Home Qarabağ Bakı Zəngəzur uğrunda müharibəyə başlayır – Erməni ekspert

Bakı Zəngəzur uğrunda müharibəyə başlayır – Erməni ekspert

233
0

Zəngəzur dəhlizi məsələsini Azərbaycan mediasının daim diqqətdə saxlaması erməni siyasətçilərinin də bu mövzunu gündəmə daşıması ilə nəticələnir.

Son bir neçə gündə davam edən ardıcıl açıqlama və şərhlərdə erməni ekspertlər “dəhliz” haqda bəyanatda heç nə yazılmadığı, “Zəngəzur dəhlizi” ifadəsinin Azərbaycan mediası tərəfindən ortaya atıldığını iddia edir, media isə rəsmilərdən bu barədə ardıcıl təkziblər almağa çalışırlar. Artıq erməni rəsmilər də birmənalı olaraq “dəhlizin” müzakirə edilmədiyini bildirirlər. Belə ki, Ermənistan TŞ-nin katibi Armen Qriqoryan yalnız kommunikasiyaların açılmasının müzakirə mövzusu olduğunu deyib. Ötən gün A.Qriqoryanla paralel açıqlama verən Baş nazirin müavini, üçtərəfli İşçi Qrupundakı erməni nümayəndə Mger Qriqoryan isə ümumiyyətlə avtomobil yolunun deyil, yalnız və yalnız “SSRİ zamanı mövcud olan dəmir yolunun açılmasının müzakirə edildiyini” bildirib.

“Sputnik Ermənistan”a açıqlama verən rusiyalı ekspert Nikolay Silayev isə olduqca maraqlı məqama toxunub. O bildirib ki, 10 noyabr 2020-ci il bəyanatında “Zəngəzur dəhlizi” doğrudan da yoxdur. Belə ki, bəyanatın 9-cu bəndində deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

N.Silayev bildirib: “Əlbəttə, “Zəngəzur dəhlizi” ifadəsi Azərbaycan tərəfinin məhsuludur, bəyanatda “Zəngəzur” və “dəhliz” sözləri yoxdur. Ancaq bəyanatda bu yolun statusu da müəyyən edilməyib. Bu yol bütövlükdə Ermənistanın nəzarəti altında olacaqmı? Bəs onda Rusiya sərhədçiləri orada nə edəcək?”

Rus politoloqun bu yanaşması bir daha 6-cı bəndlə 9-cu bəndin müqayisəsini gündəmə gətirir.

Bəyanatın 6-cı bəndində göstərilir: “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır”;

9-cu bənddə: “Nəqliyyat əlaqəsi üzrə (Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol – red.) nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir”.

6-cı bənddə: “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”;

9-cu bənddə: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

6-cı bənddə: “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”;

9-cu bənddə: “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Müqayisəli təqdim etdiyimiz bəndlərin ayrı-ayrı cümlələri “dəhliz” sözü işlənməsə də, Zəngəzurdan keçən yolun Laçın dəhlizi statusunda olduğunu təsdiqləyir.

Rusiyalı politoloqlar da bu məqama görə erməni mediasının israrlı istəklərinə müsbət cavab verə bilmirlər.

Zəngəzur dəhlizi Heydər Əiyevin ideyasıdır

Politoloq Artur Atayev erməni mediasına açıqlamasında deyib ki, “Zəngəzur dəhlizi” hələ 2001-ci ildə müzakirə edilib. Onun sözlərinə görə, ikinci prezident Robert Köçəryan Mehridən keçən dəhlizə razılıq verib. Şərti isə bu olub – Mehri dəhlizi əvəzinə sülh!

Yeri gəlmişkən: Köçəryan özü 2020-ci ilin sentyabr ayındakı müsahibəsində Ki-Uestdə gedən danışıqlarda Mehri rayonundan keçən dəhlizə Azərbaycanın Qarabağdan imtinası şərti ilə razılıq verdiyi haqda nağıl danışmışdı. Guya bu barədə razılaşmalar olub, daha sonra isə Azərbaycan bu ilkin razılaşmadan imtina edib.

Köçəryan iddia etmişdi ki, əgər Azərbaycan bu şərtə razı olsaydı, Qarabağ Ermənistana birləşdiriləcəkdi.

Bu, Robert Köçəryanın növbəti yalanıdır: belə bir “ilkin razılaşmanın” olduğunu Köçəryan və onun mediası “tarixin yaddaşına” yazmağa mənasız cəhdlər edir.

2001-ci ildəki danışıqlarla bağlı doğrudan da belə bir şayiələr o vaxt mediada səsləndirilirdi. Erməni mediası o zaman yazırdı ki, Köçəryan Qarabağın 7 rayonunu boşaldır, təxminən Dağlıq Qarabağın ərazisi qədər olan Zəngəzuru Azərbaycana verir, əvəzində Laçın koridoru vasitəsilə Dağlıq Qarabağı Ermənistana birləşdirir.

Paralel olaraq hallandırılan növbəti ehtimal isə Dağlıq Qarabağa Naxçıvan qədər status verilməsi, ancaq Laçın dəhlizi əvəzinə “Mehri dəhlizi” şərti idi.

Qeyri-rəsmi olaraq hallandırılan bu variantlara görə hələ o zaman erməni ekspert və siyasətçilər Köçəryana qarşı ən sərt şəkildə etirazlar bildirirdi.

Azərbaycan mediasında isə ekspertlər ikinci variantı (birinci ehtimal ümumiyyətlə mümkün deyildi) nəzəri baxımdan o qədər də pis qiymətləndirmir və “pislərin ən yaxşısı” sayırdılar: çünki Azərbaycan Naxçıvanla birləşirdi və Türkiyəyə quru yolu təmin edilirdi, Ermənistanın İrana çıxış imkanı kəsilirdi, iqtisadi baxımdan tam Azərbaycandan asılı hala gəlirdi, məcburi köçkünlərin qayıtması ilə isə Dağlıq Qarabağın mənzərəsi dəyişirdi…

Ancaq hələ o dövrdə hər kəsə bəlliydi ki, bu “variantlar” yalnız şərti nəzəriyyə ola bilər, reallıq tamamilə fərqlidir!

Aradan uzun illər keçəndən və yaddaşlardan həmin dövrün qeyri-rəsmi informasiyaları silinəndən sonra isə Köçəryan “daha uğurlu danışıqlar apardığını” nümayiş etdirmək, 2001-ci ildəki olayları dəyişdirərək, cəmiyyətə yeni “rəsmi” yalan sırımaq və özündən qəhrəman düzəltmək istəyir.

Artur Atayev 20 il öncəki qeyri-rəsmi informasiyaları xatırladaraq, Zəngəzur dəhlizi ideyasının yeni olmadığı, bunun əsasını Heydər Əliyevin qoyduğunu bildirir:

“İndi, Azərbaycan İkinci Qarabağ müharibəsində qalib olandan sonra isə artıq bu ideyanı “heç bir əvəzi olmadan” icra etməyə girişib. Bu, həm də Ankaraya iqtisadi və hərbi-siyasi əlaqələrini genişləndirmək üçün vacibdir”.

Ekspert bildirib ki, Azərbaycan artıq Qarabağda hərbi-siyasi müharibəni qazanıb, indi isə ikinci müharibəyə başlayıb. Ancaq bu, hərbi deyil, iqtisadi savaşdır. Onun iddiasına görə, Bakı “iqtisadi savaşla” İrəvana təzyiqi artıraraq, Zəngəzur dəhlizini almaq istəyir.

Previous articleSəssizliyin Səsi Ola bilirikmi? – QHT sədri problemlərdən yazdı
Next articleXəzərdə zəlzələ oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here