Home Qarabağ Yadınızdadır? Savaşdan cəmi bircə həftə əvvəl…

Yadınızdadır? Savaşdan cəmi bircə həftə əvvəl…

237
0

19 sentyabr 2020-ci il. Həyatımızı dəyişdirən 27 sentyabrdan az əvvəliydi. Müharibənin astanasındaydıq…

Və mən sosial şəbəkə hesabımda bu statusu yazmışdım: “Sevinci necə təsəvvür edirsiniz? Duyğudan danışıram, sevinmək duyğusundan. Mənim nəzərimdə o İşıq zərrələri kimidir, gördüyümüz, bildiyimiz işıq. Qaranlıqları aydınladan rəng, rəngarənglik. Hə, bir də səsdir sevinc. Gələr, gedər. Gələr, qalar. Gedər, gəlməz…

Amma indi, məhz indi gəlir. Mən onun addım səslərini eşidirəm…

Yox, fərdi hisslərdən danışmıram. Bu yazdıqlarımda şəxsi heç nə yoxdur. Hamımıza aid Sevincdən danışıram. Hamımızın gözlədiklərimizdən… Gözləntilərimizdən… Arzularımızdan… Nəfəs kəsən xoşbəxtlikdən… Xəyal etdiyimiz bəxtəvərlikdən… Cəngavərlikdən, igidlikdən…

Qarabağdan danışıram… Şuşadan… Cıdır düzündəki çiçəklərin, otların qoxusunu, ətrini hiss edirəm…

Qələbə yağmur kimi yağacaq bu ölkəyə. Bu ölkə bütövləşərək Vətən olacaq. Xoş gəlirsən, Vətən…”

Hansı ölkələrin, xalqların həyatında, tarixində belə olub? Savaşı məhz sevinc kimi təsəvvür etmək, qarşılamaq, yaşamaq?.. Varsa da, az saydadır yəqin ki! Biz düz 1 il əvvəl müharibəni alnımızın ağı ilə başlayıb qanımızın qırmızısı ilə suvararaq Qələbə ilə başa vurduq. Heç bir zaman yaşamadığımız 44 möhtəşəm gün yaşadıq.

44 Möhtəşəm Gün!!!

Nə gözəl günlər idi! Həyatımız boyu heç vaxt o 44 gündəki qədər toparlanmamış, birləşməmiş, millət olmamışdıq. Heç vaxt, ən azı son 30 ildə o qədər sevinməmiş, fərəhlənməmiş, qürurlanmamışdıq.

Harda görünmüşdü ki, gənclər Müdafiə Nazirliyindən onları müharibəyə, ön cəbhəyə göndərmədiyi üçün küssün, gileylənsin! Harda görünmüşdü ki, könüllü cəbhəyə yazılan və həsrətlə çağırış gözləyən gənclərdən birinə “Gəl” zəngi gələndə fərəhindən yerə-göyə sığmayıb atılıb-düşsün, oynasın və onun yanındakı dostları bu zəngin özlərinə gəlmədiyinə görə təəssüflənsinlər!

Harda görünmüşdü ki, analar balalarını gülə-gülə, sevinə-sevinə odun-alovun içinə yola salsın…

İlahi, şəhid verirdik, doğmalarımız, ciyərparalarımız həyatını itirirdi, yaralanırdı, sağlamlığını itirirdi, amma heç kim, heç kim müharibənin dayanmasını istəmirdi. Gecə yarısı Gəncəyə, dinc əhaliyə namərd hücumdan sağ çıxan və doğmalarını itirən Ata da, şəhid oğlunun nəşini qarşılayan Ana da “Təki Ordumuz dayanmasın” deyirdi. Millət olaraq dirilirdik, qürurumuz, şərəfimiz, heysiyyətimiz dirilirdi.

Nə qəribə mücadiləydi, ya Rəbb, nə gözəl müharibəydi…

Heç vaxt olmadığı qədər, intizarla cəbhədən zəfər xəbərlərini gözləyirdik. Hələ VPN axtarışlarımız, tanış MAXE informasiyaları və əlbəttə ki, Ali Baş Komandanın tvitləri.

İlham Əliyevin tvitləri Qələbə xəbərlərinin möhürləri idi – aldığımız, gözlədiyimiz, umduğumuz və hətta gözləmədiyimiz, ağlımıza gəlməyən şad xəbərlərə Mübarək Tvitlər möhür vurur, Zəfərləşdirir, Tarixləşdirir, milləti böyütdükcə böyüdür, ruhlandıqca ruhlandırırdı…

Hər dəqiqə, hər saat, hər saniyə Prezidentin TV müraciətlərini gözləyirdik. Hər müraciət, hər xəbər bir zəfər müjdəsiydi.

İlahi, harda görünüb ki, savaş xəbərləri də toy-bayram xəbəri kimi qarşılansın. Harada eşidilib ki, ölkənin Prezidenti, Ordunun Ali Baş Komandanı sənə ən doğmandan daha doğma olsun?!

Möcüzəvi və heyrətamiz idi; normal vaxtların radikal müxalifətçisi də Ali Baş Komandana sevgi və sayğı ifadə etməkdən çəkinmirdi. Yəqin ki, Prezident İlham Əliyev təkcə Orduya yox, həm də insanların sevgisinə güvənib, arxalanıb düşmənin üzərinə bu qədər qətiyyətlə gedirdi. Sevgi də silahdır, gücdür, ordudur çünki…

Biz indi o günlər üçün – Anım Günü kimi qeyd etdiyimiz 27 sentyabrda başlamış o möhtəşəm 44 gün üçün çox darıxırıq. Prezidentimizin müraciətləri, tvitləri üçün çox darıxırıq. O 44 gündə sosial şəbəkələrdəki duzlu-məzəli zarafatlar üçün çox darıxırıq. Bir gözümüz Şəhidlərimiz üçün ağlayırdı, bir gözümüz Qələbə üçün gülürdü.

Heç yadımdan çıxmaz, cəbhədən zəfər xəbəri almışdıq, amma rəsmi təsdiq edilməmişdi deyə, son dərəcə nigaran idik. Hər kəs öz nigaranlığını, narahatlığını sosial şəbəkələrdə bir cür ifadə edir, hamı səbirsizliklə Tvit gözləyirdi. O vaxt bir nəfər Mehriban Əliyevanın statusuna belə bir şərh yazmışdı: “Mehriban xanım, əgər Prezident evdədirsə, soruşun da, bu gün TVİT olacaq?”

Və yaxud Cəbrayıl rayonunun kəndləri ilə bağlı lətifəvari müzakirələr necə fərəhliydi. Demək olar, cəbhədən gələn hər xəbərdə Cəbrayılın da işğaldan azad edilən bir neçə kəndinin adı çəkilir və bu, hər gün təkrarlandıqca Feysbuk istifadəçiləri yazırdılar ki, Cəbrayılın kəndləri tamamilə işğaldan azad olunanda Qarabağda işğal da bitəcək…

Az qala hər siyahıda bir Əbdülrəhmanlı kəndi vardı…

Az qala hər gün bir kəndə, ya bir şəhərə üçrəngli bayrağımız sancılırdı…

Yəqin ki, heç bir ölkənin, xalqın tarixində, taleyində o da olmayıb ki, müharibənin bitməsinə təəssüflənəsən. Bir göz qırpımında ötüb keçdi 44 günlük təntənə. Və Allah da şahiddir ki, biz istəmirdik savaş bitsin. Ölümə də, kəfənə də hazır idik. Azərbaycanın bütövləşməsi üçün, Şuşa üçün, Qarabağ üçün ölüm nədir ki! Bəlkə də Azərbaycan Azərbaycan olalı bu nəhənglikdə sevgi görməmişdi. Məhz həmişəkindən daha çox, daha şiddətlə, mərd-mərdanə sevilirdi bu Vətən. Bu sevgi son 250 illik tariximizin ən uca sevgisiydi. Məgər biz 30 illik işğal dönəmində necə acmışdıq Vətənə, Sevgiyə, Qovuşmağa. Şükür qovuşdurana.

İndi düşünürəm, bizim nə qədər minnət borcumuz var Qələbə hissini, Qürur hissini, Sevgi hissini bizə yaşadanlara. Öncə Tanrıya, sonra Kainata, sonra bütün dostlara, bu savaşda bizə dəstək olanlara və neytral qalanlara, mane olmayanlara. Qələbə üçün dua edənlərə… Hər kəsə… Hər şeyə…

Bizim Analara nə qədər minnət və təşəkkür borcumuz var. O qəhrəman oğulları doğan analara, o igidləri böyüdən atalara bir ömürlük borcluyuq. Qəhrəman Şəhidlərimizin bütün yadigarlarının başımız-gözümüz üstdə yeri var.

Qəhrəman Qazilərimizə sonsuzadək minnətdarıq. Sağlamlığını Vətənə qurban verən hər kəsə təşəkkürümüz tükənməzdir! Ordumuz var olsun! Gücü, qüvvəti, şücaəti baş tacımızdır.

Ali Baş Komandanımıza nə qədər minnətdarıq! Bu, miqyasagəlməz bir hissdir. İlham Əliyev artıq bizim üçün sadəcə Prezident və Ali Baş Komandan deyil, Vətəndir, Bayraqdır, Ordudur; Şuşadır, Murovdur.

İlahi, biz nə qədər arzulayırmışıq, istəyirmişik Şuşanın azadlığını. Məgərsə Prezident İlham Əliyev bizim hamımızdan, hər birimizdən daha çox istəyib, sevib Şuşanı. Onun “Şuşa, sən azadsan” xitabı sanki Qələbəmizin himnidir. “Şuşa olmazsa, olmaz” qətiyyəti Zəfərimizin möhürüdür. Adam bəzən özünü şirin yuxuda hiss edir, amma şükür ki, yuxu deyil, həqiqətdir. Şuşa azaddır, Qarabağ azaddır. Biz Şuşanı, Ağdamı ziyarət edirik. Kəlbəcər üçün xəyallar qururuq. Dünyada bundan böyük səadət, şövq ola bilərmi? Sanki biz 30 il yaşamamışıq, nəfəs almamışıq. Prezident İlham Əliyev Qarabağı, Şuşanı qaytarmaqla bizi də həyata qaytardı, bizə nəfəs verdi…

Xarıbülbül festivalı keçirilərkən Şuşada, Cıdır düzündə Prezident İlham Əliyevə elə belə də dedim: “Cənab Prezident, siz heç bilirsiniz nə etmisiniz?! Siz bizi həyata qaytarmısınız, Siz bizə nəfəs vermisiniz…”

İndi isə… Qarabağı həyata qaytarır o. 44 günün tamamında gördük ki, işğaldan azad olunan ərazilərimizdə şəhər, kənd, qəsəbə, ev, yuva, qəbir, ağac, çiçək, işıq… yoxdur. Dağıdıblar, vəhçicəsinə, barbarcasına darmadağın ediblər. Hətta ağaclarımızı da yandırıblar. İndi o, yenidən Qarabağ yaradır, Yeni Qarabağ doğulur! Yenidən qurur, tikir Şuşanı, Ağdamı, Füzulini, Kəlbəcəri, Laçını, Qubadlını, Cəbrayılı, Zəngilanı.

Möcüzə kimi, nağıl kimi gözəl, əfsanəvi, tarixi günlər yaşayırıq. Həyatımız, taleyimiz, arzularımız, xəyallarımız dəyişib. Özümüz dəyişmişik. Gözəlləşmişik.

Bu dəyişikliləri bircə kəlmə ilə belə ifadə edə bilərəm: Xoşbəxtlik…

Anım Günü səssiz olur, sükut olur, xatirələri anırıq.

Ancaq bu Anım Gününü bizə bəxş edənlər bizi xoşbəxt, özlərini isə ƏBƏDİ ediblər.

Onların xatirəsi də, özləri də diridir; onlar yanımızdadır, bizimlədir – görməsək də, bir nəfəs qədər yaxındırlar bizə, Vətənə!

Əbədiliyiniz Mübarək, əziz Şəhidlərimiz!

Previous article44 günlük savaşda Rusiya sübut etdi ki… – Perenciyev
Next articleTəzə Pir məscidində şəhidlərimizin ruhuna dualar oxunur – CANLI YAYIM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here