Home İqtisadiyyat Ehtiyac meyarı göstəricisinə niyə ehtiyac yoxdur?

Ehtiyac meyarı göstəricisinə niyə ehtiyac yoxdur?

944
0

Pərviz Heydərov yazır…

Əhalinin və yaxud da belə qeyd edim ki, hər bir vətəndaşın ən zəruri sosial ehtiyacının və tələbatının düzgün, dəqiq müəyyən edilməsi ölkədə həyata keçirilən ümumi sosial müdafiə siyasətinin və mexanizminin əsasını təşkil edir. Bizdə bunun üçün bir neçə göstəricidən istifadə olunur ki, bura daxildir – minimum istehlak səbəti, ehtiyac meyarı, yaşayış minimumu, minimum əməkhaqqı və sair. 

Məsələ bundadır ki, heç biri də demək olar, digərinə uyğun gəlmir.

Belə ki, uzun müddət idi, məsələn, minimum əməkhaqqı yaşayış minimumu səviyyəsindən aşağı təşkil edirdi. Aydın deyildi ki, minimum əməkhaqqı mexanizmi əslində nəyi müəyyən edir və nədən ötrü tətbiq olunur.
Düzdür, qanunvericilikdə qeyd edilir ki, minimum əmək haqqı – iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə verilən aylıq ən aşağı əməkhaqqı məbləğidir. Ölkə üzrə müqavilə əsasında bütün növ muzdlu əməyə görə əməkhaqları məhz buna əsasən ödənilir.

Lakin ölkədə əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq baxımdan son illər sırasında xüsusən seçilən və yadda qalan 2019-cu ilin mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan iki sosial paketin icra edilməsi nəticəsində minimum əməkhaqqı səviyyəsi 130 manatdan 250 manata qaldırılmaqla ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi.

Halbuki minimum əməkhaqqı səviyyəsi yaşayış minimumdan yüksək olmaqla yanaşı, ölkə üzrə adambaşına düşən aylıq minimum istehlak səbətinin dəyərini, həmçinin ünvanlı dövlət sosial yardımını təyin etmək məqsədilə ehtiyac meyarının da əsasını təşkil etməli və əhalinin dolanışıq vəziyyətini müəyyən etmək sarıdan heç bir ziddiyyət və dolaşıqlığa yol açmamalıdır. Hökumət də neçə illər idi ki, məhz buna çalışırdı.

Ancaq qeyd etdiyim kimi, minimum əməkhaqqı səviyyəsi ilk dəfə olaraq yalnız məhz 2019-cu ildə 130 manatdan 250 manata qaldırılmaqla ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çataraq, onu keçdi. Bu mənada, ehtiyac meyarı göstəricisi də ya yaşayış minimumu göstəricisinə çatdırılmalı və yaxud da ən düzü ümumiyyətlə, ləğv olunmalıdır. Məlumdur ki, ehtiyac meyarı ünvanlı dövlət sosial yardımını təyin etmək məqsədilə əsas qayə təşkil edir və məhz bu məqsədlə təsdiqlənir. 

Yeri gəlmişkən, 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat olacaq ki, cari ildə isə 170 manat məbləğində təşkil edirdi. Yaşayış minimumunun həddi isə 2022-ci ildə 210 manat məbləğində müəyyən ediləcək ki, əmək qabiliyyətli əhali üçün bu rəqəm 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat təşkil edəcək. 

Xatırladım ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Ötən şərhimdə də sual etdim ki, minimum istehlak səbəti göstəricisi olan yerdə ehtiyac meyarının olması və ayrıca olaraq hesablanaraq müəyyən edilməsi görəsən, hansı məntiqə əsaslanır?! Və bu, əhalinin ən zəruri sosial tələbatının aşkarlanması və ödənilməsi mexanizmində dolaşıqlıq yaratmırmı?!
Yeri gəlmişkən, yaşayış minimumu göstəricisinin gələn ildən ölkə üzrə 14 manat artırılaraq 210 manat, ehtiyac meyarının isə bir az da çox, yəni 30 manat artırılaraq 200 manat edilməsi hər iki göstərici arasında mövcud fərqi əhəmiyyətli dərəcədə azaltmaqla daha sonrakı ildə onları bərabərləşdirmək üçün əsas yaradır. Və bu da ehtiyac meyarı göstəricisinin ümumiyyətlə ləğv edilməli olduğunu bir daha təsdiqləyərək, buna real olaraq geniş imkan açır.

Ehtiyac meyarı göstəricisinin yaşayış minimumuna yaxınlaşdırılması və çatdırılması ünvanlı dövlət sosial yardımının məbləğinin artması yolu ilə həm effektliliyin yüksəlməsinə şərait yaradır, həm də sözügedən yardıma həqiqi ehtiyacı olan kontingenti dəqiq müəyyən etməyə daha çox imkanlar açır.

Bir daha aydın olur ki, söhbət konkret olaraq hər şeyin yaşayış minimumu göstəricisi ilə müəyyən olunması və həll edilməsindən gedərsə, ölkədə həyata keçirilən ümumi sosial müdafiə siyasəti konsepsiyası daha çox təyinatlı və səmərəli xarakter kəsb edə bilər.

Ümumiyyətlə, hesab edirəm ki, əsas diqqət minimum istehlak səbəti üzərində cəmləşdirilməlidir. Hökumət tərəfindən bu göstəriciyə üç ildən bir deyil, hər növbəti il üçün yenidən baxılmalıdır. 
Bunun da əsasında ölkə üzrə yaşayış minimumu göstəriciləri təzələnməli və yenidən müəyyən edilərək təyin olunmalıdır. Minimum əməkhaqqı səviyyəsi və yaxud həddi isə bütün bunların üzərində təsbit olmalıdır.

Previous articleTovuzda ağır qəza: 1 ölü, 6 yaralı
Next articleBakının bu hissəsində “xruşovka”lar sökülür

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here