Home Cəmiyyət Muxtar respublika gömrük orqanlarının yarımillik fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

Muxtar respublika gömrük orqanlarının yarımillik fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

262
0

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin birinci yarısı ərzində görülmüş işlər müzakirə olunub. Bu məqsədlə keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət davam etdirilib.

Vurğulanıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb, Sədərək gömrük-sərhəd buraxılış məntəqəsi üçün qurulan müasir kompleksdə son tamamlanma işləri görülüb. Naxçıvan Şəhər Gömrük İdarəsinin ərazisindəki kinoloji xidmətin iş şəraiti daha da yaxşılaşdırılıb.

Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, gömrük müayinələri və rəsmiləşmələr sürətləndirilib. Qlobal mövqetəyinetmə sistemi olan GPS-lərdən geniş istifadə ilə yük nəqliyyat vasitələrinə və onların daşıdığı yüklərə nəzarət daha da gücləndirilib, saxta valyutanı müəyyənləşdirən müasir yoxlama qurğularının alınması ilə gömrük orqanlarında bu sahəyə diqqət artırılıb. Gömrük müayinəsinin keyfiyyətini artırmaq məqsədilə yeni videoskop və baxış aynaları alınıb.

Komitə sədri qeyd edib ki, hesabat dövrü ərzində muxtar respublika gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması üçün müəyyən olunmuş 12 milyon 798 min manata qarşı, 14 milyon 275 min manat vəsait toplanaraq proqnoz-tapşırığa 111,5 % əməl edilib. Nağdsız əməliyyatların həcminin artırılması üçün gömrük orqanlarında ödəmə terminallarından istifadə diqqətdə saxlanılıb.

Muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 60 ölkə ilə ticarət əməliyyat aparılıb, ixracın həcmi 57,8 % artıb. İxrac əməliyyatları əsasən İran İslam Respublikası, Gürcüstan Respublikası, Yəmən Respublikası, Əfqanıstan Respublikası, Polşa Respublikası, İtaliya Respublikası, Rusiya Federasiyası və Türkiyə Respublikası ilə həyata keçirilib.

Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin gücləndirildiyini vurğulayan Komitə sədri yeni risk profillərinin formalaşdırılması ilə risklərin idarə olunması işinin səmərəliliyinin artırıldığını qeyd edib.

İclasda vurğulanıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. 2021-ci ilin muxtar respublikamızda “İxrac ili” olması ilə əlaqadar ixrac olunan bütün malların güzəştli formada rəsmiləşməsi təmin edilib, kənd təsərrüfatı məhsullarının ixracına köməklik göstərilib, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən ixracatçıların sayının artırılması ilə muxtar respublikanın ixrac potensialının gücləndirilməsinə dəstək verilib.Dövlət Proqramlarının icrası ilə əlaqədar xaricdən yerli istehsal sahələrinin və ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.

Koronavirus pandemiyasına qarşı mübarizə və ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin olunması məqsədilə muxtar respublikanın bütün gömrük-sərhəd buraxılış məntəqələrində dezinfeksiya işləri müntəzəm şəkildə aparılıb, lazımi profilaktik tədbirlər davam etdirilib.

Gömrük orqanlarında kadr potensialının gücləndirilməsi və əməkdaşların peşəkarlığının artırılması məqsədilə ixtisaslaşma və təkmilləşmə proqramlarının həyata keçirildiyini vurğulayan komitə sədri “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təlimlərdə 84 əməkdaşın iştirak etdiyini, haliyədə “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi və sərnişin keçid zallarında işin təşkili” mövzusunda təlimlərin davam etdirildiyini qeyd edib.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən də danışan Komitə sədri daxili bazarın qorunması və idxalın tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icrasının nəzarətdə saxlanılacağını qeyd edib.

Səhət Həbibbəyli elektron bəyanetmə işinin sürətləndirməsi, mallara aid kodların düzgün və sürətli şəkildə verilməsinin təmin edilməsi, rəsmiləşmə məmurlarının bacarıq səviyyəsinin yüksəldilməsi, gömrük işi sahəsində elektron xidmətlərdən istifadənin genişləndirilməsi, muxtar respublikaya gətirilən malların keyfiyyətinə nəzarətin artırılması, standartlara uyğun olmayan malların idxalının qarşısının alınması, ailə təsərrüfatları və sahibkarlıq subyektləri ilə əməkdaşlığın gücləndirilməsi, ixracın təşviqi ilə bağlı əlavə tədbirlərin görülməsi, dövlətimiz tərəfindən yaradılan müasir maddi-texniki bazadan səmərəli istifadə olunması, peşə borcunun yerinə yetirilməsinə və nizam-intizama ciddi əməl olunması ilə bağlı tapşırıqlar verib.

Kollegiya iclasında Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin böyük inspektoru, gömrük xidməti leytenantı Turqut Abbasovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması, Audit bölməsinin böyük inspektoru, gömrük xidməti mayoru Yaqub Əliyevin aparılmış audit yoxlamalarının nəticələri barədə məruzələri, “Naxçıvanterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti polkovniki Namiq Şıxəliyevin Birliyin 2021-ci ilin birinci yarısı ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib.

Kollegiya iclasına yekun vuran komitə sədri ölkəmizdə müəllifi ümummilli liderimiz Heydər Əliyev olan inkişaf, sabitlik və rifahın möhkəmləndirilməsinə töhfə verilməsi, gömrük xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün bundan sonra daha səylə çalışılacağını bildirib.

Sonda kollegiya iclasının qərar hissəsi oxunaraq qəbul edilib.

Həsənova Nəzakət
Şəhid ailələrinə Maddi və mənəvi dəstək ictimai birliyinin sədri

SONY DSC
NSONY DSC
Previous articleDövlət Gömrük Komitəsi və AMADA arasında görüş keçirilib
Next articleHello world!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here