Home Qarabağ Nikol 3 məsələni açıqladı: “həlledici toqquşmaya” hazırlaşır?

Nikol 3 məsələni açıqladı: “həlledici toqquşmaya” hazırlaşır?

280
0

Nikol Paşinyan hökumətin 2021-2026-cı il üzrə proqramını təqdim edərkən, üç məsələyə toxundu:

– İrəvan Azərbaycanla sərhəddə ordunu geri çəkməyə və bölgəyə sərhədçiləri yerləşdirməyə hazırlaşır. Və qeyd edir ki, bu, Ermənistanın dinc regional gündəmi təşviq etmək istəyini sübut edir;

– Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdırlar;

– Minsk Qrupu formatında sülh danışıqları prosesini bərpa etməyə hazırdırlar.

Birinci fikir Ermənistanın “sülhpərvər” mövqeyini göstərməyə hesablanıb və bunu açıq şəkildə bildirir də. Xüsusilə İlham Əliyevin Kəlbəcər səfərində sərhəd məsələsi ilə bağlı qəti və sərt mövqeyi fonunda Nikolun “sülh göyərçini” olmaq istəyinin hədəfi məlumdur. Hərçənd, bu açıqlama iki kontekstdə diqqət çəkir.

Birincisi: Azərbaycanla sərhəddə əvvəlcə “beynəlxalq müşahidəçiləri”, daha sonra Rusiya hərbçilərini gətirmək istəyən Paşinyan indi erməni sərhədçilərin yerləşməsindən danışır;

İkincisi: bu açıqlamanı kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun Moskvada görüşə yenidən başlanmasından dərhal sonra verir.

Bu mənzərə sərhədin delimitasiyası ilə bağlı prosesin getdiyi və Ermənistanın daxili ictimaiyyətə yönələn sərt ritorikasına rəğmən, razılaşdığı, yaxud buna məcbur olduğu ehtimalını önə çıxarır: ordunu geri çəkir və rus hərbçilərini gətirə bilmədiyi bölgəyə öz sərhədçilərini yerləşdirirsə, delimitasiya prosesindən sonrakı dövrə hazırlıq getdiyini deyə bilərik. Üçtərəfli qrupun Ermənistan tərəfindən məhz sərhəd məsələsinə görə birtərəfli qaydada dayandırılan fəaliyyətinin bərpa edilməsi də bu ehtimalı gücləndirir, çünki sərhəd məsələsi həll edilmədən, kommunikasiyanın açılması mümkünsüzdür.

Və Nikol Türkiyəyə müsbət siqnallar ötürməklə, ölkəsini blokadadan çıxarmaq niyyətindədir.

Bu kontekstdə Əliyevin sərhəd probleminin yaşandığı Kəlbəcərə üçtərəfli işçi qrupunun Moskva görüşündən öncə səfər etməsi və sərhədlə bağlı qəti mövqe sərgiləməsi diqqət çəkir: Bakı bütün tərəflərə geri çəkilməyəcəyinin, lazım olacağı təqdirdə, daha sərt tədbirlərə əl atacağının mesajını verdi.

O da istisna deyil ki, Paşinyan hakimiyyəti delimitasiyası prosesindən öncə sərhəddə sonuncu və həlledici toqquşmaya getsin, bu, xüsusilə atacağı addımlara haqq qazandırmaq baxımından lazım ola bilər.

Lakin “Minsk qrupu formatında sülh danışıqları prosesini bərpa etmək” mövqeyi burada ziddiyyət təşkil edir. Ermənistan sərhədin delimitasiyası prosesinə razıdırsa, o zaman Qarabağla bağlı hansı yeni danışıqlardan söhbət gedə bilər? Çünki Nikol da anlayır ki, sərhəd məsələsinin yekunlaşması sərhəd müqaviləsinin imzalanmasına yol açır və bu, ikitərəfli qaydada dövlət sərhədinin tanınması və İrəvanın Qarabağdan de-yure imtina etməsi deməkdir. Bunu iki ehtimal üzərindən dəyərləndirmək mümkündür:

1. Paşinyan kommunikasiyanın bərpası üçün sərhədin delimitasiyası prosesinin getdiyi vaxt Minsk Qrupunun “dirildilməsi”nə çalışır və ən azından Qərbin diqqətini Qarabağa yönəldir: Qarabağ məsələsi Ermənistan üçün həm də sərhəd danışıqlarında əlini gücləndirmək baxımından kart ola bilər;

2. Bu açıqlama ilə erməni ictimaiyyətinə, xüsusilə “hakimiyyət yeni gizli razılaşmaya gedir” iddiası üzərindən anti-təbliğat aparan qruplar qarşısında “Qarabağadan imtina etmədiyini” göstərir.

Proseslərin inkişafı 44 günlük müharibədən öncəki vəziyyəti xatırladır və sual yaranır: Paşinyan sərhəddə və Qarabağda həlledici toqquşmanı yetişdirir?

Previous articleİxtisas seçərkən bunları mütləq edin – Ekspert
Next articleBu gün Aşuradır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here