Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

52
0

Babayev Mustafa Elman oğlu 4 Noyabr 2000-ci ildə Ağstafa rayon Yenigün kəndində anadan olmuşdur. Mustafa 2007-ci ildə Elçin Mustafayev adına Yenigün kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.Məktəbdə musiqi dərsinə həvəsi olduğundan Ağstafa rayonunda musiqi məktəbinə yazılmışdır.Daha sonra 2011-ci ildə ailəsiylə birgə Bakı şəhərinə köçmüş,5-ci sinifdən Abşeron rayon Xırdalan şəhər 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir.Məktəb illərində idmana böyük maraq göstərib.Futbolu yaxşı oynadığından özəl bir futbol klubuna üzv olmuş,dəfələrlə futbol yarışlarında iştirak etmişdir.
Mustafa Orta məktəbi bitirdikdən sonra , 2018-ci il 7 Yanvarda həqiqi hərbi xidmətə başlamışdır.Tərtər rayonunda N saylı hərbi hissədə nümunəvi əsgər kimi xidmətinə davam etmişdir.Xidmət zamanı əsgərlərin və komandirinin hörmətini qazanmışdır.Nümunəvi əsgər olduğu üçün komandiri onu qiymətləndirərək 2-ci dəfə məzuniyyət vermişdir.Mustafa əsl vətənpərvər idi.Türk olmasıyla qürurlanırdı hər zaman.Bozqurd sevdalısı idi Mustafa. Bunu şəkillərinə baxdıqda da görmək olar.O, həmişə söhbətlərində Mübariz İbrahimovdan danışardı.Mübarizi özünə ideal seçmiş,onunla fəxr edirdi.Əsgərlikdə olanda da Mübariz kimi şəkillər çəkdirirdi.Mübarizə həsr olunmuş şeirlər,musiqilər dilinin əzbəri idi.
Babayev Mustafa 2020-ci ilin iyul ayında Tərtər rayon N saylı hərbi hissədən tərxis olmuşdur.Hərbi xidmətdən gəldikdən bir neçə gün sonra Tovuz döyüşləri baş verdi.Bildiyimiz kimi, bu döyüşlərdə bir çox şəhidlərimiz oldu.General Polad Həşimovun şəhadəti Mustafaya çox pis təsir etdi.Bununla barışa bilmirdi.Qisas arzulayırdı.Dua edirdi ki,Aprel döyüşləri kimi olmasın,müharibə davam etsin,irəli gedək,qisasımızı alaq,işğal altda olan torpaqlarımızı azad edək.Sanki Allah Mustafanın səsini əşitdi,duasını qəbul etdi. 2 ay sonra 27 Sentyabrda Vətən Müharibəsi başladı.Mustafa Bakı şəhərində yaşasa da, Ağstafada qeydiyyatda idi. Qismən Səfərbərlik elan olunanda Mustafaya da çağırış gəldi.Anası Mustafaya çağırış gəldiyini deyəndə, O, “Üzülmə,başını dik tutarsan,bax belə (özü göstərir yerişi)qürurla gəzərsən,Şəhid anası olacaqsan”-demişdi.Həmin gün Bakıdan Ağstafaya yola düşdü.Ağstafada Hərbi komissarlığa gedəndə növbəti çağırışı gözləməyini söyləyiblər Mustafaya.Tam bir gün hərbi komissarlığın qarşısında növbəsinin gəlməsini gözləyib.Rayonda dost -tanış evə gəl evdə gözlə,gedək yemek ye,dese de Mustafa dinləməyib heçkimi. Döyüşə getməkçün çox can atırdı.Mustafa “Mən 1 il 6 ay hərbi xidmət keçmişəm,vətənimin əsl indi mənə ehtiyacı var və gedib Mübariz İbrahimovun,Polad Həşimovun qısasını alıb,torpaqlarımızın azadlığı uğrunda layiqincə döyüşəcəyəm.”-demişdi.29 Sentyabr tarixində Mustafa döyüşə yola düşür.
Mustafa döyüş yoldaşları ilə birgə bir neçə gün Şəmkir dağlarında ağır dağ təlimləri keçir.Təlimin bir an öncə bitməsini və müharibədə iştirak etməsini səbrsizliklə gözləyirdi.Təlim bitdikdən sonra Füzuli də Mahmudlu kəndinə gedirlər.Bu zaman Füzulinin bəzi kəndləri işğaldan azad edilmiş,bəziləri isə hələ də işğalda idi.Mustafagil burada 5-6 gün məktəbdə gecələyiblər.Sonra daha da irəli gediblər.Torpaqları azad etdikcə, burada özlərinə səngər qazıblar.Noyabrin 5-i gecə Mustafagilə Şuşaya getmək əmri verilir. 6 Noyabrda səhər saat 05:05-də Şuşanın Daşaltı kəndinə çatırlar.Burada qızğın döyüşə daxil olurlar.Artilleriya dəhşətli dərəcədə zərbələr endirir,hava tutqun,göz-gözü görmür.Hər yer qayalıq,yüksəklik.Bir yüksəkliyə qalxırlar. Burada yol ayrılır sağa və sola.Bir qrup sağ tərəfə, bir qrup isə sol tərəfə doğru irəliləyir. Sol tərəfə gedən qrup-53 nəfər dumanda pusquya düşür, yaralananlar olur.Gecə burada bir kənddə işiq elektrik stansiyasında qalıblar.Sonra Meşəylə hərəkət zamanı dəhşətli atəşə məruz qalırlar.Hər tərəfdən artilleriya zərbələr vururdu.8 Noyabr Səhər saat 8 radələrində daha da irəli getmək,Xankəndi istiqamətində hərəkət etmək əmri gəlir.Bölük komandiriylə birgə meşədən çıxıb asfalt yolla irəli gedirlər.Gəncədən gedən I Tabor bütün şəxsi heyətlə döyüşdə idi.Bu yolun sağında tabor ilk şəhidini verir.İrəlidə yolun ortasına minaatanla atəş açılır, ermənilər məhv olur.Ətraf erməni meyidləri ilə,onlardan qalan silah-sursatla,yanan maşınlarla dolu idi.Mustafa taboruyla hardasa 7-8 km yol qət etdikdən sonra (ermənicə Stepanakert) Xankəndi yazılmış lövhənin yanına çatırlar.Burada 1 saatdan çox dəhşətli döyüş olur.Mustafa bu döyüşdə öncə ayağından yaralanır.Sonra döyüş yoldaşlarının da köməyi ilə ilkin yardım göstərildikdən sonra yaralı halda döyüşməyə davam edir.Sonra düşmənin bir minaatandan açılan atəşi ilə Mustafa şəhadət şərbətini içir, şəhidlik zirvəsinə ucalır.
Müharibə vaxtı arada imkan olduqca Mustafa ailəsi ilə telefonla elaqe saxlayırdı.Torpaqlarımızın azad olunması hamımız kimi Mustafanı da sevindirir, həvəsləndirirdi,coşdururdu.Müharibə günlərindən 4 Noyabr günü Mustafanın doğum günü idi. 20 yaşı müharibədə oldu… Həmin gün də ailəsiylə telefonda danışır.Səhəri gün 5 Noyabrda yenidən evə zəng edir. ”Füzulidəyəm,azad olunmuş torpaqlardayıq , özünüzə yaxşı baxın” – deyir.Anasından gizlədərək bacılarına Şuşaya gedəcəyini deyib,sağollaşır…Demək olar hər gün əlaqə saxlayırdı Mustafa ailəsi ilə.Ailəsi 1 həftə Mustafadan xəbər ala bilmir . 12 Noyabrda Mustafanın son dəfə zəng elədiyini telefon nömrəsinə zəng edirlər. Döyüş yoldaşı,yaralı olduğunu, Mustafadan xəbəri olmadığını deyir.O andan əlaqə yaratmağa çalışırlar,axtarırlar.5 gün axtarışdan sonra 16 Noyabrda Mustafanın Şəhid olması xəbərini gəlir ailəsinə.Bəli,Mustafa şəhid oldu Qarabağ uğrunda.
Şəhid Babayev Mustafa Elman oğlu 17 Noyabr tarixində Ağstafa rayonunun Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Mustafa Füzuli , Şuşa uğrunda qəhrəmancasına döyüşmüş, Xankəndində 8 Noyabrda Şəhidlik zirvəsinə ucalmışdır.Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Babayev Mustafa Elman oğlu “Vətən uğrunda” medalı ilə,Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanmasında fərqlənməsinə görə “Cəsur döyüşçü” medalı ilə və Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
20 yaşlı Şəhid Babayev Mustafa Elman oğlu subay, ailənin son beşiyi, 3 bacının 1 qardaşı-evin tək oğlu idi…
Vətən sağ olsun…

Previous articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq
Next articleArtıq Bakı və İrəvan üz-üzə danışır – Marçilyano

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here