Home Qarabağ Bakının sürətli qələbəsinə kim inanırdı? – Beynəlxalq ekspertlər

Bakının sürətli qələbəsinə kim inanırdı? – Beynəlxalq ekspertlər

250
0

Sosialxəbər.az bildirir ki, 44 günlük müharibənin ildönümü ilə bağlı müxtəlif ölkələrdən olan mütəxəssislərin Axar.az-a rəylərini təqdim edirik:

ABŞ-ın Qulf Dövlət Analitik Mərkəzinin baş məsləhətçisi doktor Teodor Karasik:

“Ermənistan Azərbaycan savaşının başlaması sürpriz deyildi, çünki region tarixi qarşıdurmanın baş verəcəyini diktə edirdi. Qlobal patogen və bir çox bölgə ölkələrinin geostrateji və taktiki hərəkətlərini nəzərə alsaq, bu, yalnız bir zaman məsələsi idi. Müharibənin başlamasından bir neçə ay əvvəl Ermənistan tərəfindən bəzi boru kəmərləri və digər fəaliyyətləri əhatə edən hərəkətlilik olduğu zaman savaşın əlamətləri sezilirdi. Azərbaycanın Türkiyə və bir neçə başqa ölkədən arsenalına daxil etdiyi pilotsuz uçuş aparatlarına Ermənistanın adi silahlarla uzun müddət tab gətirə bilməyəcəyi, müharibənin qısa olacağı isə aydın idi”.

Misir Mülki Aviasiya Nazirliyinin nümayəndəsi, ekspert Abdullah Abdalrazik İmran:

“27 sentyabr 2020-ci ildə mediada Qarabağ bölgəsində birdən-birə müharibənin başladığı xəbərini görmək biz misirliləri təəccübləndirdi.

Misir xalqının böyük əksəriyyəti müxtəlif səbəblərdən bu müharibədə Azərbaycanı dəstəkləyirdi. Birincisi, İslam Əməkdaşlıq Təşkilatının bir üzvü olduğuna görə, ikincisi isə 1967-ci ildə Misir Sinay yarımadası işğal edildikdə eyni vəziyyətə düşmüşdü və buna görə də onu azad etmək üçün 1973-cü ildə müharibəyə başlamalı olmuşdu. Yəni bu ssenari bizə tanış idi. Müharibənin əvvəlində döyüşlərin nəticəsi aydın deyildi, lakin əməliyyatlar davam etdikcə Azərbaycan Ordusunun üstünlüyə malik olduğu və düşmənini darmadağın etdiyi aydın oldu. Müharibənin yalnız 44 gün davam edəcəyini gözləmirdim, düşünürdüm ki, ruslar Ermənistana ən müasir silahlarla dəstək verməyi qərara alsa, müharibə uzun sürə bilər, amma Azərbaycan uğurlu bir hərbi əməliyyat keçirdi – Şuşanı azad edərək ərazi bütövlüyünü təmin etdi. Bu səbəbdən Türkiyənin bu müharibədə bütün vasitələrlə, xüsusən də siyasi baxımdan Azərbaycana yardımı böyük rol oynadı”.

Gürcü ekspert Gela Vasadze:

“Həmin dönəmdə hərbi əməliyyatların start götürəcəyindən, müharibənin başlayacağından əmin idim. Lakin məni bir sual maraqlandırırdı: Rəsmi Mosvka buna necə reaksiya verəcək? Çünki qalan hər şeyi tərəflərin güclərinin müqayisəsindən hesablamaq mümkün idi, amma Moskvanın reaksiyasının nə olacağı sual olaraq qalırdı. Azərbaycandakı həmkarlarımdan da soruşduğum bu idi.

Azərbaycan illərlə kadrların hazırlanmasına, hərbi donanmasının gücləndirilməsinə xeyli resurs ayırmışdı, diplomatik korpusunu gücləndirmişdi – yəni Azərbaycan müharibəyə tam hazır idi. Prosesləri yaxından izləyən hər kəs müharibənin başlayacağını bilirdi, digərləri üçün isə bu böyük sürpriz oldu. İkinci maraqlı məqam ondan ibarətdir ki, 27 sentyabr tarixində savaş başlayarkən heç kim müharibənin məhz bu cür sonlayacağını təxmin edə bilməzdi”.

Ukraynalı ekspert Rinat Kovbasyuk:

“Gözləntlərim tamamilə özünü doğrultdu. Çünki 2020-ci ilin yayında Azərbaycan saytlarından birində Azərbaycanın qeyd-şərtsiz qələbəsini proqnozlaşdırdığım iki məqaləm dərc olundu. Buna görə İkinci Qarabağ müharibəsinin başlaması şəxsən mənim üçün sürprizdən daha çox baş verməsinin sadəcə zaman məsələsi olduğu qanunauyğunluq idi. Hər şey əslində müharibəyə doğru gedirdi: Bakı yaxşı silahlandı, əvvəlki hərbi uğursuzluqlardan lazımi nəticələr çıxarıb yaxşı bir vaxt və etibarlı bir müttəfiq seçərək, ərazilərini işğaldan azad etdi. Buna görə, əvvəllər olduğu kimi, heç bir sülh danışıqlarının nəticə verməyəcəyi, problemin yalnız hərbi yolla həll ediləcəyi aydın idi”.

Avstriyalı hərbi ekspert Tom Kuper:

“Müharibənin ilk günlərində, əvvəlki illərdə olduğu kimi, atəşkəs xətti boyunca qarşıdurmanın baş verəcəyi və tezliklə sonlanacağı təəssüratı yarandı. Nə müharibə gözləyirdim, nə də 44 gün davam edəcəyini. Əksinə, bir neçə gün davam edəcək başqa bir toqquşma seriyası gözləyirdim… Amma fərqli bir müharibə oldu. Şübhəsiz ki, Azərbaycan erməni silahlı qüvvələrini məhv etdi və Şuşanı azad etdi, amma Dağlıq Qarabağın bütün ərazisini geri qaytarmadı. Xarici qüvvələrin – rusların Azərbaycan ərazisində olduğunu və Qarabağın tam Azərbaycan Ordusunun nəzarətinə keçmədiyini nəzərə alsaq, müharibə tam bitməyib, məncə. Bu vəziyyətdə hər zaman yeni toqquşma təhlükəsi mövcuddur”.

Türk hərbi ekspert Həsən Məsud Öndər:

“Ermənilərin etdiyi ilk hücumdan və Azərbaycan tərəfindən bir general şəhid olduqdan sonra genişmiqyaslı müharibənin başlayacağını proqnozlaşdırırdım. Müharibə zamanı mənə verilən suallara cavabım belə idi: Azərbaycan bütün Qarabağı azad etməyənə qədər bu müharibə bitməyəcək. Elə də oldu”.

Previous articleNeft 80 dolları keçdi
Next articleAzərbaycanda ictimai birliyin rəhbəri koronavirusdan öldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here