Home İqtisadiyyat Kimlər və niyə “devalvasiya olacaq” deyirlər?

Kimlər və niyə “devalvasiya olacaq” deyirlər?

1017
0

Artıq xeyli müddətdir Azərbaycanda yaxın vaxtlarda devalvasiya olacağına dair söz-söhbətlər yayılır. Guya ilin sonuna kimi dollar-manat məzənnəsi 1 manat 90 qəpik olacaq. Bunun ardından isə 2022-nin fevralında 1 dollar 2,05 manat təşkil edəcək. Son büdcə müzakirələrində aydın oldu ki, hökumət gələn il ərzində devalvasiyaya getmək niyyətində deyil.

Hökumətin bu niyyətini oktyabrın 29-da faiz dərəcəsində dəyişiklik olunmasına dair Mərkəzi Bankın qərarını şərh edən qurumun İdarə Heyətinin sədri Elman Rüstəmov da açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanın valyuta bazarı sabitdir və manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur. Baş bankir deyir ki, manatın dayanıqlığı artıb və AMB tərəfindən manatın devalvasiyası ilə bağlı heç bir qərar verilməyəcək və hətta manata mövcud olan təzyiqlər tədricən səngiyir.

Hökumətdəki mənbələrdən bildirildiyinə görə, yanvar ayından etibarən ölkədə pensiya və maaşlar artırılacaq. Artıq bunun üçün müvafiq vəsait 2022-ci ilin dövlət büdcəsində nəzərə alınıb. Bu halda hökumətin artan pensiya və maaşları devalvasiyanın yeminə çevirəcək bir addımı atması gözlənilən deyil. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda devalvasiyanın olacağına dair məlumatlar müəyyən fasilələrlə gündəmə gətirilir. Bir qayda olaraq bu məlumatlar ölkənin istehlak bazarındakı qiymət artımları ilə əlaqələndirilir. Bu artımların son aylarda sürətlənməsi fonunda yayılan məlumatlar əhali arasında devalvasiya olacağına dair təşvişlərin yaranmasına səbəb olur.

Mərkəzi Bankın açıqlamasına əsasən dünyada qlobal inflyasiya riskləri qalmaqdadır. Dünya birjalarında qiymətlər sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2.1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 27.5 faiz artıb. Enerjidaşıyıcılarının sürətlə bahalaşması enerji idxal edən ölkələrdə, o cümlədən Azərbaycanın ticarət tərəfdaşı olan enerji idxalçılarında inflyasiya proseslərinin sürətlənməsinin əsas səbəblərindən biridir. Bundan əlavə, dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ərzaq inflyasiyasına ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünya ərzaq məhsulları son ildə 32.8 faiz, o cümlədən cari ilin sentyabr ayında 1.2 faiz yüksəlib.

Daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması dünyada inflyasiya proseslərinin güclənməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Cari ilin sentyabrında 1 konteynerin daşınma xərcləri ötən ilin eyni dövrünə nəzərən 4 dəfədən çox, xammalın və hazır məhsulun çatdırılma müddəti isə 2 dəfəyə yaxın artıb. Eyni zamanda Azərbaycanın ticarət tərəfdaşı olan əksər ölkələrdə inflyasiyanın qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, sentyabrda illik inflyasiya hədəflə müqayisədə Azərbaycanın əsas ticarət tərəfdaşları olan iqtisadiyyatlarda – ABŞ-da 2.7 dəfə, Avrozonada 1.7 dəfə, Rusiyada 1.9 dəfə, Qazaxıstanda 1.5 dəfə, Belarusda 2 dəfə, Ukraynada 2.2 dəfə, Gürcüstanda 4.1 dəfə, Türkiyədə isə 3.9 dəfə yüksək olub.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, inflyasiyanın 4/5-ü qeyri-monetar amillər və bunun da təqribən 2/5-si daxili xərc amilləri – dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasından irəli gəlir. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Sentyabrda aparılan sorğulara görə, ev təsərrüfatlarının 80 faizi inflyasiya gözləyir, o cümlədən 24.5 faizi inflyasiya tempinin daha da yüksələcəyini düşünür. İnflyasiya gözləntiləri sentyabrda xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda pozitiv zonada qalıb.

Hökumətin yenilənmiş proqnozlarına görə, cari ildə orta illik inflyasiya 6.2-6.5 faiz, illik inflyasiya isə 9.5-10.5 faiz səviyyəsində gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qalması şərtilə illik inflyasiya 5-6 faiz səviyyəsində proqnozlaşdırılır.

Mərkəzi Bank bildirir ki, xarici sektor göstəricilərinin və gözləntilərin yaxşılaşması manatın məzənnəsinin sabitliyini dəstəkləyir. Qurumun pul siyasəti monetar şəraitin sərtləşməsi vasitəsilə inflyasiyanın məhdudlaşdırılmasına və onun hədəf diapazonuna qaytarılmasına yönəlib. Pul bazası izafi genişlənərsə, Mərkəzi Bank ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur.

AMB bəyan edir ki, makroiqtisadi sabitliyə, o cümlədən inflyasiyanın ortamüddətli səviyyəsinə fiskal siyasətin artıq elan edilmiş əsas istiqamətləri müsbət təsir edəcək. 2022-i ildən başlayaraq büdcə qaydalarına qayıdış və Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı monetar-fiskal çərçivəni möhkəmləndirəcək.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 5,7 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 6,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,0 faiz təşkil edib. Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin oktyabr ayına nisbətən 10 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 13,1 faiz, qeyri-ərzaq məhsulları 6,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 8,4 faiz bahalaşıb.

2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.

Yanvar-oktyabrda əhali 16 milyard 865,7 milyon manatlıq ərzaq məhsulu alıb, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkilən xərclər 2020-ci ilin eyni dövrü ilə müqayisədə 36,3 faiz artmaqla 758,6 milyon manat, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına çəkilən xərclər 27,8 faiz artmaqla 321,2 milyon manat, avtomobil benzini və dizel yanacağına çəkilən xərclər isə 3,4 faiz artmaqla 2 milyard 78,6 milyon manat təşkil edib.

Göründüyü kimi, ölkədə inflyasiya xüsusilə də əhalinin istehlakında mühüm rol oynayan məhsul və xidmətlər üzrə xeyli sürətlənib. Lakin bu, heç də devalvasiyanın olması üçün zəmin hesab olunmur. Belə olan halda, inflyasiya gözləntilərin fonunda devalvasiya olacağına dair məlumatları yaymaq kimlərə sərf edir? Devalvasiya xəbərləri müəyyən qruplar tərəfindən məqsəyönlü şəkildə yayıla bilərmi?

Sosialxəbər.az xəbər verir k, iqtisadçı-alim Elşad Məmmədov Musavat.com-a açıqlamasında nə yaxın, nə də ortamüddətli perspektivdə devalvasiyaya gedilməsi üçün əsas ola biləcək fundamental şərtlərin gözlənilmədiyini bildirib:

“Eyni zamanda Azərbaycanda milli valyutanın məzənnəsi sərbəst bazar qaydaları əsasında tənzimlənmir. Mərkəzi Bankın timsalında bu tənzimləməni hökumət həyata keçirir. Buna görə də devalvasiya ilə bağlı qərar inzibati qaydada qəbul olunan qərarlar sırasındadır. Bu baxımdan dövlət qurumları, rəsmi şəxslərdən kənarda heç kim devalvasiyanın olacağını dəqiq deyə bilməz. Özü də elə bir şəraitdə ki, devalvasiyaya gətirəcək fundamental amillər mövcud deyil: ölkəyə yetərincə xarici valyuta daxil olur, mövcud valyuta ehtiyatları valyuta bazarını tənzimləməyə imkan verir. Digər tərəfdən, yaxın və ortamüddətdli dövrdə devalvasiya makroiqtisadi sabitliyə ciddi zərər vura biləcək əsas amillərdəndir. Buna görə də hökumətin belə addıma gedəcəyi real deyil”.

Ekspert hesab edir ki, devalvasiya şayiələrinin yayılmasında müəyyən qüvvələrin, o cümlədən ölkə xaricindəki qüvvələrin maraqlı olması mümkündür:

“Devalvasiya olacağına dair əsassız iddiaların irəli sürülməsi ölkənin iqtisadi təhülkəsizliyinə zərər vura bilər. Əlbəttə, savadlı ekspertlər fundamental əsaslar olduğu zaman devalvasiya ehtimalı barədə əsaslandırılmış fikirlərlə çıxış edə bilərlər və edirlər də. Lakin heç bir əsas olmadan belə iddiaların səsləndirilməsi iqtisadi təhlükəsizliyə zərər vura bilər və buna görə də belə fikirlərin mənbəyi ilə bağlı ölkənin təhlükəsizlik qüvvələri tədbirlər görməlidilər”.

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun sözlərinə görə isə, hazırda Azərbaycanda inflyasiyanın sürətlənməsindən danışmaq olar:

“İnflyasiya insanların həyatına, sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Bu gün Azərbaycanda bu proses sürətlənib. Lakin devalvasiyaya gedilməsi üçün əsas olan amillər mövcud deyil. Düşünürəm ki, devalvasiya ilə bağlı əsassız məlumatları yayanların bir hissəsi müxalifət qüvvələrində təmsil olunan şəxslərdir. Onlar inflyasiya amilindən devalvasiya olacağı ilə bağlı məlumatlar yaymaq üçün istifadə edirlər. Məqsəd də aydındır: əhalidə narazılığı artırmaq. Diqqət etsəniz, sanballı ekspertlərin heç biri devalvasiya ehtimalından bəhs etmir, əksinə, bunun üçün zəruri şərtlərin olmadığını deyirlər”.

Ə.Həsənov hesab edir ki, devalvasiya iddialarını yayan digər qrup əlində irihəcmli xarici valyuta olan şəxslərdir:

“Bu qrupun dollar alışını artırmağa çalışması mümkündür. Özü də söhbət banklar vasitəsilə deyil, qara bazardan dollar alışından gedir. Mümkündür ki, həmin qrup şəxslər məqsədyönlü şəkildə devalvasiya olacağına dair məlumatlar yaymaqla əhalinin qara bazardan dollar alışını canlandırmağa çalışırlar. Çünki heç kimə sirr deyil ki, hazırda banklar vasitəsilə dollar alışına qeyri-rəsmi məhdudiyyət qoyulub, bir nəfər 20 min manatlıqdan artıq dollar ala bilmir. Buna görə də əlində dollar olan müəyyən qüvvələr qara bazarı canlandırmağa çalışırlar. Hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün hüquq-mühafizə orqanları ətraflı araşdırmalar aparmalıdırlar”.

Previous articleZəfər Günü avtoxuliqanlıq edən şəxs həbs edildi
Next articleHavanı çirkləndirən sexin sahibi 4 min manat cərimələndi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here