Home Qarabağ Komandirin son tapşırığı: Kim istəyir, qayıtsın…

Komandirin son tapşırığı: Kim istəyir, qayıtsın…

67
0

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Sosialxəbər.az bildirir ki, Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Kapitan Mikayılov hələ də özünə gələ bilməmişdi. Tabor komandiri qarşısında oturub onu dindirməyə, vəziyyətini öyrənməyə çalışdı. Qulaqlarını sıxdığı əllərinin üstündən qamarlayıb başını yuxarı qaldırdı. Torpaqqarışıq qanla dolmuş, sanki dərin bir quyunun dibindən boylanan gözləri gah dayanmaqda olan ürək kimi çırpınır, gah da boğulmaqda olan insanın gözləri kimi böyüyüb bərəlir, az qala hədəqəsindən çıxacaqdı.

Bilə-bilə ki, içində su qalmayıb, kapitan Hüseynov qumqumasını qaldırıb yoxladı. Boş olduğunu görüncə yamyaş paltarının cibindən çıxardığı yaş dəsmali ilə bölük komandirinin sifətini silib, torpaqla dolmuş gözlərini təmizləməyə çalışdı. Yaş dəsmalın soyuq təmasını sifətində duyan bölük komandiri sanki diksinib özünə gəldi. Tabor komandiri onu arxası üstə yerə uzandırıb bir qədər də özünə gəlməsini gözlədi.

Kapitan Mikayılov kəllə-beyin travması almış, tank mərmisinin qəlpələri dizini parçalamış, burnunu sıyırıb keçmişdi. Amma kapitan yaralarını hələ hiss etmir, yalnız başının ağrısından və qulaqlarındakı deşici, aravermədən uğuldayan küydən əziyyət çəkirdi…

Kapitan Hüseynov ətrafı, – düşmən mövqelərini, geri qayıtmaq üçün yolları, yaralı və şəhidləri bir daha diqqətlə müşahidə edib bölük kamandirinin yanına qayıtdı. Kapitan Mikayılov artıq sakitləşmişdi, ayağının yarasını bağlamaqla məşğul idi. Tabor komandiri üzbəüz çöməltmə oturub gözlərini onun qanı axmaqda olan dizindən ayırmadan soruşdu:

– Yeriyə biləcəksənmi, Elbrus?

– Yeriyərəm, Ülvi! – bölük komandiri də rəsmiyyətsiz cavab verdi.

– Lap yaxşı, – kapitan Hüseynov gözləri ilə ətrafı nəzərdən keçirərək: – Şəhid və yaralıları da götürüb dərhal geri, hərbi hissəyə yollanın! – tapşırıq verdi.

Belə bir əmr gözləmirmiş kimi kapitan Mikayılov ani duruxdu. Təəccüblə tabor komandirinin sifətinə baxıb:

– Nə danışırsız, komandir!? Belə bir vəziyyətdə mənim döyüşü tərk etməyimi istəyirsiz!? – açıqca duyulan təlaş və narazılıqla soruşdu.

– Bu bir əmrdir, kapitan. Yaralılarımız çoxdur. Hər dəqiqəmiz bir əsgər taleyi deməkdir. Burda durduqca şəhidlərin sayı artmaqda davam edir. Dayanmadan şəhid və yaralıları götürüb aşağı enin! Mən hərbi hissə rəhbərliyindən yardım istəyəcəm!..

Şəhidlərin sayı doğrudan da artmışdı, axşamdan ağır yaralı olan bəzi əsgərlər də can savaşında ruhlarını təslim etmişdilər. Kapitan Mikayılov yaş torpağın üstündə uzanıb zarıyan yaralı yoldaşlarının solmaqda olan çöhrələrinə diqqət yetirdi. Onların bəziləri gözlərini səmaya zilləyib Allahdan kömək diləyir, bəziləri qanitirmədən sayıqlayır, bəziləri soyuqda hərarətdən alov kimi yanır, soyuq tər alınlarından puçurlanırdı. Rəngləri solmuş, gözləri çuxura düşmüş yaralılar yardım diləyirdir, amma nə kömək edə biləcək bir həkimləri var idi, nə də tibbi ləvazimatları qalmışdı.

Fakt və komandir əmri qarşısında kapitan Mikayılovun razılaşmaqdan başqa yolu qalmadı. Nə qədər ki, hava şəraiti, qatı duman imkan verir, toparlanıb dərhal aşağı enməli idilər.

Oturduqları yerdəcə qucaqlaşdılar. Qoşa əlləri ilə bölük komandirinin belini sığallayıb tappılti ilə kürəyinə vurdu:

– Əlvida, Elbrus, özünü qoru, qardaş, çalış uşaqları vaxtında, sağ-salamat hissəyə çatdır! – deyə tabor komandirinin xırıltılı səslə verdiyi son tapşirığı da əmr kimi səsləndi.

– Hələlik, komandir, siz də özünüzü qoruyun, qardaş. İnşallah, tezliklə görüşərik! – Könülsüzcəsinə ayrılıb az qala bəbəklərində döyünən qəlbinin titrəyişini baxışlarını yayındırmaqla kapitan Hüseynovdan gizlətməyə çalışdı.

Yaralıların köməkliyi ilə şəhidləri də götürüb ayağını sürüyə-sürüyə arxa cəbhə istiqamətində hərəkətə başladı.

Kapitan Hüseynov döyüş yoldaşlarını çiskin və dumanın içərisində gözdən yox olana qədər kədər və nigarançılıq yüklənmış təbəssümlü baxışlarla yola saldı. Gözlərini dostlarının getdiyi istiqamətdəki məchul nöqtədən ayırmadan hərbi hissə komandiri polkovnik Nizami Mövlanovla rabitə əlaqəsinə girdi. Amma danışmağa macal tapmamış təxminən beş-altı metr arxada partlayan mərmi qaldırdığı torpaq qatını yerləşdikləri mövqeninin üzərinə ələdi. Tabor komandiri partlayışın səsindən çox “Vay, sizin ananızı!” deyə bağıra-bağıra ermənilərin ünvanına söyüş yağdıran əsgər Eşqin Əliyevin səsindən diksindi. Əsgər axşamdan haradansa tapıb balaca bir çala qazmaqla yağış yağarkən, yaxud çıskinin yaratdığı nəmişlikdən suyla dolsun deyə içinə yerləşdirdikləri polietilen örtüyün torpaqla dolduğundan qəzəblənmişdi.

Demək, bu gün də susuz qalacaqdılar. Tabor komandiri vəziyyətlə bağlı hərbi hissə komandirinə məlumat verdi. Şəhid və yaralıların getdiyi istiqaməti xüsusi kodlarla bildirib onları qarşılamaq üçün təxliyə qrupunu göndərməyi xahiş etdi. Sözünü bitirməmiş əlaqə kəsildi. Düşmən yenidən artilleriya hücumuna başlamışdı. Demək olar ki, yerləşdikləri dəqiqələrdən qazmağa başladıqları yarımçıq səngərlərin hamısı alt-üst olmuş, müxtəlif tipli iri çaplı silahlardan atılmış mərmilərin qaldırdığı torpaq bütün çuxurları doldurmuşdu. Azuqələri tükənmişdi, əsgərlər artıq ikinci gün idi ki, aclıq və susuzluqdan əziyyət çəkirdilər.

Tabor komandiri heyətdə olan yeganə beli götürüb yerləşdikləri mövqedən bir neçə addım yuxarı, düşmənin mövqeləri istiqamətindəki təpəyə süründü. Əvvəlcə düşmən mövqelərini və ətrafı diqqətlə müşahidə etdi, sonra hərbi təyinatlı beli qatlayıb, külüng vəziyyətinə gətirdi. Və uzandığı yerdəcə yenidən səngər qazmağa başladı…

Duman, çiskin xeyli çəkilmişdi, ətraf aydın sezilirdi. Kapitan Hüseynov uzandığı şəkildə yerləşə bildiyi ölçüdə səngər qazan kimi içində uzanıb qarşı tərəfə yığdığı torpağın arxasından ehtiyatla irəli boylandı. Gəldikləri gündən ilk dəfə idi ki, ətrafı aydın görə bildi. Yerləşdikləri ərazi, – dərənin qalxıb təpəlikdə bitdiyi mövqe təxminən əlli metr diametri olan, çəpinə dayanmış bir piyaləyə bənzəyirdi. Piyalə, demək olar ki, hər tərəfdən düşmən mövqeləri ilə mühasirəyə alınmış, ətraflarına lüləsi onlara tuşlanmış bir neçə tank yerləşdirilmişdi. Tanklar onlara yaxın olduqlarından atdığı mərmilər təxminən yeddi-on metr ətraflarına düşüb partlayır, yalnız qaldırdıqları torpaq başlarına tökülür, qəlpələr üzərlərindən uçurdu. Uzaq məsafədən atılan artilleriya atəşi daha dəqiq olduğu üçün nəfəslərini belə dərməyə imkan vermir, yaxın ətraflarından yağdırılan avtomat və pulemyot gilizləri qulqalarının dibində vıyıldayırdı.

Hər tərəfdən mühasirədə olduqları yalnız indi komandirə bəlli oldu. Aşağı, yalnız, arxa tərəf istiqamətdə uzanıb gedən dərə içi düşmək olardı, amma dərənin bitdiyi yerdən çıxmaq yalnız duman və çiskinin çöküb ətrafı görünməz etdiyi zaman mümkün idi.

Mühasirəyə düşmüş taborun əsgərləri bu yoldan istifadə etməyi xəyallarına belə gətirmirdi: Yalnız irəli! Nəyin bahasına olursa olsun! Ya qarşıda onları gözləyən əsir düşmüş Şuşa qalasına gedəcəkdilər, ya da şəhid olacaqdılar. Hər kəs bunu düşünürdü.

Kapitan Hüseynov yarımçıq qazdığı səngərdən çıxıb bir qədər aşağıda mövqelənmiş, ara-sıra yerlərindən sıçrayaraq düşmən mövqelərini atəşə tutub geri çəkilən əsgərlərinin yanına süründü. Komandirlərinin yanlarına gəldiyini görən əsgərlər gözlərini düşmən mövqelərindən ayırmadan qulaqlarını kapitan Hüseynova verdilər:

– Biz mühasirədəyik, uşaqlar, düşmən hər tərəfdən bizi hədəfə alıb. Azuqəmiz bitib, sursatımız tükənmək üzrədir. Hər an şəhid ola bilərik. Amma buradan sağ çıxmaq da mümkündür. Gördüyünüz bu yol, – şəhadət barmağı ilə dərə içi aşağı enən cığırı göstərdi, – sizi ölümdən qurtara bilər. Getmək istəyən varsa, buyursun, dərəni aşağı enib, bir qədər gözləmək, duman gələn kimi dərədən çıxıb əkin sahəsini keçərək Hadrut istiqamətində yerləşmiş hissələrimizə çata bilər.

Susdu, diqqətlə avtomatlarının qundaqlarını sinələrinə sıxaraq gözlərini düşmən mövqelərinə tuşlamış əsgərlərinə baxdı. Əsgərlər ani olaraq nəzərlərini fokuslanmış bölgədən ayırıb əvvəlcə komandirlərinə, sonra bir-birinə baxdılar. Hamısı bir anda:

– Komandir!.. – deyib dərhal da susdular.

Təəccüblərini əsgər Qorxmaz Hüseynov söylədi:

– Hara, komandir, bizim yolumuz o tərəfədir, o tərəfə! – barmağı ilə Şuşa qalasını, orada durub torpaq sahiblərini atəşə tutan düşmən mövqelərini göstərdi.

– Komandir, – əsgər Cahid Yaqubov susuzluqdan qurumuş boğazını arıtlayıb: – Atam məni müharibəyə yola salanda “get, tezliklə mən də sənin yanında olacam” dedi. Mənsə, “Sənə ehtiyac qalmayacaq, ata, özüm həll edib, qayıdacam”, dedim. Mənim atam da, əmim də öz borclarını Birinci Qarabağ müharibəsində yerinə yetiriblər, komandir. İndi növbə bizimdir. Mənim əmim oğlu xüsusi təyinatlıların baş leytnantı Əliqismət Yaqublu da ön cəbhədə döyüşür. Mənim geriyə yolum yoxdur, komandir!

Kapitan Hüseynov əsgərlərinin bir-bir susuzluqdan və aclıqdan öləzimiş, amma intiqam alovu ilə yanan, geri çəkilmək fikrini bir an belə yaxın buraxmayan inadkar gözlərinin içinə baxdı. Məmnunluqla başını yelləyib xəfifcə gülümsədi:

– Sağ olun, uşaqlar, sağ olun, aslanlarım! Mən belə də bilirdim! Minaatan mərmisinin qaldırdığı torpaq sifətinə çırpılaraq təbəssümünü gözlərində dondurdu: – Bu bizim son döyüşümüz olacaq, uşaqlar. – Azacıq dikəlib ucadan söylədi: – Bu döyüşdən biz mərd çıxmalıyıq. Ya qalib olmaliyıq, ya şəhid. Ya qalib olmalıyıq, ya qazi. Ya qalib olmalıyıq, ya da Qalib olmalıyıq!..

Yenidən əvvəlki mövqeyinə, yarımçıq qazdığı səngərə doğru süründü. Çataçatda qanrılıb:

– Güllələrinizə qənaət edin, uşaqlar! – deyə tapşırıq verdi: – Bir-bir qalxıb səngəri genişləndirməkdə mənə kömək edəcəksiniz.

Cəld atılıb səngərin içinə düşdü. Uzandığı yerdəcə səngəri genişləndirməyə başladı…

Previous articleAz yaşlıya təcavüzdə günahkar kimdir?
Next articleQanunsuz yolla əldə edilən meşə materialı aşkarlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here