Home Cəmiyyət İsveçrədəki səfirimiz etimadnaməsini Prezidentə təqdim etdi

İsveçrədəki səfirimiz etimadnaməsini Prezidentə təqdim etdi

227
0

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Fuad İsgəndərov etimadnaməsini bu ölkənin Prezidenti Gi Parmelinə təqdim edib.

Sosialxəbər.az xəbər verir ki, səfir F.İsgəndərov görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını G.Parmelinin diqqətinə çatdırıb, həmçinin 2022-ci ildə yeni seçiləcək İsveçrə Prezidenti ilə Azərbaycan dövlət başçısı arasında ənənəvi əməkdaşlıq əlaqələrinin davam etdirilməsinə ümidvar olduğunu bildirib. Öz növbəsində G.Parmelin də səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə Azərbaycan səfiri İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumat verib və Azərbaycanın Avropa dövlətləri, o cümlədən İsveçrə ilə əlaqələrinin əhəmiyyətinə toxunub.

İqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilərkən hər iki ölkənin birgə genişmiqyaslı investisiya layihələrində iştirakı qeyd edilib, İsveçrənin Azərbaycanın qeyri-neft sektorunu əhatə edən xarici ticarət dövriyyəsində üçüncü yerdə olması diqqətə çatdırılıb. Məhz bu kontekstdə İsveçrə şirkətlərinin müharibədən sonra ölkədəki yenidənqurma və bərpa işlərində, həmçinin genişmiqyaslı infrastruktur, nəqliyyat, ekoloji və digər sahələrə cəlb olunması məsələsinin nəzərdən keçirilməsinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

İsveçrə Prezidenti G.Parmelin Azərbaycanın İsveçrə üçün etibarlı tərəfdaş olduğunu qeyd edərək dünyada baş verən iqtisadi, təhlükəsizlik, iqlim və digər çağırışların cavablandırılmasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb

Previous articleDolların bu günə olan məzənnəsi
Next articleAğacları kəsən şəxsin sənədləri prokurorluğa göndərildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here