimizə çevirsək, bu olur nə? Zəngəzur dəhlizi! Vəssalam.

Previous articleMinaya düşən hərbçilərin ayaqları amputasiya edildi
Next articleBakıda bu mağazada saxta spirtli içkilər satılır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here