Home QHT Səssizliyin Səsi Ola bilirikmi? – QHT sədri problemlərdən yazdı

Səssizliyin Səsi Ola bilirikmi? – QHT sədri problemlərdən yazdı

71
0

Cəmilə Çingizqızı“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İctimai Birliyinin sədri 
Düz on il bundan əvvəl. Bu illər ərzində çox dəyişikliklər və yeniliklər oldu. İlk öncə “Mənim Dünyam” klubu yarandı və daha sonra “Eşitmə və Nitq Məhdudiyyəti Şəxslərə Sosial Yardım” İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alındı. İctimai Birliyimiz yarandığı gündən eşitmə məhdudiyyəti olan uşaqlar və onların ailələri ilə çalışdı. 
Bir ailə olduq. Kiçik və böyük layihələr icra etdik. Gördüyümüz və görəcəyimiz işlər çoxdu. Problemlərimiz birgə həlli üçün əlimizdən gələni etdik. Təşkilatımızın nəzdində implantlı uşaqlar qrupu yaratdıq.  Qrupun nəzdində valideynlərdən ibarət könüllü daxili fond yaratdıq ki, bəzi problemlərin həllinə valideynlərin özlərinin özlərinə dəstəyi sayəsində , az da olsa problemlərini həll edək. Uşaqlarımızın səsi olduq. Dövlət və qeyri hökumət qurumlarına, rəsmi və qeyri rəsmi, səsimizi çatdırmaq üçün müraciətlər etdik. Bəzi problemlərin həllini tapdıq, bəzi məsələlər isə çox təəssüf elə problem olaraq da qalıb.  
Sevindirici haldır ki, Heydər Əliyev Fondu 2015-ci ildən ölkəmizdə eşitmə məhdudiyyətli şəxslər üçün coclear implant əməliyyatını maliyyələşdirərək həyata keçirir.  2021-ci ildə artıq ölkəmizdə min nəfərə yaxın insan dövlət hesabına implant əməliyyatı olunaraq normal həyata adaptasiya dövründədir. Eşitmə məhdudiyyətindən əziyyət çəkən şəxslərin bir qisminə isə dövlət tərəfindən eşitmə cihazı ilə təmin olunur. 

Bu əməliyyatın ölkəmizdə dövlət səviyyəsində həyata keçirilməsinə qərar verən ölkə başçımız cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya öz şəxsim və valideynlər adından təşəkkür bildiririk. Bir çox uşaqların sükut içində olan dünyaları, Sizin diqqət və qayğınız sayənizdə səsləndi. 
Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu qədər əməliyyatların və Dövlətdən bu qədər maliyyə ayrılmasına baxmayaraq bu gün bu uşaqların problemləri azalmır. Bilirsiniz niyə? Çünki burda da monopoliya (adlarını hələki çəkmək istəmədiyimiz firmalar) öz işini görür. Düzgün olmayan sistem, düzgün olmayan qaydalar və s. Bu cür xoşagəlməz hallardan əziyyət çəkən isə əməliyyat olunub daxili cihazı taxılan dünyadan bixəbər olan eşitmə məhdudiyyətli uşaq və əməliyyatdan sonra uşağın üst xarici cihazını həsrətlə gözləyən valideyn olur. Sizə qısa və sadə dildə anlaşılan bir xülasə ilə məlumat verəcəm.
İlk öncə əməliyyatdan əvvəlki etap. Dövlətə verilən implant sifarişləri düzgün seçilmir. Bu seçim uşağa görə individual yox, standart seçilir. Yox əyər individual seçimə qalanda valideyn, dövlət pulsuz adlandırdığı əməliyyat üçün səkkiz min ödəməlidir. Eləcə də eşitmə cihazları üçün verilən dövlət sifarişləri bu vəziyyətdədir. Məsələn, sanki ayaqqabı almalıyıq və bütün ayaqqabıları 36 ölçüdə sifariş edirik ki, hər kəs geyinməlidir. Əks halda pul ödəyin, Sizə uyğun olanını dövlət vermir. Sual ortaya çıxır, əyər dövlət vermirsə o zaman uşaqlara lazımsız, heç bir təsir göstərə bilməyən cihazlara niyə hər il dövlət büdcəsindən vəsait ayrılır və lazımsız cihazlara silinir və heç bir məlumatı olmayan valideyn bu cihazları bərpa mərkəzindən alıb evdə saxlayır ?  Dövlətə düzgün məlumat verilsə bu hal yaşanmaz.
Tender əsaslı əməliyyat və icraçı:  Ölkədə bu tenderi icra edən yəni. koxelyar əməliyyat üçün xaricdən implant gətirən  iki firma var. (adlarını hələ ki, qeyd etmirəm) Kim güclüdü prinsipi ya da kimin adamı var prinsipi ilə işləyir bu hələ məlum deyil. Məlum olan odur ki, koxelyar əməliyyat yüksək peşəkar həkim tərəfindən, yüksək səviyyədə həyata keçirilərək, eşitmə məhdudiyyətli şəxsə iç cihaz (prasessor) qulaq arxası əməliyyat olunaraq yerləşdirilir. 
Gəldik üst cihaza: Bu cihazı gözləmək ayrı bir mövzudur. Üst cihazı gözləyən valideynlər cana doyaraq bizim cəmiyyətə üz tutur. Kimə desinlər bu problemi?! Tenderi icra edən firma hər söz, bəhanələr ilə valideynləri başdan edir. Şəxsən mənə maraqlıdır, bu implanta Dövlət full komplekt üçün küllü miqdarda vəsait ayırır və bu full komplektin içinə daxil olan iç prasessor, çöl aparat, qrutma aparatı, tablet, adaptor, şunurlar və s. bilmədiyimiz daha nələr bir qutuda gəlmir?! Əməliyyat olan uşaqlar niyə aylarla üst cihazı gözləyir?! Niyə bu hissələr bir qutuda deyil də pərakəndə şəkildə Azərbaycana daxil olur?

Sonrakı etap. İmplant əməliyyatı oldu və bu uşaqların problemləri bitdi deyiləcək bir anlam yoxdu.  Hər şey İmplant əməliyyatından sonra baş verir. İlk etapda cihazin 5 dəfə ayarı. Bu ayarın üçünü Dövlət öz hesabına, digər ikisi və daha artığı isə hər ayar üçün 255 (iki yüz əlli beş) manatdan valideyni öz hesabına ödəməlidir. Bu ayarı da tenderi undan firma edir. O da ki, bu firmanın kefi istəyəndə . Valideynlər şikayəti: “Çox mərhələlərdən keçərək uşağımız əməliyyat oldu, aylarla üst cihaz taxılmağını gözlədik nəhayət taxıldı,  indi də ayar gözləyirik düz 4 aydır” Ayar edən mütəxəssis Azərbaycanda  yoxdu. Niyə yoxdu? İmplant əməliyyatı başlayan dövrdə niyə düşünülmürdü ki, implant olduqdan sonra bunun ayarını kim edəcək?! Bəlkə elə tez tələsik uşaqları əməliyyat edib , valideyinləri böyük maliyyə yükünün altına qoymaqdansa, ilk ayar üçün mütəxəssislərin təcrübə almaqlarından başlamaq lazım idi. Gürcüstanda 30 manata olunan ayar burda 255 manat.
Sonra reabilitasiya – loqoped, psixoloq. Bu xidmət ortalama hesabla yarım saatı, ən azı 15 manatdan (həftədə 3 dəfə 180 manat) hesablanır. Hələ üstəlik də psixoloq xidməti, bu artıq paketlə hesablanaraq , aylıq 300-400 manata yaxın pul edir. Bunun da üç ayını dövlət öz hesabına edir.  Loqoped xidməti də 3 ayla bitmir. Cihaz taxan uşaqların reabilitasiyası nəyin ki, aylar hətta illər tələb edir. Bu uşaqlar üçün uzun illər dövlət hesabına loqoped, psixoloq xidməti olmalıdır. 
  Daha sonra cihazların sıradan çıxma dövrü. Amanın bir günüdür cihaz xarab olmasın. Cihazın hissələri od bahasına. Akkumulyatorla işləyən cihazın akkumulyatoru 850 manat, şunuru, qurutma aparatı, tableti, batareyası, mikrofonu və s. Bir gün cihaz işləmədi uşaq bütün ətraf səslərdən məhrumdur. Məsələn, elə zənn edin ki, qulağınızda probka var eşitmirsiz. Dünya səslərindən məhrum qalmısız. Onların reabilitasiyasından tutmuş, cihazın hissələrinə qədər hər bir xidmət çox bahadır. Dövlət sifarişinə salınmış eşitmə cihazlarının verilməsi qanununda bir boşluq var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020 ci il 18 dekabr tarixli 501 nömrəli qərarına əsasən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitəliləri ilə təmin edilməsi Şərtləri və Qaydası” na eşitmə məhdudiyyətli uşaqların yalnız eşitmə aparatı ilə təmin edilməsi yox, Koxlear implant əməliyyatı olunmuş uşaqların cihazının hissələrinin yenisinin verilməsi və üst cihazın müddətli şəkildə dövlət proqramına əsasən yenisi ilə əvəzlənməsi sözlərini 501 ci qərara daxil edilməsi çox vacib bir məsələdir.
Dövlət eşitmə məhdudiyyəti olan şəxslərin coclear əməliyyatı və eşitmə cihazlarının alınmasını, üç ayar və üç ay loqoped xidmətini öz üzərinə götürüb. Bu sistemin qurulmasını öz üzərinə götürən Nazirlik, Agentlik, müəssisə, xəstəxana və s. bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Bu cihazın ayar xərclərini, bu uşaqların ən azı bir il reablitasiyası xərclərini də nəzərə alaraq, dövlətə düzgün məlumat verin.

Uşaqların taleyi ilə oynamaq olmaz. Bu ildən  artıq bu əməliyyatların maliyyələşməsi İcbari Tibbi Sığorta Agentliyinə verilib. Bu çox gözəl bir təşəbbüsdür. Lakin unutmaq olmaz  hər bir şəxsin seçim hüququ var. Hər bir şəxsə individual yanaşma olmalıdır. Eyni cür eşitmə cihazı və ya eyni cür coclear implant  sifariş etmək qətiyyən olmaz və növbəli şəkildə eşitmə məhdudiyyətli uşaqları pulsuz əməliyyat etmək adıyla kütləvi şəkildə eşitmə məhdudiyyəti olan şəxsləri əməliyyat etmək bu düzgün yanaşma deyil. Bu əməliyyat tək kiçik yaşlı uşaqlara şamil olunmur. O üzdən hər bir yaş kateqoriyasına uyğun, hər bir eşitmə azlığına uyğun eşitmə cihazı seçilməlidir. Bunu mütəxəssislər çox yaxşı bilir. Sadəcə övladında bu problemi olmayan tender icra edənlər, özlərinə sərf edən məqamları daha yaxşı bilir və bunu dövlət qurumlarında elə qələmə verirlər ki, məsələ bu yerə gəlib çıxır. Sonda onu da qeyd edim ki, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri və eşitmə məhdudiyyəti olan gəncin anası kimi Sizdən xahiş edirəm “Biz olmayan yerdə, bizim hüquqlarımızı müdafiə etməyin!”Ardı var …

Previous articlePaşinyan: Müharibəyə iki gün qalmış məlumat ələ keçirdik ki…
Next articleBakı Zəngəzur uğrunda müharibəyə başlayır – Erməni ekspert

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here