Home Qarabağ 1214 yüksəkliyi: ikinci tabor yardıma yetişdi…

1214 yüksəkliyi: ikinci tabor yardıma yetişdi…

352
0

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Sosialxəbər.az bildirir ki, Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

– Sanitarı, həkimi çağırın, tez! – qərargah rəisi bağıraraq ətrafındakılara göstəriş verdi.

Sanitar maşını yaxınlaşınca qərargah rəisinin diqqətini artilleriya atəşindən sonra alışmağa başlayan mərmi yeşikləri cəlb etdi.

– Maşını tez mərmi yeşiklərinin yanından kənara çək! – deyə yanındakı gizirə mərmi dolu maşını uzaqlaşdırmağı əmr etdi.

Yaralıları yükləyən kimi sanitar maşını sürətlə yerindən tərpəndi. Bu zaman alışmaqda olan mərmi yeşiklərinin yanındakı Ural maşınını kənara çəkməklə partlayışdan qurtarmaq əmri alan gizir halsız vəziyyətdə geri qayıdıb polkovnik-leytenanta yaxınlaşdı. Məruzə etməyə fürsət tapmadan yerə çökdü. Polkovnik-leytenant Rüstəmov mərmi dolu maşının hələ də yerində, – hər an partlayış təhlükəsi ilə üz-üzə olduğunu, gizirinsə müəmmalı şəkildə geri qayıtdığını görüb tez üstünə yürüdü:

– Nə oldu, əsgər! – həyəcanla soruşdu.

– Komandir, ordakı uşaqların dördü də parça-parça olublar, yaxınlaşa bilmədim!..

Sursat ilə dolu maşından boşaldılıb bir addımlığında yerə düzülmüş altı ədəd mərmi yeşikləri getdikcə daha da alovlanır, alovlandıqca da yanğın digər yeşiklərə keçir, tədricən sahəsi genişlənirdi:

– Qarayev, “Ural”a, tez!.. – Qərargah rəisi sözünü bitirməmiş gizir Fəzail Qarayev özünü maşına yetirdi. Alovlanmaqda olan mərmi yeşiklərinin yanından adlayıb, cəld kabinəyə atıldı. Mühərriki işə salıb, qazı basdı. Amma həyəcandan və tələsdiyindən irəli deyil, arxaya sürdü. Kuzovun arxa tərəfi alışmaqda olan yeşiklərə dəyib dayandı. Gizir Qarayev tələsik sükanı tənzimləyib irəli sürdü və sürətlə alışmaqda olan mərmi yeşiklərindən uzaqlaşdı.

– Uşaqlar, orada şəhidlərimiz var, – deyə polkovnik-leytenant Rüstəmov cəld şəxsi heyət üçün gətirilmiş su qablarını götürdü: – Yeşiklər partlasa, onların cəsədləri də ələ gəlməyəcək! – alışmaqda olan mərmi yeşiklərinin üstünə yüyürdü.

Bir neçə əsgər də su qablarını götürüb komandirlərinin ardınca qaçdılar. Taxta arakəsmələr alışsa da, alov hələ sursata keçmədən mərmi yeşikləri söndürüldü…

Artıq hava qaralmağa başlamışdı. Kapitan Ülvi Hüseynovun mühasirəyə düşmüş taboruna yardıma tələsən polkovnik-leytenant Rüstəmovun 90 nəfərdən ibarət şəxsi heyətini isə qarşıda uzun və təhlükəli yol gözləyirdi…

Mərmiləri “Ural”dan boşaldan hərbi qulluqçulardan üçü tanınmaz hala düşdüyü üçün onların cəsədlərini yalnız əsgər örtüklərinin içərisinə yığmaqla bir yerə toplaya bildilər. Onlardan yalnız birinin əzaları ayrılmamış, amma bədəni saysız-hesabsız qəlpə yaralarından dəlik-deşik olmuşdu. Polkovnik-leytenant Rüstəmov bir-neçə dəqiqə qabaq ona yaxınlaşıb “mərmiləri hara boşaldaq” – deyə soruşanın onlardan hansı olduğunu ayırd edə bilmədi. Amma gənc və yaraşıqlı “maxe”nin qəmli gözləri və kədərqarışıq təbəssüm saçan çöhrəsi gözləri önündən getmədi. Gözlərini yumub, başını yırğalayaraq dərindən köks ötürdü, yanağından süzülüb aşağı diyirlənən göz yaşını əsgərləri hiss etməsin deyə alnını ovuşdurmaqla üzünü gizlətməyə çalışdı… ”Şəhadətiniz mübarək, uşaqlar! Qisasınız yerdə qalmayacaq, inşallah”, – deyə qətiyyətli addımlarla meşənin girəcəyində onu gözləyən əks-həmlə taborunun yanına yollandı.

Gözlənilmədən düşmən artilleriyasının hücumundan, döyüş yoldaşlarının faciəvi şəhadətindən təsirlənən şəxsi heyət komandirlərini ayaqüstə, döyüşə hazır vəziyyətdə qarşıladı. Mayor Mustafayev bir söz demədən hərbi təzim edib kənara çəkildi. Polkovnik-leytenant Rüstəmov intiqam hissi ilə coşan əsgərlərin alov saçan baxışları ilə göz-gözə qaldı. Hazır idilər, ölməyə də, öldürməyə də, intiqam almağa da.

– Getdik, uşaqlar! – deyə əlavə sözə ehtiyac duymadan meşənin dərinliklərinə doğru hərəkətə başladı…

Qaranlıq getdikcə qatılaşır, duman dayanmadan axın edirdi. Sıx, keçilməz meşədə, yaş, sürüşkən torpağın üzərində hərəkət etmək getdikcə daha da çətinləşirdi. Hər an düşmənlə qarşılaşmaq, hər an düşmən pusqusuna düşmək təhlükəsi getdikcə daha da artırdı. Şuşakənd kəndində mühasirəyə düşən tabora köməyə tələsən qrup hər an Şuşa şəhərində mühasirəyə alınmaqda olan düşmən hərbi birləşmələrinə Xankəndi tərəfdən köməyə gələn, dağlarda, meşələrdə pusquda duran və ya düşmənin daim fəaliyyətdə olan hər hansı bir diversiya qrupu ilə üz-üzə gələ bilərdi. Otuz ilə yaxın işğal altında saxladıqları ərazini əlinin içi kimi bilən düşmən hər daşdan, hər ağacdan istehkam kimi istifadə etməyə çalışırdı. Azad etdikləri ərazilərdə möhkəmlənən Azərbaycan ordusunu koordinatları çıxarmadan belə asanlıqla artilleriya atəşinə tuturdu.

Bunları nəzərə alan polkovnik-leytenant Rüstəmov dayanmaq əmri verib, bölük komandirlərini yanına çağırdı. Rəhbərləri bölük komandirləri kapitan Cavad Məmmədov, kapitan Yaşar Qasımov və kapitan Bəhruz Hacıyev olmaqla, taboru müxtəlif qruplara böldü. Müəyyən məsafə saxlamaqla qrup şəklində hərəkət etməyi əmr etdi. Bu, həm hərəkəti asanlaşdıracaqdı, həm də düşmən hücumuna məruz qaldıqları halda bütöv taborun deyil, bir qrupun pusquya düşmə ehtimalı ilə qarşılaşacaq, digərlərinə isə müdaxilə etmək imkanı qazandıracaqdı. Ən pis halda isə qruplardan, heç olmasa, birinin özünü kapitan Ülvi Hüseynovun mühasirədə olan taboruna çatdırmaq imkanı verəcəkdi.

Polkovnik-leytenant Rüstəmov qruplar şəklində hərəkət edən bölüklərin də tağımlarını ayrı-ayrı qruplara ayırmalarını və eyni qayda ilə, nizamla hərəkəti davam etdirmələrini tapşırdı. Danışmağı, siqaret çəkməyi, hərəkətdən qalmağı, düşmən hərbi birləşmələri, diversiya qrupları, hətta yalnız düşmən əsgəri gördükdə belə, özlərini aşkar etməyi qadağan etdi. Digər qruplara məsafə və zaman gözləməklə ardınca hərəkəti davam etdirməyi tapşırıb, birinci qrup bölüyün birinci tağımı ilə irəli düşdü…

Qatı duman zülmətin bağrını dəlməyə, zülmət qaranlıq qatı dumanın içində əriməyə başlamışdı. Qarşıdakı dağların zirvəsindən, ətraflarındakı ağacların başından sallanan erkən səhərin ziyası zülməti qovsa da, qatı dumanın qatını aça biməmış, canına hopub yenilmişdi. Boz, bulanıq bir görünməzlik yaranmış, payızın rəngi sarısını udmuşdu. Təbiət öz dilində səhəri açır, xəfif yel yarpaqlar dilində xışıldaşırdı.

Zəif, güclə duyulan bir səs eşidildi:

– Aaayə,.. aaayə…

Yaxın məsafədən, amma zəif, gücünü itirməkdə olan, taqəti kəsilmiş birinin çağırışı irəlidə hərəkət edən polkovnik-leytenant Rüstəmovu və siyasi rəhbər mayor Mustafayevi ayaq saxlamağa məcbur etdi. İşarə ilə ardınca addımlayan qrupa dayanmaq əmri verib diqqətlə ətrafı dinşədi. Eyni səs yenidən, amma daha inamla eşidildi. Polkovnik-leytenant Rüstəmov qrupun döyüş vəziyyəti aldığına əmin olduqdan sonra:

– Kimsən? – deyə səsini ucaltmadan səs gələn tərəfə boylandı. – Mənəm, məəən, Əliyev!

– Əliyev kimdir?

– Xəzər Əliyev.

Kəşfiyyat qrupunun giziri Xəzər Əliyev bir neçə gün qabaq itkin düşmüş, onun kəşfiyyatdan qayıdarkən qrupla bərabər düşmən pusqusuna düşdüyü, şəhid olduğu xəbəri gəlmiş, amma cəsədi tapılmamışdı.

– Parol, parolu söylə! – polkovnik-leytenant Rüstəmov səsin sahibini tanısa da, dəqiqləşdirmək istədi.

– Allahu Əkbər!

Qərargah rəisinin işarəsi ilə iki əsgər cəld səs gələn tərəfə qaçdı. Gizir Xəzər Əliyev yaralı idi. İki gün qabaq tapşırıqdan qayıdarkən yolda düşmənin qoyub qaçdıqları sanitar maşınına rast gəlmişdilər. Gizir Xəzər Əliyev özü də daxil olmaqla, qrupun bütün üzvləri yaralı olduğu üçün həmin maşına minərək sürətlə hərbi hissə istiqamətində hərəkətə başlamışdılar. Onların hərəkətini müşahidə edən düşmən artilleriya atəşi ilə maşını partlatmış, gizir Xəzər Əliyevdən başqa qrupun bütün üzvləri şəhid olmuşdu. Yaralı olan gizir Xəzər Əliyev isə daha bir neçə yara almış və huşunu itirərək bir müddət düşdüyü yerdə qalmışdı. Özünə gəldikdən sonra ətrafında düşmən əsgərlərinin səsini eşitmiş, qatı dumandan istifadə edərək onlardan gizlənə bilmiş, üç yüz metr məsafəni sürünə-sürünə gələrək qrupun hərəkət etdiyi cığırın yaxınlığında, kolluqların arasında gizlənərək gözləməyə başlamışdı. O, bir kəşfiyyatçı kimi ərazini beş barmağı kimi tanıyır, Azərbaycan əsgərinin həmin cığırdan keçəcəyini düşünürdü. Məhz bu səbəbdən ac və susuz vəziyyətdə iki gün kolluqların arasında gizlənərək, cığırı nəzarətdə saxlamış, əks-həmlə taborunun hərəkətini hiss edən kimi son qüvvəsini toplayaraq yardıma çağırmışdı.

Tabor komandirləri yaralıya ilkin tibbi yardım göstərincə polkovnik-leytenant Rüstəmov briqada komandirinin müavini polkovnik-leytenant Teyfur Rüstəmovla radio əlaqəsinə girib gizir Xəzər Əliyevin sağ olması haqqında məlumat verdi. Koordinatları diktə edib yaralının təxliyə edilməsi üçün qrup göndərilməsini xahiş etdi. Üzünü ilkin tibbi yardımdan və az miqdarda qidalandıqdan sonra özünə gəlməyə başlayan gizir Əliyevə tutub:

– Biz getməliyik, Xəzər, səni təxliyə etmək üçün göndərilən qrup tezliklə burada olacaq. Sən gizləndiyin yerdən bir yerə tərpənmə və səbirlə gözlə.

Polkovnik-leytenant Rüstəmovun tapşırığı ilə gizir Xəzər Əliyevi cığırdan bir qədər kənarda, kolluqların arasında gizlədib, bir qədər də azuqə saxladıqdan sonra yenidən Şuşakənd istiqamətində hərəkətə başladılar…

Qaranlıq tam çəkilib yox olsa da, qatı duman hərəkət və istiqaməti təyin etməkdə çətinlik yaradırdı. Qarşıdan, müxtəlif tərəflərdən kiçik çaplı silahlardan ardıcıl açılan atəş səsləri eşidilir, ara-sıra tank mərmilərinin partlayışı aydınca duyulurdu. Artilleriya qurğularının atəş istiqamətləri müxtəlif olsa da, mənbələri düşmənin yerləşdiyi mövqeləri təyin etməkdə yardımçı oldu. Demək, qarşı, sağ tərəfdə Şuşakənd, sol tərəfdə isə Daşaltı yerləşirdi. Artilleriya və tank üzərinə quraşdırılmış iriçaplı silah sistemləri ilə edilən atəşlər yalnız düşmən tərəfindən, müxtəlif istiqamətlərdən açılır və əks-həmlə əməliyyatında olan Azərbaycan ordusunun yerləşdiyi ərazilər, Şuşakənd və Daşaltı kəndləri dayanmadan bombardman edilirdi. Daha aydın və nisbətən yaxında eşidilən atışma Şuşakənd kəndi istiqamətini təyin etməyə şərait yaratdı.

Artıq meşəni tərk edib yoxuşa dırmanan tabor qarşıdakı təpəni enib kapitan Ülvi Hüseynovun düşmən tərəfindən üç tərəfdən mühasirəyə alındığı 1214 yüksəkliyinə qalxmalı idi. Yalnız bir, – arxa tərəfdən 1214 yüksəkliyinə keçid imkanı olan ərazi də düşmənin atəş trayektoriyasında yerləşirdi. Həmin ərazini tabor ya digər tərəflərdən hücum imitasiyası yaradıb düşmənin başını qatmaqla keçməli, ya da uyğun hava şəraitini gözləməli idi.

Amma taboru hələ qarşıdakı sonuncu aşırımı keçmək kimi mühüm bir tapşırıq gözləyirdi. Təpənin zirvəsinə qalxan yoxuşun tən ortasında duman zəifləməyə, ətraf sezilməyə başlamışdı. Polkovnik-leytenant Rüstəmov yerə çöküb mayor Mustafayevə birinci qrupun önündə sürətli qaçışla ərazini keçməyi işarə etdi. Birinci qrup siyasi rəhbərin ardınca böyürdən adlamaqla təpənin arxasına tərəf sürət götürən zaman düşmən görüb ərazini ardıcıl pulemyot atəşinə tutdu. Kapitan Cavad Məmmədov aşırımın tən ortasında özünü yerə atıb avtomatının qundağını sinəsinə sıxdı. Polkovnik-leytenant Rüstəmovun işarəsi ilə kapitan Yaşar Qasımov və kapitan Bəhruz Hacıyev cəld döyüş yoldaşlarının yanına süründülər. Kapitan Cavad Məmmədovla paralel məsafəli şəkildə mövqelənib düşmənin atəş nöqtəsini hədəf aldılar. Birinci qrupun sonuncu əsgəri aşırımı kecənə qədər düşmən pulemyotunun gurladığı ərazini ardıcıl olaraq atəşə tutdular. Bir an keçmədi ki, düşmən pulemyotuna daha bir neçə kiçik çaplı silah dəstək verməyə başladı. Ətrafında torpağa sancılan, vıyıltı ilə qulağının dibindən, başının üstündən uçuşan güllələrə baxmayaraq, cəld yerindən sıçrayan kapitan Məmmədov var qüvvəsini toplayıb sürətli qaçışla özünü aşırımın arxasına tulladı. Digər qruplar yoxuşun ortasında torpağa qısılıb avtomatlarını çiyinlərinə sıxmışdılar.

Polkovnik-leytenant Rüstəmov döyüşə hazır olmağı, amma əmr olmadan atəş açmamağı tapşırıb binoklla düşmən mövqelərini izləməyə başladı. Qərargah rəisi ilə digər qrupların mövqeləndiyi eniş hələ də zəif dumana büründüyü üçün düşmən yalnız irəlidə hərəkət edən və dumanın tamamilə yox olduğu təpənin daha yuxarı hissəsində gözlənilmədən peyda olan birinci qrupun fəaliyyətini müşahidə edə bilmişdi. Digər qrupların movqeləndiyi enişin, zəif dumana bürünsə də, uzaqdan kifayət qədər görüntü vermədiyini anlayan qərargah rəisi özlərini aşkar etməməyi qərara aldı. Buna baxmayaraq, düşmən əraziyə ardıcıl olaraq bir neçə tank və artılleriya mərmisi endirdi. Artilleriya atəşinin yaratdığı toz dumandan istifadə edən kapitan Qasımovla kapitan Hacıyev isə kənarlara diyirlənməklə aralarındakı məsafəni böyüdüb atəşi dayandıraraq hərəkətsizlik görüntüsü yaratdılar. Bir neçə dəqiqəlik susub müşahidə aparan düşmən ərazini yenidən artilleriya atəşinə tutdu. İndi artıq təkcə sonuncu aşırım deyil, daha irəli və birinci qrupun getdiyi istiqamət də hədəf seçilmişdi. Əlverişsiz hava şəraitindən xoflanan düşmən artıq atəş trayektoriyasını daha da genişləndirmiş, mərmi sayını daha da artırmışdı…

Təxminən yarım saatdan sonra sonuncu aşırım yenidən qatı dumana büründü. Bayaqdan səbirlə gözləyən, yalnız şəxsi heyəti kapitan Hüseynova vaxtında və itkisiz çatdıra bilməsi üçün ürəyində Allaha yalvaran qərargah rəisi polkovnik-leytenant Rüstəmov qruplara cəld aşırımın arxasına qaçmağı əmr etdi. Qatı dumanda aşırımı itkisiz adlayan tabor dərhal da 1214 saylı yüksəkliyə aparan dərəyə istiqamət götürdü. Kapitan Hüseynovun taborunun mövqe tutduğu yüksəkliyə doğru qalxan yoxuşa çatıb dayanmadan dəstəyə ehtiyacı olan doyüş yoldaşlarına tərəf irəliləməyə başladılar…

Ardı var

Previous articleAğdamda ermənilərə məxsus fosforlu mərmilər aşkarlandı
Next articlePutin bu zənglə Paşinyana başa saldı ki…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here