Home QHT Az yaşlıya təcavüzdə günahkar kimdir?

Az yaşlıya təcavüzdə günahkar kimdir?

91
0

Milli-mənəvi dəyərlərinə yüksək qiymət verən cəmiyyətdə 11 yaşlı qızın cinsi təcavüzə məruz qalması bu cəmiyyətin sosial, mədəni və təhsil həyatında hələ də müəyyən boşluqların mövcud olmasından xəbər verir.

Həyatının uşaqlıq dövrünü başa vurmamış bir qızcığazın dünyaya uşaq gətirməsi – faciədir. Təkcə bu bu qızcığazın yox, onun ailəsinin, onu böyüdən valideynlərinin, ətrafında olan doğmalarının, ona təhsil verən məktəbin, onu əhatə edən sosial mühitin, ümumilikdə bütöv cəmiyyətin faciəsidir.

Bu iyrənc hadisə düşüncə qabiliyyətinə və mənəvi saflığa malik hər bir kəsi ciddi narahat edir. Hamılıqla hadisəni törədən şəxsə ən ağır cəza verilməsini tələb edirik. Amma unuduruq ki, bu hadisənin baş verməsini izah edə biləcək ciddi səbəblər var. Bu səbəbləri araşdıranda sual yaranır: Günahkar təkcə təcavüz edəndirmi? İlk növbədə valideynlər uşaqlarını bəd əməlin qurbanlarına çevirməməkdən ötrü yorulmadan və mütəmadi olaraq övladlarının yaşlarına uyğun tərzdə və qorxu hissi yaratmadan söhbət aparmalı, şəxsi təhlükəsizliklə bağlı hər bir addımı təhlil və izah etməlidirlər. Deməli, valideynlərin özləri bu sahədə kifayət qədər məlumatlı olmalıdırlar.

Etiraf edək ki, hazırda heç də belə deyil.

Sosial mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması üçün müxtəlif imkanların, müvafiq şəraitin mövcud olduğu halda bu istiqamətdə heç bir irəliləyiş nəzərə çapmır. Böyüklər və azyaşlı uşaqlar üçün çoxçeşidli çap məhsulları buraxılır, amma yeniyetmələr üçün jurnallar yoxdur. Uşaq televiziya kanalı yalnız cizgi filmlərinin və əyləncəli verilişlərin yayımı ilə kifayətlənir. Uşaqların fiziki və mənəvi sağlamlığı, onların təhlükəsizliyinin təmin olunması yolları və üsulları barədə xüsusi verilişlərin hazırlanması və efir vasitəsilə təqdim edilməsi vacibdir. Etiraf edək ki, hazırda heç də belə deyil.

Məktəb psixoloqlarının üzərinə böyük məsuliyyət düşür. Onlarla mütəmadi olaraq təlimlər, treninqlər keçirilməli, psixoloqlar valideynlərlə sıx təmasda olmalı, məktəblilərin ailələrində hökm sürən abu-hava, yaşanan problemlər barədə məlumatlı olmalı, azyaşlıların bu və ya digər hadisəyə münasibətlərini proqnozlaşdırmağı bacarmalıdırlar. Məktəb psixoloqunun statusu direktor müavinin statusundan heç də aşağı səviyyədə olmamalıdır. Etiraf edək ki, hazırda heç də belə deyil.

Sual olunur: Bu cür faciənin baş verməsində günahkar kimdir?

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri

Previous articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq
Next articleKomandirin son tapşırığı: Kim istəyir, qayıtsın…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here