Home Milli Məclis Deputatlarımız ən çox nəyə pul xərcləyir? – Sorğu

Deputatlarımız ən çox nəyə pul xərcləyir? – Sorğu

262
0

Ölkə üzrə əhalinin xərclərinin 45,4 %-i ərzağa, 37,15 %-i qeyri-ərzağa 17,45 faizi pullu xidmətlərə sərf edilib. Təqdim etdiyimiz bu rəqəmlər 2021-ci ilin ilk 5 ayının rəsmi statistikasıdır. Lakin bahalaşma ilə əlaqədar hazırda bu rəqəmlər kəskin dəyişib.

Bəs, millət vəkilləri ay ərzində ən çox nəyə pul xərcləyir?

Sosialxəbər.az bildirir ki, Axar.az-ın sorğusuna cavab olaraq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, ay ərzində ən çox xərci benzinə çıxır:

“Təbii ki, kommunal xərclər də çox olur. İşlə əlaqəli bölgələrə, ən çox da Neftçalaya tez-tez gedirik deyə, aylıq ən azı 700-800 manat yanacağa xərcim çıxır. Qida xərci barədə dəqiq rəqəm deyə bilməyəcəyəm, bununla xanımım məşğul olur. O məsələlərə mən qarışmıram (gülür)”.

Millət vəkili Məlahət İbrahimqızı telefon xərcinin çox çıxdığını bildirdi:

“Bunu yaxşı ki, yadıma saldınız. Telefon abunəsinə xərcim çox çıxır. Vatsapı çıxaranlar sağ olsun, indi telefon xərcim əvvəlki illərə nisbətən bu səbəbdən azalıb. Əlbəttə ki, qida xərclərimiz daha çoxdur. Baxım xərclərinə gəlincə, indiki dövrdə bəylərimiz bu mövzuda xanımlarımızdan heç də geri qalmırlar (gülür). 30-40 il bundan qabaq necə yaşamışamsa, indi də o həyat tərzində yaşayıram. Baxıma çox cüzi xərcim çıxır”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, ay ərzində ən çox xərci kitaba çıxır:

“Ötən gün “Bukinist” kitab mərkəzində 450 manat kitaba pul xərcləmişəm. Hər ay kitab alıram. Fəlsəfə, hüquq sahələrinə aid kitablara üstünlük verirəm. Bədii kitablara çox az pul xərcləyirəm. Çalışıram ki, ay ərzində iki dəfə kitab alım. Ümumiyyətlə, kitab almağa xəsislik etmirəm. Xidməti maşın olmadığına görə, şəxsi maşınımdan istifadə edirəm. Şəhərdaxili daha çox çəkilişlərə, tədbirlərə getdiyim üçün yanacağa hər ay təxminən 600 manat xərcim çıxır”.

Millət vəkili Zahid Oruc qeyd edib ki, hər bir ailənin özünəməxsus xərc smetası var:

“Ailə tərkibimiz 4 nəfərdən ibarətdir. Açıq desəm, xərclərimiz o qədər də böyük deyil. Ailə xərclərini hər zaman çox rasional, müəyyən çərçivədə aparmağa çalışmışıq. Hazırda övladların təhsil məsələləri əsas qayğımızı təşkil edir. Digər tərəfdən gündəlik qida ehtiyaclarının qarşılanması üçün bazarlıqlara da xərcləyirik. Xərclərimizin müəyyən hissəsini isə kitablar təşkil edir”.

Millət vəkili Kamilə Əliyeva sağlam və keyfiyyətli qidalara üstünlük verdiyini deyib:

“Ailədə ərzaq məhsullarına daha çox pul xərcləyirik. Keyfiyyətli və yerli məhsullara üstünlük verirəm. Çünki yerli məhsullarımıza güvənim daha çoxdur. Çalışıram ki, sağlam qidalanaq. Övladlarımızın ehtiyaclarına, baxıma, geyimə də pul xərclənir. Konkret rəqəmi deyə bilməyəcəm. Gələn ay bunu mütləq hesablayacağam”.

Millət vəkili Elman Nəsirovun da ən çox xərci ərzağa çıxır:

“Eyni zamanda görüşlər, tədbirlərlə əlaqədar seçildiyim dairəyə – Cəlilabada da tez-tez gedirik. Bu səbəbdən yanacağa hər ay xeyli pul gedir. Telefon görüşlərimiz də olur. Abunə olduğum üçün aya 50 manat telefon xərci kifayət edir”.

Previous articleƏrdoğan nə edib? Cavabım budur – Zaur Əliyev
Next articleNeft yenə ucuzlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here